Xəbər verdiyimiz kimi Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra ikitərəfli görüşlər keçirib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, nazir Əbülfəs Qarayev ilə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni arasında ikitərəfli görüş olub. Görüşdə 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunlarının mədəni proqramının təşkil olunması məsələsi müzakirə olunub, bildirilib ki, İslam irsinin və mədəniyyətinin bu Oyunlar vasitəsilə təqdim olunması gözəl təcrübə ola bilər. Görüş zamanı bu məsələnin geniş tərkibdə Bakıda 23-27 noyabr tarixində keçiriləcək İSESCO İcraiyyə Şurasının İclası və 12-ci Baş Konfransında müzakirə olunması qərara alınıb.Səudiyyə Ərəbistanın mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi ilə keçirilən görüşdə hər iki ölkə arasında mədəniyyət haqqında sazişin şərtlərinə baxılması müzakirə edilmişdir. Nazir Adel bin Zaid Əl Toraifi öz növbəsində Nazir Əbülfəs Qarayevi bu ilin dekabr ayında Krallığın Ciddə şəhərində keçiriləcək "Beynəlxalq kitab sərgisi"nə dəvət etmiş və bildirmişdir ki, O Azərbaycan ədəbiyyatı və incəsənəti ilə tanışdır. Nazir Əbülfəs Qarayev həmkarını bu vəzifəyə yeni təyin olunması münasibətilə təbrik etmiş, tanışlıqdan məmnunluğunu ifadə etmiş və ölkəmizdə keçiriləcək İSESCO İcraiyyə Şurasının İclasına və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna dəvət edib.Küveyt Dövlətinin informasiya, gənclərlə iş üzrə dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahla görüş zamanı iki ölkə arasında mövcud mədəni əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə edilmişdir. Küveytin naziri bildirmişdir ki, ölkəsində yeni olaraq turizm və mədəniyyət sahəsi birləşərək vahid qurum yaradılmaqdadır və gələcəkdə əməkdaşlıq çərçivəsində ölkəmizlə təcrübə mübadiləsi aparıla bilər. Nazir Əbülfəs Qarayev Azərbaycanın bu əməkdaşlıqdan məmnunluğunu bildirib.Qətər Dövlətinin mədəniyyət, incəsənət və irs naziri Həməd bin Əbdüləziz əl-Kavan ilə keçirilmiş görüşdə iki ölkə arasında mədəniyyət əlaqələrinin inkişafı nəzərdən keçirilmiş və İslam irsinin dünyada daha da tanıdılmasında birgə əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Misirin mədəniyyət naziri Muhəmməd Saber İbrahim arasında keçirilən görüşdə gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin mübadiləsi müzakirə olunub. Nazir Əbülfəs Qarayev həmkarını ölkəmizə səfərə dəvət edib.
İSESKO-nun baş katibi, İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əli Cənnəti ilə keçirilmiş görüşdə də iki ölkə arasında nəzərdə tutulan qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin təfərrüatları müzakirə edilib. Nazir Əbülfəs Qarayev bu tədbirlərin yüksək səviyyədə təşkilinə əmin olduğunu bildirib.