PDF Oxu

Siyasət

  • 29

Xəzər rayonunda parlament seçkiəri uğurla keçdi

Xəzər rayonunda parlament seçkiəri uğurla keçdi

Azərbaycanda keçirilən V çağırış parlament seçkiləri ölkənin bütün rayonlarında olduğu kimi, Xəzər rayonunda da uğurlu start götürdü. Belə ki, rayonun bütün seçki məntəqələri səhər saat 8:00-dan etibarən qapılarını seçicilərinin üzünə açıb. Artıq səhər saat 10 radələrində seçki məntəqələrində seçicilərin daha böyük fəallığı müşahidə olunmağa başlamışdı. İlk öncə 14 saylı Xəzər Seçki Dairəsinin Dairə-Seçki Komissiyasının (DSK) sədri İmran Qəmbərovla qeyd edib ki, seçicilərdə fəallıq səhər saatlarından hiss olunurdu: "Artıq bütün seçki məntəqələrində seçkilərə start verilib və proses normal şəraitdə davam etdirilir. Saat 12-00-a olan məlumata görə seçicilərin 45 faizi seçkidə iştirak edib. Nəzərinizə çatdırım ki, 40 seçki məntəqəsi üzrə 48423 seçicimiz var". İ.Qəmbərov Dairə-Seçki Komissiyasında xeyli sayda müşahidəçinin də qeydiyyatdan keçdiyini bildirdi: "10 məntəqədə veb-kameralar quraşdırılıb. Bütün məntəqələrdə texniki tələblər təmin olunub, seçkinin tam normal keçməsi üçün hər cür şərait yaradılıb. 333 nəfər yerli müşahidəçi DSK-da qeydiyyatdan keçib. 722 nəfər isə ilk dəfə səs verən seçici kimi siyahıya düşüb. Artıq onların əksəriyyəti səs verib. Seçicilərin əksəriyyəti orta yaşlı insanlardır. Müsanibimiz gün ərzində heç bir şikayətin daxil olmadığını da diqqətə çatdırdı.

Xəzər rayonunda seçkilər başlamazdan əvvəl 14 saylı Xəzər Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə prosesini izləmək üçün ərazidə müşahidə apardıq. Seçki prosesinə tam nəzarət edən məntəqə sədri Elmira Cabarova səsvermənin normal keçdiyini və hər hansı qanun pozuntusunun olmadığını bildirdi. O, qeyd etdi ki, 1356 seçicisi olan məntəqə üzrə saat 10-da 258 nəfər səs verib. E.Cabarova məlumat verdi ki, ilk dəfə səs verən gənclərin əksəriyyəti seçkidə iştirak edib.

Məntəqədə müşahidəçilik aparmaq üçün yerli müşahidəçilərin içərisində muxalifət partiyalarını təmsil edənlər də var.

2 saylı seçki məntəqəsində MnSK sədri Eldəniz Cabarovun rəhbərliyilə seçki qutuları qaydalar çərçivəsində möhürlənib. Prosesi siyasi partiyaları təmsil edən müşahidəçilərlə yanaşı, öz təşəbbüslərilə müşahidəçi qismində fəaliyyət göstərənlər də izləyib. E.Cabarov məlumat verdi ki, məntəqədə siyahı üzrə 1418 seçici qeydiyyatdadır. Saat 10 radələrində 300-dən çox seçici prosesdə iştirak edib. MnSK-da səyyar qutu da var ki, müraciət edənlər üçün günün ikinci yarısında aparılacaq.

14 saylı Xəzər Seçki Dairəsinin 7, 27, 28, 30, saylı saylı məntəqələrində də seçicilər fəal şəkildə iştirak edirdilər. Yerli müşahidəçilərdən YAP-nın təmsilçisi Günel Cəmilova, öz təşəbbüsü ilə Arzu Səfərəliyeva, Minirə Nəcəfəliyeva, BQP-nın təmsilçisi Həmid Əliyev və digərləri qeyd etdilər ki, səsvermə prosesində heç bir prosedura müdaxilə olunmayıb və seçki demokratik seçki standartlarına cavab verib.

14 saylı Xəzər Seçki Dairəsinin 7 saylı Məntəqə Seçki Komissiyasının sədri Təranə Babayeva bildirdi ki, saat 11:00-dək 311 nəfər seçicinin bülleten götürərək qutu başına keçib: "Bütün işlər ən yüksək səviyyədə qurulub. Məntəqədə veb-kamera quraşdırılıb. Məntəqə üzrə 1101 seçicimiz var ki, səsvermə hüququna malikdir."

28 saylı seçki məntəqəsinin sədri Sevinc Babayeva məntəqə üzrə 1261 nəfərin olduğunu qeyd etdi. "Məntəqədə seçki prosesi öz qaydasında davam edir, heç bir nöqsan qeydə alınmamışdır." S.Babayevanın sözlərinə görə, seçkilərdə hər hansı qeyri-qanuni hal baş verməyib. MnSK sədri məlumat verdi ki, artıq məntəqəyə gələrək səsvermədə iştirak edə bilməyən və MnSK-ya müraciət edənlər üçün səyyar qutular evlərə aparılıb. S.Babayeva vurğuladı ki, saat 11-00 da 320 nəfər səsvermə prosesində iştirak edib.

Növbəti müşahidə etdiyimiz 30 saylı MnSK sədri Tahir Heydərov məntəqə üzrə 1353 nəfər seçicinin olduğunu və onların böyük ruh yüksəkliyilə seçkilərdə iştirak etdiklərini qeyd etdi. Saat 11-00-da məntəqə üzrə 450 nəfər seçicinin səs verdiyini deyən T.Heydərov vurğuladı ki, seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Sonra 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi Dairə-Seçki Komissiyasında olduq. DSK sədri Mütəllim Balaqardaşov bizimlə söhbətində bildirdi ki, 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi Dairə-Seçki Komissiyasının əhatə etdiyi 39 məntəqədə yüksək fəallıq müşahidə olunub. Bu seçki dairəsinə aid olan seçki məntəqələrində ümumilikdə 243 müşahidəçi səsvermə prosesini izləyib. Seçki komissiyasının sədri Mütəllim Balaqardaşov bildirdi ki, saat 12.00-dək 45106 seçicidən 39,4 faiz, yəni 17778 nəfər istədiyi namizədə səs verib. Heç bir qanun pozuntusu müşahidə olunmayıb və seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak ediblər. DSK üzrə Xəzər rayonu üzrə 335 nəfər ilk dəfə səs verən seçici qeydiyyata alınıb. "Bizim dairə Bakıda demək olar ki, ən iri seçki dairəsidir. Bu dairə Mərdəkandan başlamış, Pirallahı rayonunu, Neft Daşları, Çilov qəsəbələrini və dəniz özüllərini əhatə edir. Seçkilərə yüksək səviyyədə hazırlıq görülüb. Özü də söhbət təkcə siyahıların və seçki məntəqələrinin hazırlanmasından getmir, bunlar öz yerində, əsas məsələ odur ki, seçicilər arasında aparılan təbliğat işləri onların fəallığını artırıb, seçkilərə mütəşəkkil qaydada gəlib səsverməsini təmin edib. Dairə üzrə seçkiləri siyasi partiyaların və öz təşəbbüsü ilə müşahidəçilər izləyiblər. Məntəqələrdə 10 veb-kamera quraşdırılıb və bu saata qədər heç bir şikayət daxil olmayıb". Müşahidə etdiyimiz seçki məntəqələrində biz deyilənləri əyani olaraq müçahidə etdik. 898 seçicinin səs verəcəyi 1 saylı seçki məntəqəsinin sədri Failə Rüstəmova deyib ki, artıq saat 15.00-dək 605 nəfər istədiyi namizədə səs verib. Qanunazidd hallara rast gəlinməyib, seçkinin bütün qaydalarına əməl olunub. Məntəqədə müşahidə aparan müstəqil, eləcə də seçki bloklarının, partiyaların müşahidəçiləri də heç bir seçki pozuntusuna yol verilmədiyini birmənalı olaraq vurğuladılar.

Sonra 2 saylı MnSK-da (sədri Gülnarə Əzimova) da seçkilərin demokratik keçirildiyinin şahidi olduq. Məntəqə üzrə 1004 seçicinin olduğunu qeyd edən G.Əzimova məntəqədə onlarla ilk səs verən seçicinin olduğunu bildirdi. Məntəqə sədri komisiyanın tərkibində üzvlər Yeni Azərbaycan Partiyasını, muxalifət partiyalarını, bitərəflər təşkil edir. Saat 15-00-da 635 nəfər səs verib. Ümumilikdə MnSK-da 20 nəfər müşahidəçi qeydiyyatdan keçib.

Saat 14-00 radələrində 600 seçicinin səs verdiyi 20 saylı MnSK-nın sədri Sevda Abdullayeva 1056 seçicinin qeydiyyatdan keçdiyini bildirdi. Məntəqədə səsvermə prosesini müşahidəçilər müşahidə edirdilər. Bundan başqa, MnSK-larda digər müşahidəçilər də səyyar müşahidələr aparıblar. Belə ki, onlar seçki prosesinin gedişatilə maraqlanıb, məntəqə sədrlərindən ümumi məlumatlar alıblar. Müşahidəçilər və komisiyya üzvlərilə söhbət zamanı məlum olub ki, seçki prosesi zamanı heç bir qanun pozuntusu baş verməyib. Proses qaydalar çərçivəsində həyata keçirilib. Məlumat verilib ki, seçkiləri siyasi partiyaların nümayəndələri, müstəqil müşahidəçilər və namizədlərin şəxsi nümayəndələri izləyirlər.

Sonra müşahidə etdiyimiz DSK-nın 21 saylı MnSK sədri Laləzar Məmmədova məntəqə üzrə 1203 nəfər seçicinin olduğunu və onların böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak etdiklərini qeyd etdi. Saat 14-00-da məntəqə üzrə 700 nəfər seçicinin səs verdiyini deyən L.Məmmədova vurğuladı ki, seçki məntəqəsində eyni zamanda yerli müşahidəçilərin, Yeni Azərbaycan Partiyası və digər partiyalarının nümayəndələri və digər bitərəf müşahidəçilər seçki prosesini izləyirdilər.

Ümumi müşahidələrimiz isə bir daha onu deməyə əsas verir ki, səsvermə tam ədalətli, demokratik və şəffaf keçirilib.

İntizarə Məmmədova

Digər xəbərlər