Məlum olduğu kimi, son günlərdə Milli Təhlükəsizlik Nazirliyinin rəhbər strukturlarında həyata keçirilən struktur və kadr dəyişiklikləri, eləcə də Nazirliyin vəzifəsinin icrasında ciddi nöqsanlara yol vermiş əməkdaşlarının tutduqları vəzifələrdən azad edilərək müvafiq orqanlar tərəfindən məsuliyyətə cəlb edilmələri ictimaiyyət arasında böyük əks-səda doğurub. Yayılan məlumatlardan aydın olur ki, Nazirliyin bir sıra əməkdaşlarının xidməti vəzifələrindən sui-istifadə edərək maddi mənfəət əldə etmək məqsədilə sahibkarlardan hədə-qorxu yolu ilə külli miqdarda vəsait tələb etməsi, vəzifəli şəxslərin, iş adamlarının telefonlarının qanunsuz dinlənilməsi çoxsaylı faktlar əsasında ifşa olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev son zamanlar çıxışlarında sahibkarların işinə əsassız maneələrin törədilməsi hallarına geniş toxunmuş, bu cür əməlləri törədən şəxslərə dəfələrlə xəbərdarlıq etmişdi. Son olaraq, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkə rəhbəri sahibkarların işində qanunsuz yoxlamaların aparılması, onlardan haqq, rüşvət alınması hallarında əli olanların cəzalandırılacağını qəti şəkildə bəyan etdi. Bunun ardınca Milli Təhlükəsizlik Nazirliyinin bir sıra əməkdaşlarının vəzifələrindən azad edilməsi dövlət başçısının məmur özbaşınalığının, korrupsiyanın aradan qaldırılması sahəsində möhkəm siyasi iradəsini bir daha nümayiş etdirdi.
Milli Təhlükəsizlik Nazirliyi kimi mühüm güc strukturunda aparılan bu dəyişiklik bir daha təsdiq edir ki, Azərbaycanda hüququn aliliyi hökm sürür və heç kim qanunlardan yüksəkdə dayanmır, hər bir kəs dövlət və xalq qarşısında üzərinə götürdüyü vəzifə və missiyanın yerinə yetirilməsinə görə cavabdehlik daşıyır və öhdəliklərini layiqincə yerinə yetirməlidir. Bu hadisə bir tərəfdən, Prezident İlham Əliyevin güclü dövlət quruculuğu siyasətinin əsasında dayanan məqamlardan birinin dövlət idarəçiliyi sahəsində keyfiyyət və səmərəliliyin əldə olunmasında struktur və kadr islahatlarının həyata keçirilməsi olduğunu təsdiq edir. Digər tərəfdən, bu hadisə ilə məmur vəzifəsinin öhdəlikləri, xalq və dövlət qarşısında məsuliyyət, məmur etikası və vəzifəli şəxslərin mənəvi keyfiyyətləri məsələlərini bir daha diqqət mərkəzinə gətirdi.
Məmur öz işinin məsuliyyətini dərk etməlidir
Hər bir kəs miqyasından asılı olmayaraq, gördüyü işə məsuliyyətlə, vicdanla yanaşmaqla həm cəmiyyətə fayda verir, həm də ölkəsinin inkişafında az da olsa pay sahibi olur. Elə peşələr də vardır ki, onlar birbaşa olaraq, sahibinin üzərinə xalqa, dövlətə xidmət məsuliyyətini qoyur. Xüsusən də məmur peşəsi bu missiyanı üzərinə götürən insanda vətənpərvərlik, peşəkarlıq, təvazökarlıq, məsuliyyət və digər bu kimi keyfiyyətlərin olmasını tələb edir.
Bildiyimiz kimi, dövlət məmurlarının vəzifə borclarını layiqincə yerinə yetirməsi Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Ölkə başçısı dəfələrlə öz nitqlərində layiqli məmuru səciyyələndirən keyfiyyətləri xarakterizə edərək, fəaliyyətində ciddi nöqsanlara yol verən şəxsləri törətdikləri əməllərdən çəkinməyə çağırıb. Xatırladaq ki, dövlət başçısı 2014-cü ildə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı da məmur məsuliyyətindən geniş bəhs etmişdi: "Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin".
Göründüyü kimi, dövlət başçısı bu sözləri ilə nümunəvi məmur obrazının konturlarını aydın cızıb.
Hər bir məmur xalqının xidmətçisi olmalıdır
Qeyd edək ki, Azərbaycanda layiqli məmurların yetişməsi üçün geniş təcrübə və irs mövcuddur. Bu təcrübə və irsin əsasını Ümummilli lider Heydər Əliyevin istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə nümayiş etdirdiyi yüksək idarəçilik səriştəsi, xalqa bağlılığı, Vətənə xidməti, ziyalılığı, qanunlara və ali mənəvi prinsiplərə sadiqliyi ilə yaratdığı idarəçilik məktəbi təşkil edir. Bu baxımdan, Heydər Əliyev irsinin öyrənilməsinin vacib tərəflərindən biri məhz layiqli kadrların, məmur təbəqəsinin formalaşdırılmasıdır. Bu məktəbin ən layiqli davamçısı və örnək siması ən məsul vəzifəni yerinə yetirən Prezident İlham Əliyevdir. Özünə olan inamın göstəricisidir ki, dövlət başçısı çıxışlarında məmurlara öz timsalında nümunə də göstərib: "Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər".
Beləliklə, məmurlar necə işləməli olduqlarını aydın dərk etmələri üçün Heydər Əliyev irsini öyrənməklə yanaşı, xalqın etimadı sayəsində 2003-cü ildən bəri Azərbaycan dövlətinin başçısı kimi fəaliyyət göstərən Prezident İlham Əliyevin idarəçiliyindən örnək almalıdırlar. Özünün iradəsi, bilik və bacarıqları, Vətənə, xalqa sədaqəti, yorulmaz əməyi, çalışqanlığı ilə Prezident İlham Əliyev xalqın ona həvalə etdiyi ən məsul və ağır işin öhdəsindən uğurla gəlir. Dövlət başçısının siyasi kursu sayəsində Azərbaycan dünyanın ən təhlükəsiz, sabit və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin siyasi xəttinin və onun nümunəvi dövlət xadimi kimi fəaliyyətinin layiqli davamçısı olan Prezident İlham Əliyev nəinki məmurlara, bütövlükdə, Azərbaycan gəncliyinə və hər bir vətəndaşa örnəkdir. Ölkənin birinci şəxsinin nümunəvi fərdi keyfiyyətləri, öz işinə, missiyasına məsuliyyətlə yanaşması və dövlətin idarəçiliyində iştirak edən hər kəsdən də xalqa, dövlətə qarşı eyni sədaqətliliyi tələb etməsi vəzifəsinə vicdanla yanaşan hər bir məmura əlverişli iş imkanı yaradıb. Bunu daha aydın görmək üçün bəzi xarici ölkələrdəki vəziyyətə nəzər salmaq kifayətdir. Məsələn, Ermənistanda korrupsiyalaşmış və bir çox cinayət əməllərinin himayədarı olan prezident Serj Sarkisyanın rəhbərlik etdiyi sistem mahiyyət etibarilə hər hansı məmurun səmərəli və xalq üçün işləməsinə imkan vermir. Sistem avtomatik olaraq ona uyğun gəlməyən şəxsləri ya sıradan çıxarır, ya da mənəvi cəhətdən aşındıraraq, korrupsiylaşdıraraq özünə uyğunlaşdırır. Azərbaycanda isə əksinə, sağlam idarəçilik sistemi mövcuddur. Bu sistem özlüyündə hər bir məmurdan qanunlara əməl etməyi, vəzifəsini layiqincə icra etməyi tələb edir. Ölkədə həyata keçirilən kadr siyasəti dövlət vəzifələrində yalnız vətənpərvər, bilikli, məsuliyyətli, qısası, layiqli şəxslərin çalışmasına yönəlib. Vəzifəsini yerinə yetirməkdən boyun qaçıranlar, hansısa əyri yollarla əlavə mənfəət əldə etməyə çalışanlar, ölkənin milli maraqlarına zərbə vurmaq niyyəti güdənlər isə sistemə yad ünsürlər kimi xaric edilirlər.
Etimadı doğrultmayan və islah olunmayan məmurlar cəzalandırılır
Artıq qeyd olunduğu kimi, bəzi məmurlar onlara göstərilən yüksək etimadı doğrultmur, korrupsiya və rüşvətxorluğa yoluxmaqla, özünü xidmət göstərməli olduğu cəmiyyətdən üstün sayaraq, vətəndaşların problemlərinə etinasız yanaşmaqla, yaxud dövlətin maraqlarını özlərinin hansısa korporativ, maddi mənafelərinə qurban verməklə, əqidəsizlik nümayiş etdirməklə məmur adına, ümumiyyətlə, yüksək dəyərlər sahibi olan heç bir şəxsə yaraşmayan əməllərə yol verirlər. Əlbəttə ki, daşıdığı məsul dövlət vəzifəsində özünü doğrultmayan məmurlara qarşı qanunlara uyğun şəkildə xəbərdarlıq tədbirləri görülür. Öz işinin öhdəsindən gələ bilməyən, xəbərdarlıqlardan nəticə çıxarmayan, xalqa və dövlətə xəyanət yolunu tutan məmurlar isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada cəzalandırılırlar. Cəza tədbirləri məmurun vəzifəsinin böyüklüyündən asılı olmayaraq, ardıcıl nöqsanlara yol vermiş, dövlət maraqlarına xəyanət etmiş, xalqdan üz çevirmiş hər bir kəsə tətbiq olunur. Keçmiş səhiyyə naziri Əli İnsanovun, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, keçmiş maliyyə naziri Fikrət Yusifovun, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin, "Azərkimya" Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovun və digərlərinin məsuliyyətə cəlb edilməsi və həbsi buna nümunədir.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində ən müxtəlif sferalarda neqativ əməllər törədərək, səlahiyyətlərindən kənara çıxan, qanunun tələblərini və vətəndaşların hüquqlarını pozan məmurlarla bağlı müvafiq addımlar atılır. Dövlət başçısı öz çıxışlarında dəfələrlə sıravi vətəndaşları, ölkə ictimaiyyətini bu sahədə yardımçı olmağa, neqativ hallarla bağlı müvafiq qurumlara müraciətlər etməyə, ayıq-sayıq olmağa çağırıb. Dövlət başçısının korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizəsinin geniş ictimaiyyət və xalq tərəfindən dəstəklənməsinin nəticəsidir ki, həyata keçirilən kadr dəyişiklikləri və islahatları cəmiyyət tərəfindən daim müsbət qarşılanır və ölkə rəhbərinə olan etimadı daha da artırır.
Dövlət siyasətinin mərkəzində hər bir Azərbaycan vətəndaşının rifahı, mənafeyi və təhlükəsizliyi dayanır
Görülən tədbirlər dövlətçiliyimizin güclənməsinə, vətəndaşlarımızın daha azad, təhlükəsiz və firavan ölkədə yaşamasına xidmət edir. Ümumiyyətlə, həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi təqribən 5 faizə endirilib, əhalinin gəlirlərinin davamlı artımı təmin edilib, xüsusi qayğıya ehtiyacı olan ailələrə müavinətlərin, ünvanlı yardımların verilməsi təmin edilib. Bundan əlavə, ölkədə biznes mühiti yaxşılaşdırılıb, özəl sektorun inkişafına geniş şərait yaradılıb. Daxildəki uğurlarla bərabər, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, mühüm idman və mədəniyyət tədbirlərinin keçirildiyi ölkə, mədəniyyətlərarası dialoq məkanı imicini qazanıb.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyən, milli maraqlara və öz vəzifəsinə sədaqət nümayiş etdirən geniş kadrlar ordusu mövcuddur. Dövlətlə xalqın həmrəyliyi, bir-birinə sıx bağlılığı sayəsində bu gün Azərbaycan vətəndaşlarının rifah və təhlükəsizlik mühitində yaşadığı sabitlik adasına çevrilib. Xüsusən də son illərdə dünyanın müxtəlif yerlərində, o cümlədən qonşu regionlarda yaşanan olaylar, humanitar böhran, alovlanan münaqişələr, siyasi qarşıdurmalar, iqtisadiyyatın çöküşü, insanların dinc və təhlükəsiz yaşamaq imkanlarından məhrum olması fonunda Azərbaycandakı sabitlik mühiti bir çox xarici müşahidəçilərdə heyrət doğurur. Əlbəttə ki, bunun başlıca səbəbi ölkə rəhbərliyinin xalqa xidmət etməsi, cəmiyyətin də bunu anlaması və dövləti dəstəkləməsidir. Dövlət-cəmiyyət, iqtidar-xalq birliyinin möhkəm olduğu təqdirdə kənardan milli birliyi pozmağa yönələn cəhdlər və təxribatlar iflasa məhkumdur. Bütün bunlar Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının təzahürləridir.
Newtimes.az