Konfransda 40 ölkənin mədəniyyət naziri iştirak edib
Dünən Oman Sultanlığının paytaxtı Məskat şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlayıb. Konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbirdə çıxış edən ev sahibi, ölkənin İrs və Mədəniyyət naziri Səyyid Haytam bin Tariq Əl Səid qonaqları salamlayaraq, Oman Sultanı adından bildirib ki, islam ölkələrini təmsil edən mədəniyyət nazirlərini qəbul etməkdən və bu tədbirə təşkilati dəstək göstərməkdən olduqca məmnundur.
Daha sonra çıxış edən İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri bu konfransda iştirak edən 40 ölkənin mədəniyyət naziri və nümayəndə heyətlərinə öz təşəkkürünü bildirib: "İslam mədəniyyətinin inkişafı üçün məqsədyönlü siyasətin aparılması gündəmdədir və bunun üçün də islam ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsində mədəniyyət mühüm rol oynayır."
Konfransda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Əmin Mədəni çıxış edərək, islam ölkələrilə sıx əməkdaşlıq edən beynəlxalq təşkilatların birləşərək terror hadisələri nəticəsində dağıdılan islam irs və mədəniyyətinin nümunələrinin qorunmasında daha da böyük güc sərf etmələrinin vacibliyini vurğulamışdır. O, son zamanlar dünyada gedən islamofobiyadan və terror nəticəsində Avropaya axın edən qaçqınlara göstərilən münasibətdən narahatlığını ifadə edib.
ZÜMRÜD