PDF Oxu

Siyasət

  • 24

YENİ AZƏRBAYCAN PARTİYASININ NÖVBƏTİ QƏLƏBƏSİ

YENİ AZƏRBAYCAN PARTİYASININ NÖVBƏTİ QƏLƏBƏSİ

BU QƏLƏBƏ QÜDRƏTLİ AZƏRBAYCAN NAMİNƏ BİRLİYİN MƏNTİQİ NƏTİCƏSİDİR

Müstəqil Azərbaycanın dövlətçilik tarixində çox ciddi bir mərhələnin başlanğıcı olan 1 noyabr seçkiləri hələ uzun müddət politoloqlar və siyasi müşahidəçilər tərəfindən təhlil ediləcək, seçkinin gedişatı və nəticələri haqqında fikir söylənəcək. Bütün hallarda tək Azərbaycan üçün deyil, dünyanın bütün dövlətləri və xalqları üçün ən önəmli məqam düzgün seçim etmək və istər parlament, istərsə də digər seçkilərdə etimad göstərilən şəxsin müəyyənləşdirilməsində yanlışlığa yol verməməkdir. Çünki dünyanın sivil idarəçilik qaydalarına əsasən, insanların sosial-iqtisadi münasibətlərinin tənzimləyicisi olan dövlətin düzgün yönləndirilməsi və bir neçə il ərzində inkişaf xətti üzrə yüksəlməsi, məhz bu seçimlərdən asılı olur. Artıq seçkinin ilkin nəticələri bəlli olduğu bir zamanda, tam qətiyyətlə demək olar ki, Azərbaycan vətəndaşları öz seçimlərində səhv etmədilər. Öncədən də gözlənildiyi kimi, AZƏRBAYCAN XALQI NÖVBƏTİ DƏFƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN QURUCUSU OLDUĞU VƏ PREZİDENT İLHAM ƏLİYEVİN SƏDRLİK ETDİYİ YENİ AZƏRBAYCAN PARTİYASINA ETİMAD GÖSTƏRDİ. Əlbəttə, son illərin uğurlu iqtisadi-siyasi yüksəliş Azərbaycan Respublikasının dünyanın siyasi xəritəsində nüfuzlu mövqe qazanması fonunda xalqın təminatlı gələcək, xoş rifah və qüdrətli dövlət istəyi qarşısında YAP-ın "Yeni hədəflərə doğru" devizilə rəqibləri üzərində inamlı, həm də ciddi səs fərqilə qalib gəlməsi mütləq idi.

Xalqın dəstəyi, verilən vədlərin gerçəkləşməsi

Ancaq məsələ ondadır ki, uzun illərdən bəri Azərbaycanın siyasi meydanında adını "ana müxalifət" qoyan bir sıra partiyalar və onların "liderləri"nin yadına xalq və onun problemlərinin həlli hər beş ildən bir - prezident və ya parlament seçkilərinin vaxtı çatanda düşür. Amma heç bu da həmin partiyaların və onların "liderləri"nin guya xalqın problemlərilə yaxından maraqlanmaq istəyindən irəli gəlmir. Sadəcə olaraq, hər seçkilər ərəfəsində ortaya çıxaraq "meydanda biz də varıq" demək müxalifət partiyalarının bir növ hobbisinə çevrilib. Təbii ki, bunun arxasında həm də seçkiləri bəhanə edərək beynəlxalq təşkilatlardan daha çox maliyyə yardımı qoparmaq maraqları dayanır. Yeni Azərbaycan Partiyası isə yarandığı gündən xalqa yaxınlığı, xalqla həmrəyliyilə seçilir. Bu baxımdan da YAP - ın seçkilərdə xalqın böyük əksəriyyətinin dəstəyini qazanması tamamilə gözlənilən idi. Başqa sözlə desək, artıq xalq "ağı qaradan seçməyi" yaxşı bilir. Odur ki, 1 noyabr parlament seçkiləri bəzi müxalifət partiyalarına və onların "liderləri"nə əvvəlcədən rüsvayçı məğlubiyyət vəd edirdi. Bu, elə parlament seçkilərinin birinci mərhələsində - imzatoplama kampaniyası dönəmində tam aydınlığilə ortaya çıxmışdı. Müxalifət düşərgəsinin təmsilçiləri arasında parlament seçkilərində iştirak etməyə və deputat mandatı qazanmağa iddialı şəxslər çox olsa da, onların əksəriyyəti namizədliklərini irəli sürmək istədikləri dairələrdə tələb olunan 450 imzanı toplaya bilməmişdilər. Bu da artıq bir reallıqdır ki, bir çox deputatlığa iddialı olan müxalifətçilərin seçkilərə qatılması məhz onların dairə-seçki komissiyalarından götürdükləri imza vərəqələrini geri qaytarmamaları və ya imza toplaya bilməmələri səbəbindən mümkün olmadı.

Yeni Azərbaycan Partiyası istisna olmaqla, demək olar ki, bu vaxta qədər heç bir siyasi partiya seçkilərlə bağlı yeni texnologiyalardan istifadə etməyib. Elə bu səbəbdən də müxalifət düşərgəsində təmsil olunan müxalifət partiyaları, hər seçkilərdə olduğu kimi, küçə yürüşləri "taktikasına" istinad edərək, öz opponentlərinə qarşı əsassız ittihamlar irəli sürməklə, xalqa bir daha hər hansı yenilikləri təqdim etməyə qadir olmadıqlarını ortaya qoydu. Ancaq Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də tarixi yeniliklər etməklə son nəticədə xalqın qalib partiyası kimi özünü nümayiş etdirdi. Bu qələbəni şərtləndirən başlıca faktor isə, təbii ki, bu vaxta qədər bu partiyanın rəhbərliyinin xalq qarşısında verdiyi vədlərin həyata keçirilməsidir. YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, Azərbaycan iqtisadiyyatının yüksələn xətlə inkişaf etməsi, regionların sosial - iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi nəticəsində işsizliyin aradan qalxması və yoxsulluğun səviyyəsinin qısa müddətdə 49%-dən 5%-ə qədər azalması, Azərbaycan ordusunun regionda ən böyük potensiala malik orduya çevrilməsi, Azərbaycanın beynəlxlq təşkilatlarda mövqeyinin və nüfuzunun güclənməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasilə bağlı ortaya qəti və sərt mövqenin qoyulması və digər bu kimi işlərin görülməsi, təbii ki, Azərbaycan xalqının həlledici seçimi zamanı öz sözünü deyir. 1 noyabr parlament seçkilərinin nəticəsi də bunu bir daha təsdiqlədi.

Müxalifətin acı və biabırçı məğlubiyyəti

Sonluğun onlar üçün bu dərəcədə acı və biabırçı məğlubiyyətlə bitəcəyini billə-bilə müxalifət nümayəndələri cəfəngiyyat dolu ifadələrlə boşboğazlıqdan o tərəfə keçə bilmədilər. Acı məğlubiyyətin təsirindən qurtula bilməyən müxalifət yetkililəri günahı başqa mətləblərdə axtarmağa çalışırlar. Çünki radikal düşərgənin tamamilə iflic olması fonunda bu cür nəticənin olması da gözlənilən idi. İllərdir ki, cəmiyyətin adından yalan bəyanatlar verib, öz maraqlarını təmin etməyə cəhdlər göstərən müxalifətin sonluqda məhz belə bir nəticə ilə ardıcıl olaraq qarşılaşması heç də təəccüb doğurmur. Düşmən dövlətlərin siyasi təşkilatlarilə sıx əməkdaşlıq müqabilində əldə olunan vəsaitlər kontekstindən çıxış etməklə, müxalifət cəmiyyətdən özünə qarşı yönələ biləcək bütün dəstək yollarını qapatmış oldu. Heç bir halda, cəmiyyətin diqqətinə səbəb ola biləcək bir addım atmayan və onun maraqları uğrunda səylər göstərməyən müxalifət partiyalarının sonluqda onlardan dəstək umması absurd bir məsələ idi. Bu baxımdan da, 1 noyabr məğlubiyyəti müxalifətin sonluğa daha yaxın olduğunu yenidən gündəmə gətirmiş olur. Ayrı-ayrı vaxtlarda müxalifətin acı sonluğa daha yaxın olması ilə bağlı informasiyalar çatdırmışıq. Amma həmişə olduğu kimi, bu dəfə də, müxalifət ünsürləri öz qəbahətlərini görməzliyə vuraraq, ambisiyalar naminə min oyundan çıxmağa başladılar. Nəticə isə göz önündədir.

CƏMİYYƏTDƏ YAP-a ALTERNATİV SİYASİ QÜVVƏ YOXDUR

1 noyabr parlament seçkilərində Azərbaycan vətəndaşları dövlətin inkişaf konsepsiyasını dəstəkləməklə YAP namizədlərinə rəğbəti və bu rəğbətin məntiqi nəticəsi kimi partiya tərəfindən irəli sürülən namizədlərin daha çox səs toplayacağı gözlənilən idi. Məhz bu səbəbdəndir ki, hələ seçki prosesinin əvvəlində ölkə ictimaiyyətinin əsas marağı YAP-ın dəstəkləyəcəyi partiyanın rəsmi namizədləri üzərinə yönəlmişdi. Amma hər bir namizəd üçün hakim partiyanın inamını və etibarını qazanmaq da mühüm amil sayılır. Çünki seçilən hər bir kəs onu da bilir ki, millət vəkili kimi öhdəsinə düşən məsuliyyət xalq qarşısında daşıdığı məsuliyyət hissinin göstəricisidir. Ona görə də, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə, ölkəmizi dünyada tanıdan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevlə həmrəyliklərini növbəti dəfə təsdiqləyərək, daha qüdrətli Azərbaycan naminə birlik nümayiş etdirmiş oldular. Azərbaycan seçicilərinin böyük əksəriyyətinin Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın deputatlığa namizədlərinə səs verməklə, YAP-ın Azərbaycanda xalqın inam və etimadını qazanmış yeganə partiya olduğunu bir daha ortaya qoydu.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər