PDF Oxu

Siyasət

  • 26

AZƏRBAYCANDA SEÇKİLƏR AZAD VƏ DEMOKRATİK ŞƏKİLDƏ BAŞA ÇATDI

AZƏRBAYCANDA SEÇKİLƏR AZAD VƏ DEMOKRATİK ŞƏKİLDƏ BAŞA ÇATDI

1 noyabr 2015-ci il tarixində keçirilən növbəti parlament seçkiləri Azərbaycanda ictimai-siyasi fəallığın kifayət qədər yüksək olduğunu təsdiqləyir. Milli Məclisə beşinci çağırış seçkilərin nəticələri ölkəmizdə mövcud şəffaf, demokratik, ədalətli seçkilər ənənəsinin getdikcə daha da dərinləşib möhkəmləndiyini göstərir. Bu, heç də təsadüfi deyil. Bütün sivil, demokratik, dünyəvi ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki prosesinə hər zaman böyük ictimai maraq göstərilir. 1 noyabr parlament seçkilərilə bağlı təbliğat-təşviqat kampaniyasının gedişində Milli Məclisin qanunvericilik fəaliyyətinə aktiv münasibət bildirilməsi, millət vəkili seçilməyə iddialı namizədlərin ictimai-siyasi fəaliyyətinin ciddi təhlil olunması, qiymətləndirilməsi, prinsipcə, arzuolunan, təqdirəlayiq haldır. Məhz bunun nəticəsidir ki, seçicilər parlament seçkilərində çox fəal iştirak ediblər. Bütün bunlar, ölkəmizin tərəqqisi, inkişafı, Azərbaycanda parlamentarizm ənənəsinin, qanunvericilik sistemi və bazanın daha da təkmilləşməsi baxımından, olduqca böyük əhəmiyyət kəsb edir.

Yeni Azərbaycan Partiyası layiqli qələbə qazanıb

İstənilən seçkidə ictimai-siyasi qüvvələrin, siyasi partiyaların aktivliyi, seçki prosesində bu və ya digər dərəcədə uğur qazanmğa səy göstərməsi tam təbii və gözləniləndir. Amma bu zaman sağlam siyasi rəqabətin aparılması, seçki qanunvericiliyinin tələblərinə riayət edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, dağıdıcı müxalifətin təmilçiləri, ötən seçkilərdə olduğu kimi, bu dəfə də "ənənə"lərinə sadiq qalıblar. Onlar seçki kampaniyası başladığı andan indiyədək seçki prosesinin gedişini, eləcə də, səsvermənin nəticələrini uğursuz şəkildə şübhə altına almağa səy göstəriblər. Bu, bir daha onu göstərir ki, seçkilərdə acınacaqlı məğlubiyyətə düçar olan radikal düşərgə həmişəki kimi ləyaqətlə uduzmağı - öz məğlubiyyətini həzm etməyi bacarmır. Odur ki, radikallar bu parlament seçkilərində də seçki kampaniyasına kölgə salmağa, ciddi təşviqat aparmaq əvəzinə, təxribat xarakterli fikirlər səsləndirməklə məşğul olublar. Onlar bununla bağlı, başladıqları "qara piar" kampaniyasını daha iyrənc formada davam etdirirlər.

Aydındır ki, müxalifət partiyalarını nə ayrılıqda, nə də birlikdə hər hansı formada növbəti dəfə parlament seçkilərinin favoritinə çevrilən Yeni Azərbaycan Partiyasilə müqayisə etmək mümkün deyil. Populyarlığına, reytinqinə, cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə gedən bu partiyanın siyasi qüvvə kimi ölkədə real, ciddi alternativi yoxdur. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası indiyədək iştirak etdiyi bütün seçkilərdə - prezident, parlament, bələdiyyə seçkilərində birmənalı şəkildə, böyük səs çoxluğu ilə layiqli qələbə qazanıb. Odur ki, 1 noyabr seçkilərində qazanılan növbəti möhtəşəm qələbə, məntiqi qanunauyğunluq kimi, Yeni Azərbaycan Partiyasının ardıcıl qələbələr seriyasını tamamlayır. Bu seçkilərdə partiyanın növbəti böyük, inamlı qələbəsi xalqın böyük dəstəyi, seçicilərin mütləq əksəriyyətinin məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməsi sayəsində əldə edilib. Partiyanın inamlı qələbə qazanmasında Yeni Azərbaycan Partiyası namizədlərinin uğurla həyata keçirilən təbliğat-təşviqat kampaniyası, seçicilərlə qurulan fəal, səmimi ünsiyyət də mühüm rol oynayıb. Seçkilərə "Yeni hədəflərə doğru!" şüarilə qatılan YAP ölkənin aparıcı siyasi təşkilatı kimi, Azərbaycanı tərəqqiyə, rifaha aparan alternativsiz ictimai-siyasi qüvvə olduğunu qazandığı inamlı qələbə ilə təsdiqləyib.

Mütləq qələbə ilə nəticələnən uğurlu seçki strategiyası

Bütün bunlarla yanaşı, hakim Yeni Azərbaycan Partiyası ötən seçki başa çatan kimi, növbəti parlament seçkilərinə hazırlaşmağa başlamışdı. Seçkilərə və seçicilərə münasibətdə göstərilən bu həssaslıq nəticə etibarilə, bu gün partiyanı yenidən Milli Məclisə beşinci çağırış seçkilərin qalibinə çevirib. Hər bir seçkini çox əhəmiyyətli hesab edən Yeni Azərbaycan Partiyası malik olduğu yüksək potensiala, siyasi gücünə baxmayaraq, bu seçkilərə böyük səylə, xüsusi diqqətlə hazırlaşmışdı. Bu mənada, YAP parlament seçkilərinə qatılarkən hər bir rəqibini, onun potensialını, siyasi hazırlığını, intellektual potensialını, mübarizə taktikasını və strategiyasını hərtərəfli qiymətləndirmiş və nəzərə almışdı. Başqa sözlə, partiyanın seçki strategiyasında bütün zəruri məqamlar ciddi şəkildə nəzərə alınıb, parlament seçkilərində mümkün fəaliyyət taktikası bütün vacib parametrlər, siyasi reallıqlar nəzərə alınmaqla müəyyənləşdirilib və həyata keçirilib.

Bütün parametrlərə görə, Azərbaycanda alternativsiz siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası seçki təbliğatına hər zaman çox ciddi yanaşır, seçicilərlə fəal iş aparır, geniş ictimaiyyətin maraqlarının müdafiəsinə yönəlmiş çoxsaylı mütərəqqi sosial-siyasi təşəbbüslərlə çıxış edir. Hər zaman Yeni Azərbaycan Partiyası dövlətin, cəmiyyətin, geniş ictimaiyyətin, eləcə də, əhalinin bütün təbəqələrinin maraqlarını tam nəzərə alır. Hazırda YAP Azərbaycanın siyasi səhnəsində kifayət qədər yekcins, monolit, alternativsiz siyasi qüvvə sayılır. Parlament seçkilərinin nəticəsi radikal düşərgənin Yeni Azərbaycan Partiyasına bütün əlamətlərə görə uduzduğunu, YAP-la ciddi rəqabət aparmaq iqtidarında olmadığını bir daha təsdiqləyir.

Belə şəraitdə siyasi cəhətdən yetkin, ideoloji baxımdan təkmil, intellektual baxımından hazırlıqlı, mütəşəkkillik baxımından təkmil, monolitlik baxımından möhkəm və vahid lider ətrafında birləşmiş güclü siyasi təşkilat - Yeni Azərbaycan Partiyasının seçkidə böyük, uğurlu, inamlı qələbəsi zərurətdən doğan təbii nəticə kimi özünü göstərir. Belə vəziyyətdə radikalların qara piara əl atması ümidsizliyin və zəifliyin göstəricisi kimi meydana çıxır.

R.HÜSEYNOVA

Digər xəbərlər