Seçkilərin şəffaflığı üçün bütün şərait yaradılmışdı
Dünən ölkəmizdə parlament seçkiləri keçirilib. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də xalq öz dəstəklədiyi namizədlərə səs vermək üçün seçki məntəqələrində yüksək aktivlik nümayiş etdirdi. Seçkini çoxlu sayda xarici və yerli müşahidəçilər izləyib. Budəfəki seçkilərdə də azad, şəffaf və ədalətli seçki prinsipləri çərçivəsində seçki prosesi üçün demokratik mühit formalaşdırılmışdı. Eyni zamanda, bir neçə yerli və xarici təşkilatlar "Exit-Poll" sorğusu keçiriblər. Məntəqələrdə quraşdırılan veb-kameralar vasitəsilə istənilən şəxs hətta evində oturmaqla seçkinin gedişatını müşahidə edə bilərdi. Bu isə seçkinin şəffaflığı yolunda atılan uğurlu addımlardır.
Başlanğıcdan sonacan uduzan müxalifətdən bundan başqa nə gözləmək olardı?!
Dağıdıcı müxalifət partiyaları bu seçkidə də öz təxribatlarından geri qalmadılar. Müxalifət tərəfindən əvvəlcədən hazırlanmış təxribat qrupu seçki prosesinə müxtəlif formalarda müdaxilə etdilər. Onlar komissiya üzvlərinin, müşahidəçilərin fəaliyyətinə mane olmağa, süni gərginlik törətməyə, səsverməyə gələn seçicilərdə çaşqınlıq yaratmağa, bununla da normal seçki prosesini pozmağa çalışıblar. Hər vəchlə seçki prosesinin gedişatına əngəl törətmək istəyiblər. Bu məqsədlə, xüsusi hazırlanmış qruplara, hətta saxta jurnalist vəsiqəsi, foto və video çəkiliş aparmaq üçün texniki avadanlıqlar paylanıb. Onlar məntəqələrin qarşısında və içərisində öncədən planlaşdırılmış "ssenarilər" əsasında öyrədilimiş şəxslərdən müsahibələr alıb, foto və video çəkilişlər aparıblar. Eyni zamanda, hazırladıqları dezinformasiyaları və saxta materialları sosial şəbəkələr vasitəsilə yaymaqla məşğul idilər. Təəccüblənməli heç nə yoxdur. Axı başlanğıcdan sonacan uduzan müxalifətdən bundan başqa nə gözləmək olardı?!
Məkrli məqsədləri əvvəldən bəlli idi
Heç bir sosial bazası olmayan dağıdıcı müxalifət partiyaları seçkiləri boykot etməklə əvvəlcədən acı məğlubiyyətlərini qəbul etdilər və özlərini "siğortalamış" oldular. Seçki müşahidəçiləri arasında kifayət qədər çox dağıdıcı müxalifətin və eyni mövqedən olan hərəkatların üzvləri var idi. Namizədlərini geri çəkib müşahidəçilərini saxlayan bu qüvvələrin məkrli məqsədləri burdan bəlli olurdu: müxtəlif təxribatlar, süni gərginliklər yaratmaqla seçki prosesinin şəffaflığına kölgə salmaq.
"Ağsaqqalı" belə edirsə, cavanından nə gözləyəsən?
"Azadlıq-2015" seçki blokundan deputatlığa namizəd Pənah Hüseyn seçki zamanı qanunazidd hərəkətlərilə yadda qalıb. O, bir neçə məntəqəyə gələrək orada öz təbliğatı-təşviqatilə məşğul olub, açıq-açığına orada olan seçiciləri ona səs verməyə çağırıb, dövlət və dövlətçilik əleyhinə şüarlar deyib, Məntəqə Seçki Komissiyasının üzvlərini təhqir edərək bir sıra digər qanunsuz hərəkətlərə yol verib. Hətta sonda seçici hüquqlarını kobudcasına pozaraq, bülletenləri onların əllərindən alaraq ərazini tərk edib. "Ağsaqqalı" belə edirsə, cavanından nə gözləyəsən?
Bu qədər alçalmaq olarmı?!
Seçkiləri boykot edənlərdən biri də REAL hərəkatı idi. Niyə etdiyi onsuz da məlum idi. Amma seçki prosesində hərəkət müşahidəçisinin etdiyi qanunsuz, hətta utanverici hərəkətilə əsl məqsədi bir daha aydın oldu. REAL-ın müşahidəçisi seçki məntəqəsində seçkiyə nəzarət edən xanımların şəkillərini şantaj məqsədilə çəkərək Facebook səhifəsində yerləşdirib. Bu qədər alçalmaq olarmı?! Qınamıyın, xislətləri belədir!
Azərbaycandakı seçkilər bir çox dünya ölkələrinə nümunədir
Seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələrinin fikrincə, seçkilər kifayət qədər şəffaf keçirilib. Seçici aktivliyilə müşahidə olunan seçki prosesinin gedişatında hər bir seçici rahat və heç bir süni maneə yaradılmadan istədiyi namizədə səs verərək dəstək olub. Hətta xarici müşahidəçilər Azərbaycanda keçirilən seçkiləri bir çox dünya ölkələrinə nümunə kimi təqdim ediblər.
Əminik ki, xalqımız bu dəfə də düzgün seçim edib
Gənc və müstəqil Azərbaycan dövləti hər seçkidən-seçkiyə bu prosesin daha şəffaf və ədalətli baş tutması üçün yüksək seçki texnologiyasından istifadə edir. Seçicilərimizdə isə artıq seçki mədəniyyəti çoxdan formalaşıb. Onlar başa düşürlər ki, seçkilərdə iştirak edib öz iradələrini ortaya qoymaqla Azərbaycanın gələcək yolunu müəyyənləşdirirlər. Bu yolun inkişafdan, yaxud tənəzzüldən keçməsi isə onların düzgün seçib edib-etməmələrindən asılıdır. Əminik ki, xalqımız bu dəfə də düzgün seçim edib.
Tofiq Rəfailoğlu