Seçkilər şəffaf şəkildə keçirilmişdir
"Azərbaycanda seçkilər seçki qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun şəkildə keçirilib. Bakıda və bir neçə regionda seçki prosesini müşahidə etmiş AŞPA-nın 28 nəfərdən ibarət müşahidə missiyası bu qənaətə gəlmişdir ki, seçkilər azad və şəffaf şəkildə baş tutub".
Bu fikirləri Azərbaycanda parlament seçkilərini izləmiş Avropa Şurası Parlament Assambleyası (AŞPA) müşahidə missiyasının rəhbəri, ispaniyalı parlamentar Jordi Çukla keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, parlament seçkilərinin demokratik keçirilməsi üçün Azərbaycanda müasir dövrün tələblərinə uyğun sivil baza yaradılıb: "Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib. Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olunmayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib. Seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıq və texniki cəhətdən yaxşı təşkil olunub. Seçici siyahısına bütün seçicilərin adı daxil edilib. Seçki pozuntusunun şahidi olmamışıq. Bir neçə məntəqədə xırda nöqsanlar olubsa da, bununla bağlı MSK lazımi tədbirləri görəcək. Yəni kiçik nöqsanlar seçkinin ümumi nəticəsinə təsir etməyib".
J.Çukla onu da vurğulayıb ki, ATƏT DTİHB və ATƏT PA-nın Azərbaycana müşahidə missiyası göndərilməməsi onlarda təəssüf hissi yaradır: "Lakin seçkilər xalqın iradəsini tam ifadə edib. Polis zorakılığı qeydə alınmayıb, provokasiya baş verməyib. Vətəndaşalr sərbəst şəkildə, heç bir təzyiq olmadan səs veriblər. AŞPA ilə Azərbaycan arasındakı əməkdaşlıq gələcəkdə daha da gücləndiriləcək".
Samir