Noyabrın 1-də KİV nümayəndələrindən ibarət üç qrup Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində səsvermə prosesini müşahidə ediblər.AZƏRTAC-ın əməkdaşının da iştirak etdiyi qrup 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində seçkilərin gedişini izləyib. 14 saylı Xəzər dairə seçki komissiyasının 2, 9, və 17 saylı cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən 37, 38, 39 saylı seçki məntəqələrində səsvermə hüququ olan məhkumlar səs veriblər. Bu məntəqələrdə məhkumların səs vermələri üçün hər cür şərait yaradılıb.38 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyasının sədri Sərdar Məmmədov jurnalistlərə bildirib ki, artıq məhkumların çox hissəsi istədikləri namizədə səs verib. Seçkilərin gedişində qanun pozuntusu qeydə alınmayıb. Müəssisə rəhbərliyi tərəfindən səsvermə prosesinə müdaxilə halları baş verməyib. Məhbuslar ruh yüksəkliyi ilə seçkidə iştirak edir və özlərinin layiq bildikləri namizədə səs verirlər.Məhkumlar Mais Nəcəfov, Qabil Əlizadə, Vasif Əliyev bildiriblər ki, səsvermə azad, demokratik şəraitdə keçir. Məhkumlara öz seçimlərini sərbəst şəkildə etmək üçün hər cür şərait yaradılıb. Seçimimizi etdik və istədiyimiz namizədə səs verdik. Seçkilərdə iştirak etmək üçün müəssisə rəhbərliyi tərəfindən bizə tam şərait yaradılıb və namizədlərin platforması ilə tanış olmuşuq.39 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyasının sədri Mübariz Zeynalov isə qeyd edib ki, məntəqədə səsvermə prosesi səhər saat 8:00-dan başlayıb və heç bir problem qeydə alınmayıb. Məhkum seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər. Seçki tam şəffaf keçir. Məhkumlar sərbəst şəkildə istədikləri namizədə səs verir. Müəssisələrdə seçkilərlə bağlı lazımi maarifləndirmə işləri aparılıb.KİV nümayəndələrinin müşahidələr apardıqları cəzaçəkmə müəssisələrində heç bir qanun pozuntusu qeydə alınmayıb. Məhkumlar MSK-nın müəyyənləşdirdiyi formada hazırlanan xüsusi vəsiqələri təqdim edərək səs verirlər.Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində 14 seçki dairəsi üzrə 24 seçki məntəqəsi fəaliyyət göstərir.
AZƏRTAC