Bu, bumeranq effektilə onların özlərinə qarşı yönəlib
1 noyabr parlament seçkilərində böyük məğlubiyyətlə üzləşən müxalifətin seçkidən sonrakı hay-həşiri göstərir ki, bu qurum düçar olduğu uğursuzluğu həzm etmək iqtidarında deyil. Bununla barışmaq istəməyən radikallar bu günlərdə keçirdikləri qeyri-ciddi toplantıda uğursuz şəkildə seçkilərin nəticələrini şübhə altına almağa çalışıblar. Toplantıda iştirak edən radikal düşərgənin başbilənləri - İsa Qəmbərov, Mirmahmud Fəttayev, Pənah Hüseynov və digərləri burada seçkilərin saxtalaşdırılmasilə bağlı cəfəng iddialarla çıxış ediblər.
Radikal müxalifət düşərgəsi təmsilçilərinin öz adətlərinə "sadiq" qalaraq seçkilərin nəticələrinə kölgə salmağa cəhd göstərmələri onların sağlam siyasi düşüncədən uzaq olduqlarını bir daha təsdiqləyir. Başqa sözlə, destruktiv davranış taktikasına sadiq qalan radikallar seçkidə düçar olduqları məğlubiyyəti qəbul etmək niyyətindən uzaqdırlar. Buradan aydın görünür ki, seçkilərdə kiçik uğur qazanmaq iqtidarında belə olmayan radikallar ləyaqətlə uduzmağı, məğlubiyyətlərini etiraf etməyi də bacarmırlar. Mahiyyət etibarilə, radikalların bu seçkidə uduzacaqları, böyük uğursuzluğa düçar olacaqları irəlicədən bəlli idi. Çünki radikalların köhnəlmiş, qeyri-real iddiaları, cəfəng şüarları Azərbaycan seçiciləri üçün, sadəcə olaraq, mənasız və maraqsızdır. Söhbət ondan gedir ki, nə iddialı namizəd, nə də bu və ya digər siyasi qurumun təmsilçisi kimi elektorat üçün cəlbedici deyillər. Belə olan halda, məğlubların özlərini "qalib" kimi sırımağa cəhd etmələri, ən yaxşı halda, gülüş doğurur. Onların belə acınacaqlı və miskin vəziyyəti, yumşaq şəkildə deyilsə, siyasi cığallıqdan başqa bir şey deyil.
Xatırladaq ki, hələ parlament seçkiləri ərəfəsində, təbliğat-təşviqat kampaniyasından əvvəl radikalların siyasi-təşkilati cəhətdən, acınacaqlı, pərakəndə durumu, onların qaçılmaz məğlubiyyətini irəlicədən şərtləndirən amillərdən biri kimi dəyərləndirilirdi. Radikal düşərgənin bir çox namizədlərinin elə imzatoplama kampaniyasının gedişində uğursuzluğa düçar olmaları bu gün müxalifətin mövcud məğlub durumunu irəlicədən şərtləndirən amillərdən biri kimi qiymətləndirilə bilər. Təəssüf ki, radikallar seçkilərin real nəticələrini qəbul etmək əvəzinə, özünü ictimai rəydə "sığortalamaq" üçün belə qeyri-ciddi forumlar, uğursuz toplantılar təşkil etməklə məşğuldur.
Reallıq ondan ibarətdir ki, seçicilər bu seçkidə radikal müxalifətə birmənalı şəkildə "yox" deyib, dağıdıcı, yırtıcı təfəkkürlü, siyasi-əxlaqi cəhətdən naqis insanları parlamentdə görmək istəmədiyini bildirib. Nəticədə, onlar siyasi rəqabətdə biabırçı şəkildə məğlub olaraq, xalq tərəfindən növbəti dəfə siyasi meydanın kənarına atılıblar.
Sözsüz ki, belə oyunlar radikalların siyasi məğlubiyyətini heç də sığortalamır. Əksinə, belə vəziyyət onları daha böyük uğursuzluqla - növbəti ictimai qınaqla üz-üzə qoyur.
Ü.ƏSGƏROV