"Ölkəmizdə keçirilən Parlament seçkilərinin uğurla başa çatması münasibətilə bütün Azərbaycan ictimaiyyətini təbrik edirəm". Bu sözləri SİA-ya açıqlamasında 21 saylı Nəsimi birinci seçki dairəsindən yenidən millət vəkili seçilmiş, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib. O, ölkəmizdə keçirilən Parlament seçkilərinin şəffaf və demoktratik şəkildə təşkil olunduğunu, prosesi bir çox ölkələrin parlament nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və üzvlərinin izlədiyini qeyd edib. Millət vəkili vurğulayıb ki, özlərini demokratiyanın beşiyi adlandıran bir sıra ölkələrin nümayəndələri deyiblər ki, onlarda seçki zamanı bütün məntəqələr dairəvi olaraq polis işçiləri ilə əhatə olunur: "Bildirdilər ki, Azərbaycanda asayişi qoruyan polis işçiləri seçki məntəqələrinin əhatəsindən uzaq idilər. Onlar seçkidə iştirak edən insanların üzlərində təbəssüm olduğunu, heç bir konfliktin olmadığını dedilər".M. İbrahimqızı BBC-də Azərbaycanda keçirilən Parlament seçkiləri haqda qərəzli və yalan məlumatların yer alması haqda da fikirlərini bildirib: "BBC heç Azərbaycanı sevərmi? BBC heç vaxt istəməz ki, Azərbaycan güclü dövlət olsun. BBC, CNN, Əlcəzirə kimi beynəlxalq media qurumlarını idarə edən qüvvələrin kimlər olduğunu, dünyanı necə qarışdırdıqlarını, hər yerdə xaos, müharibə, qaçqınlıq, səfalət törətdiyini bilirik. BBC idarə olunduğu yerlərdən, Avropada qaçqın və köçkünlərə edilən zülmlərdən, zorakılıqdan, Aralıq dənizində bu gün də davam edən onlarla insanların həyatını itirməklərindən, Ukraynanı, Yaxın Şərqi bu hala salanlardan xəbər hazırlasın. Hansı ölkədə sabitlik, əminamanlıq varsa, orada davamlı inkişaf, dostluq, torelantlıq var. Bu sabitlik və əminamanlığı isə dövlət yaradır. BBC, CNN və digər bu kimi media qurumlarından ölkəmizə qarşı yaxşı söz gözləmirik. Azərbaycanın konstitusiyasında da, beynəlxalq sənədlərdə də yazılır ki, hakimiyyətin mənbəyi xalqdır. Parlamentimiz də xalqın seçimi ilə qurulur".Millət vəkili ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən Parlament seçkilərinə əsassız iddiaları bəhanə gətirərək müşahidəçilər göndərməməsinin onların məkrli siyasəti olduğunu bildirib: "İnsanın birinci hüququ azadlıqdır. ATƏT DTİHB insanların təbii haqlarını - yaşamaq hüququnu müdafiə edə bilmirsə, Yaxın Şərqdən Avropaya gələn qaçqın və məcburi köçkünlərin ölüm-qalım arasında mücadilə etməsi ilə bağlı bir iş görə bilmirsə, ATƏT-in Minsk qrupu və DTİHB Azərbaycanın işğala məruz qalması, bir milyon qaçqını ilə bağlı heç nə əldə edə bilmirsə, bu qurumun Azərbaycanda Parlament seçkilərindən danışmağa haqqı yoxdur. ATƏT nizamnaməsini qarşısına qoysun, əvvəlcə insanın təbii hüquq və azadlıqları haqda danışsın, sonra başqa məsələlərə keçsin".
sia.az