"Mən Azərbaycanda noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər günü Mingəçevir şəhərində idim. Bütün gün ərzində Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatına seçki prosesi barəsində məlumatlar daxil olurdu. Seçkilər çox rəvan, demokratik və şəffaf şəkildə keçirildi. İnsanların öz seçimini etməsi üçün bütün şərait yaradılmışdı". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı fikilərini bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, məntəqələrin bir çoxunda veb-kameraların quraşdırılması seçkini adi bir vətəndaşın da izləməsinə böyük şərait yaradırdı: "Seçkilər bizim növbəti dövlətçilik imtahanımız oldu. Hesab edirəm ki, Azərbaycan bu imtahandan yenidən uğurla çıxa bildi. Seçkinin nəticələri bir daha göstərdi ki, cəmiyyət bu gün Prezident İlham Əliyevin siyasi kursunu birmənalı şəkildə dəstəkləyir və bu siyasi kursu müdafiə edən insanların namizədliyinə səs verdi. Həmçinin siyasi cəmiyyətimiz rəngarəng olduğuna görə artıq ilkin nəticələr göstərir ki, parlamentə 10-a qədər siyasi partiyanın nümayəndələri düşdü. Milli Məclisdə müxaliflik var. Təbii ki, parlamentdə müxtəlif fikirlər açıq şəkildə səsləndiriləcək".A.Mirzəzadə əlavə edib ki, seçkidə iştirak etməyən amma bununla belə seçkiyə kölgə salmaq istəyən radikal müxalifət seçkidə müxtəlif təxribatlar törətməyə çalışdı: "Onlar insanları çaşdırmağa, süni surətdə problem tapmağa çalışdılar. Amma bütün bunların hamısı vaxtında ifşa olundu. Ümumilikdə götürdükdə onların hansısa bir situasiyada Azərbaycandakı seçkiyə kölgə salmaq cəhdləri baş tutmadı. Hesab edirəm ki, bütün bunlar hamısı Azərbaycanda artıq oturuşmuş dövlətçiliyin olmasından xəbər verir".
sia.az