Noyabrın 1-də azad və demokratik şəkildə baş tutan parlament seçkiləri Azərbaycan dövlətinin inkişafından, müasirləşməsindən xəbər verir. Seçkilərin tam normal, ədalətli şəraitdə keçməsi ölkəmizdə demokratiyanın, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın düşüncə tərzinin formalaşmasilə bağlıdır. Parlament seçkilərində hər bir seçicinin öz iradəsini azad, şəkildə ifadə etməsi üçün yaradılan şəraiti Azərbaycanın bütün bölgələrində olduğu kimi, Suraxanı rayon ərazisində də sezməmək mümkün deyildi.
Məntəqələrdə olduğumuz müddətdə rayonun dairələr üzrə yerli və xarici müşahidəçilər seçkilərin gedişatını çox yüksək qiymətləndirdilər. 31 saylı Suraxanı 2-ci Seçki Dairəsinin 23 saylı seçki məntəqəsinin sədri Həyat Dünyamalıyeva məntəqədə 1489 seçicinin qeydə alındığını və saat 17:50-yə olan məlumata görə, 873 nəfərin artıq səs verdiyini bildirdi. Parlament seçkilərinin azad, və demokratik dəyərlərə uyğun keçirildiyinin qeyd edərək seçicilərin sərbəst şəkildə səsvermədə iştirakını bildirdi: "Seçki məntəqəsində proseslər demokratik tələblərə, beynəlxalq standartlara uyğun təşkil olunub və seçicilər üçün lazımi şərait yaradıldığından, heç bir qanun pozuntusu hallarına rast gəlinməyib. Məntəqəmizdə 16 nəfər müxtəlif partiya və təşkilatların müşahidəçiləri seçki prosesini müşahidə edirlər".
Müstəqil müşahidəçi Elnarə Nəcəfova seçkinin demokratik keçdiyini və hər kəsin platformasını bəyəndiyi namizədinə səsini müstəqil olaraq verdiyini bildirdi.
22 saylı seçki məntəqəsinin sədri Tamella Vəliyevanın sözlərinə görə, məntəqədə 1235 seçici qeydiyyatdadır: "Səhər saatlarından başlayaraq, seçicilər fəallıq nümayiş etdiriblər. Məntəqədə veb-kamera quraşdırılıb. Hər bir seçicinin özünün seçim hüququndan istifadə etməsi baxımından lazımi şərait yaradılıb. Seçki prosesi müxtəlif siyasi partiyaların, eləcə də, müstəqil müşahidəçilərin nəzarəti ilə aparılır. Heç bir qanun pozuntusuna yol verilməyib".
Müstəqil müşahidəçi Elvin Məmmədov da seçkinin təşkilindən və gedişindən öz razılığını ifadə etdi. Seçici Şahin Şahsuvarov isə böyük bayram əhvali-ruhiyyəsilə səsverməyə gəldiyini və demokratiyanın verdiyi imkanlardan maksimum yararlandığını vurğuladı.
18 saylı seçki mənətəqəsini sədri Məlahət Əliyeva 1175 seçicinin qeydiyyatda olduğunu və seçicilərin öz səslərini azad şəkildə ifadə etdiklərini bildirdi: "Bu gün deyərdim ki, məntəqədə xüsusi fəallıq var. Gənclər də, bu seçkilərdə fəaldırlar. Deyim ki, ilk dəfə seçkilərdə iştirak edən gənclərdə daha böyük əhval-ruhiyyə hiss olunur". Müstəqil müşahidəçi Mənsurə Lalayeva, YAP müşahidəçisi Həqiqət Nuriyeva da seçkilərin gedişindən razılıqlarını bildirdilər.
13 saylı seçki mənətəsinin sədri İsmayılova Elmira seçicilərin bu günə qədər aparılan təbliğat-təşviqat kampaniyasından lazımi şəkildə yararlandığının hiss olduğunu bildirdi. Belə ki, seçicilərin öz namizədlərilə tanış olduqlarını və məntəqədə sərbəst olaraq, səslərini verdiklərin diqqətə çatdırdı. Əlil və xəstə olan insanlardan məntəqəyə müraciət etmədiyini söylədi. Müstəqil müşahidəçilər Aynurə Məmmədova, Xanım Qafarova, YAP müşahidəçisi Sahilə Cəfərova da parlament seçkilərinin müstəqil Azərbaycanın demokratik prinsipləri əsasında keçirildiyini və heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirdilər.
14 saylı seçki mənətəqəsinin sədri Şölə Qasımovanın sözlərinə görə, 1215 nəfər məntəqədə seçici qeyd alınıb. Məntəqədə AŞPA-dan olan müşahidəçisi Stefan Şennax da Azərbaycanda keçirilən seçkilərdən razılığını bildirdi. O, qeyd etdi ki, parlament seçkiləri çox demokratik şəkildə keçirilir və seçicilər ardıcıl olaraq məntəqələrə gələrək öz səslərini sərbəst şəkildə ifadə edirlər: "Ən çox diqqətimi çəkən isə müşahidəçilərin sırasında qadınların çoxluq təşkil etməsidir. Bu ölkənizdə qadınlara göstərilən etimadın təzahürüdür. Bir neçə seçki məntəqəsində olmuşam və heç bir qanun pozuntusuna rast gəlməmişəm. Azərbaycan, həqiqətən də demokratik prinsiplərə əsaslanaraq parlament seçkilərini şəffaf və azad keçirir".
30 saylı 1-ci Suraxanı Seçki Dairəsinin 24 saylı seçki məntəqəsinin sədri Musa Abdullayev məntəqədə 1429 seçicinin qeydə alındığını bildirdi: "Deyərdim ki, seçkilər demokratik bir şəraitdə aparılır. Qanun pozuntusuna təsadüf edilməyib. Məntəqəyə gələn seçicilər yüksək səviyyədə təlimatlandırılıblar. Hətta yaşlı insanlar belə məntəqələrə gəlib öz seçimlərini edirlər. Seçki çox demokratik şəkildə keçirilir. Hər kəs gizli şəkildə seçimini etmək iqtidarındadır. Hər şey ədalət prinsipi üzərində qurulub".
Sosial Rifah Partiyasının müşahidəçisi Aygün Şəmsiyeva, Azərbaycan Demokratik İslahatlar Partiyasının müşahidəçisi Nailə Cəfərova da seçkilərin şəffaf keçirildiyini bildirdilər. Qeyd olundu ki, parlament seçkilərində seçicilər fəallıq göstərirlər və onların seçkilərlə bağlı təcrübəsi var.
Azərbaycanda keçirilən növbəti parlament seçkilərində xalqımız demokratiyanın atributu olan seçki hüququndan maksimum bəhrələndilər.
Zümrüd BAYRAMOVA