PDF Oxu

Siyasət

  • 25

Düzgün sosial-iqtisadi strategiya regionların inkişafını sürətləndirir

Düzgün sosial-iqtisadi strategiya regionların inkişafını sürətləndirir

Daşkəsən rayonunun ucqar dağ kəndlərinin qazlaşdırılması əhalinin böyük sevincinə səbəb olub

Dinamik inkişaf tempinə malik olan Azərbaycanın iqtisadi tərəqqisinin əsasında dayanan mühüm faktorlardan biri də çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsidir. Məlumdur ki, bu gün paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanılır. Məhz təsdiq və icra olunan "Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı" çərçivəsində çoxsaylı, əhəmiyyətli infrastruktur layihələri həyata keçirilib. Məqsəd Bakı və onun mərkəzilə yanaşı, ətraf qəsəbələr və bölgələr arasında fərqi aradan qaldırmaqdır.

Dünən Daşkəsən rayonunun ucqar 3 dağ kəndinin qazlaşdırılması bu deyilənlərin məntiqi nəticəsidir. Daşkəsən rayonunun Zağalı, Qazaxyolçular və Qaraqullar kəndlərinə mavi qazın verilməsinin təntənəli açılışilə bağlı keçirilən tədbirdə rayonun müəssisə və təşkilatlarının rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri açan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun dağ kəndlərinə ilk dəfə mavi qazın verilməsi münasibətilə sakinləri təbrik etdi və rayona göstərilən diqqət və qayğıya görə ölkə başçısı, çox hörmətli Cənab Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından təşəkkürlərini və dərin minnətdarlığını bildirdi: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında, respublikamızın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da geniş tikinti-quruculuq və abadlıq işləri aparılır, ucqar dağ kəndlərinə yollar çəkilir, körpülər inşa olunur, su, elektrik, qaz təchizatı yaxşılaşdırılır. Ölkə rəhbərliyinin tapşırıq və göstərişilə rayonumuzda müxtəlif sahələrdə aparılan işlərin nəticəsidir ki, bu gün ucqar dağlar qoynunda yerləşən Daşkəsən rayonu özünün ən sürətli inkişaf dövrünü yaşayır, problemli məsələlər də öz müsbət həllini tapır və davamlı inkişaf gedir.

Bildiyiniz kimi, uzun müddətdir ki, Daşkəsən rayonunun bir çox yaşayış məntəqələrinin qazlaşdırılması ciddi bir problem olaraq qalırdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Daşkəsən rayonuna səfərindən sonra onların tapşırıq və tövsiyələri, diqqət və qayğıları sayəsində belə ciddi məsələlərin həlli qısa müddət ərzində reallaşaraq həyata keçirilir".

Ə.Abıyev onu da vurğulayıb ki, regionların inkişafilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir: "Bütövlükdə, regionların inkişafilə bağlı həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər bunu deməyə əsas verir ki, Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən beynəlxalq birliyə uğurla inteqrasiya edir. Bu gün paytaxtda və respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanılır. Həyata keçirilən dövlət proqramları regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yüksəldilməsi istiqamətində mühüm tədbirləri özündə birləşdirir. Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin iştirakilə Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimi ölkəmizin tarixində böyük bir hadisədir. Bu haqda dövlət başçısı mərasimdə çıxışı zamanı bildirmişdir: "Biz Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. Bundan sonra Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək".

Rayon rəhbəri onu da bildirib ki, Prezident İlham Əliyev bütün çıxışlarında olduğu kimi, söyügedən mərasimdə də bildirib ki, bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır: "Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanın çox güclü düşünülmüş sosial siyasəti vardır və insan amili bu siyasətin mərkəzində dayanır". Məhz qüdrətli dövlətimizin güclü iqtisadiyyatı sayəsində qarşıya qoyulmuş bütün məqsədlərə nail olunur, eyni zamanda sosial layihələrin həyata keçirilməsi mümkünləşir. Qəbul olunan proqramlar bütün ölkəni əhatə edərək ən ucqar dağ kəndlərimiz belə abadlaşdırılır. Bunun əyani təzahürünü bu gün açılışına toplaşdığımız tədbir bir daha sübut etməklə yanaşı, ölkə Prezidentinin xalqına olan diqqət və qayğısının sübutudur".

Ə.Abıyev, həmçinin bildirib ki, 377 abonenti olan Zağalı, Qazaxyolçular və Qaraqullar kəndlərinə uzunluğu 17173 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib: "Bu qazlaşdırılmanın həyata keçirilməsi 1330 nəfər əhalinin yaşadığı Zağalı, Qazaxyolçular və Qaraqullar kəndləri sakinlərinin fasiləsiz mavi yanacaqla təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda, layihə üzrə ətraf kəndlərə də təbii qaz xəttinin çəkilişi davam etdiriləcəkdir".

Rayon rəhbəri Əhəd Abıyev bir daha sakinlərini bu münasibətlə təbrik etdi və ölkə Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bütün rayon ictimaiyyəti adından daşkəsənlilərə göstərilən bu diqqət və qayğıya görə dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

Tədbirdə Şəmkir Regional Qaz istismarı İdarəsinin rəisi Orucəli Məmmədov, qazlaşdırılmış kənd sakinləri adından Fidail Həsənov çıxış etdilər, ölkə rəhbərinə minnətdarlıqlarını çatdırdılar.

Tədbirdə, həmçinin rayonun qaz istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə Maksim Cəfərov, Nəbi Hüseynov, Ceyhun Tağıyev Daşkəsən rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edildilər.

Tədbirin sonunda açılışa toplaşmış rayon sakinlərinin alqış sədaları altında Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun Zağalı, Qazaxyolçular və Qaraqullar kəndlərinə ilk dəfə təbii qaz verilməsinin rəmzi əlaməti olan məşəli alovlandırdı.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər