"Azərbaycanda noyabrın 1-də Milli Məclisə 5-ci çağırış seçkilər çox yüksək demokratiya şəraitində keçdi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.YAP Siyasi Şurası üzvünün sözlərinə görə, seçkilər xalqın vətəndaş həmrəyliyi şəraitində keçdi: "Bir sözlə, ölkəmizdə azad və mütəşəkkil seçkilər baş tutdu. Bu münasibətlə Azərbaycan xalqını, ölkə Prezidentini bir çox ölkələrdən, beynəlxalq təşkilatlardan gəlmiş müşahidəçilər təbrik etdi və öz xoş sözlərini söylədi. Azərbaycana gələn xarici müşahidəçilərin böyük əksəriyyəti bu seçkiləri demokratik seçkilər adlandırdılar. Hətta bəzi beynəlxalq təşkilatlar Azərbaycan nümunəsini də bəzi Avropa ölkələrində tətbiq etməyi tövsiyyə etdilər. Bu, Azərbaycan xalqı, dövləti üçün böyük bir uğurdur".M.Quliyev əlavə edib ki, buna baxmayaraq çox az sayda beynəlxalq təşkilatlar və qurumlar bu seçkilərə həmişə olduğu kimi yenə də kölgə salmağa (xüsusən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Avropa Birliyinin bəzi qurumları) çalışdılar: "Təbii ki, onların da ənənəvi məqsədləri aydındır. Bu dövlətlərin bir çoxu ermənipərəst mövqedən çıxış edirlər. Burada təmsil olunan istər millət vəkilləri, istərsə də ictimaiyyət nümayəndələri erməni lobbisindən asılı insanlardır. Onlar istəyirlər ki, Azərbaycanın demokratik imicinə bu məqsədlə kölgə salsınlar. Digər məsələ isə cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, bəzi Qərb dairələrinin Azərbaycanı güclü dövlət kimi görmək və qəbul etmək istəməmələri ilə bağlıdır. Məqsəd odur ki, Azərbaycan da morienet bir dövlət olsun və onlar da istədikləri şəkildə ölkəmizə təsir etsinlər və Azərbaycanın milli sərvətlərini özlərinə sərf etsinlər. Hesab edirəm ki, Avropa və Qərbdə müəyyən dairələr öz səhvlərini başa düşürlər".
sia.az