Noyabrın 1-də ölkəmizdə keçirilən parlament seçkiləri tam demokratik prinsiplər əsasında baş tutdu. Bütün seçki kampaniyalarında olduğu kimi, parlament seçkilərinin də azad və ədalətli keçirilməsi üçün dövlətimiz tərəfindən ən zəruri addımlar atılıb. Ölkə üzrə olduğu kimi, Binəqədi rayonunda da seçki məntəqələri noyabrın 1-də səhər saat 8-dən seçki qanununa uyğun olaraq seçicilərin üzünə açılmış və vətəndaşların sərbəst, heç bir maneə ilə üzləşmədən səs verməsi üçün münbit şərait yaradılmışdır. Binəqədi rayon ərazisində mövcud olan dairələrdəki bir çox məntəqələrdə olarkən bu şəffaflığın şahidinə çevrildik.
9 saylı Binəqədi 2-ci Seçki Dairəsi 13 saylı məntəqənin sədri Gülnarə Məhərrəmova məntəqədə seçicilərin sayının 1228 nəfər olduğunu bildirdi: "Seçki prosesində hər hansı pozuntu halı, narazılıq müşahidə ediməyib. Saat 16:00 radələrinə qədər 472 nəfərin səs verib:"Seçkilər hər yerdə olduğu kimi, bizim məntəqədə də böyük seçici fəallığilə müşahidə olunmaqdadır. Məntəqəmizin qeydiyyatında olan Binəqədi sakinləri gələcək inkişafı və yüksək rifahı təmin etmək istəyindən irəli gələrək, məntəqəyə gəlir və seçim etdikləri namizədlərinə səslərini verirlər".
Məntəqədəki məşvərətçi Musayeva Şəhla seçkinin gedişatından razılığını bildirdi. Qeyd etdi ki, hər şey qaneedicidir: "Səhər saatlarından məntəqədəyik və seçicilərin bütün prinsiplərə əsasən iştirakı nəzərimizdən qaçmayıb. Ümid edirik ki, seçki gününün sonuna kimi bu hal davam edəcək". Ana Vətən Partiyasının müşahidəçisi Sevil Hüseynova seçki məntəqəsində həm müxalifətdən, həm iqtidardan olan müşahidəçilərin səsvermənin gedişini sərbəst şəkildə izlədiklərini bildirdi. Ümumilikdə, heç bir gərginlik müşahidə olunmadığını və seçicilərin səs verməsi üçün demokratik şərait yaradıldığını vurğuladı.
Müşahidəçi Murad Məmmədov isə seçicilərin fəallığını, heç bir qanun pozuntusuna, kiminsə seçiciyə təzyiq etməsinə təsadüf edilmədiyini diqqətə çatdırdı. 17 saylı seçki məntəqə komissiyasının sədri Lətifə Bayramova seçki məntəqəsində 1320 seçicinin qeydiyyata alındığını, seçkilərin çox sakit şəraitdə keçirildiyini söylədi:"Seçicilər bu günə qədər aparılan təbliğat-təşviqat kampaniyasından yararlanıb. Öz namizədlərilə tanışdırlar və məntəqədə sərbəst olaraq, səslərini verirlər. Əlil və xəstə olan insanlardan məntəqəmizə kimsə müraciət etməyib. Seçkilər müstəqil Azərbaycanın demokratik prinsipləri əsasında keçirilir".
12 saylı Seçki Məntəqə Komissiyasını sədri Xuraman Hüseynova isə məntəqədə 1236 seçicinin qeydiyyata alındığını bildirdi: "Dövlət tərəfindən demokratik seçki keçirilməsilə bağlı səylər, bütün seçki kampaniyalarında olduğu kimi, bugünkü seçki günündə də özünü göstərməkdədir. Heç bir pozuntu qeydə alınmayıb. Saat 16:45 radələrinə qədər artıq 630 nəfər seçici səs vermişdir". YAP müşahidəçisi İradə Madaşova da öz razılığını dilə gətirdi.
Binəqədi rayonunu 8 saylı Binəqədi Birinci Seçki Dairəsi 9 saylı seçki məntəqəsində, 10 saylı seçki məntəqəsində, 9 saylı Binəqədi İkinci Seçki Dairəsi 6 saylı seçki məntəqəsində, 5 saylı seçki məntəqəsində və başqa məntəqəldə olduğumuz müddətdə seçki məntəqələrinin hamısında həm müxalifətdən, həm iqtidardan olan müşahidəçilərin səsvermənin gedişini sərbəst şəkildə izlədiklərinin şahidi olduq. Demokratik ab-havada keçirilən seçki prosesi vətəndaşların böyük fəallığilə müşahidə olunub. Vətəndaşlar axın-axın seçki məntəqəsinə gələrək, səs vermə hüquqlarından istifadə ediblər.
Səsvermədə iştirak edən seçicilərdə də böyük ruh yüksəkliyi müşahidə olunurdu.
Zümrüd BAYRAMOVA