PDF Oxu

Siyasət

  • 32

Azərbaycan dövləti ölkədə söz və mətbuat azadlığının təminatçısıdır

Azərbaycan dövləti ölkədə söz və mətbuat azadlığının təminatçısıdır

Bəlli həqiqətdir ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ulu Öndər KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılmasilə bağlı həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər Heydər Əliyev, ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

Ulu Öndər Heydər Əliyevin 7 dekabr 1999-cu il tarixli Sərəncamı ilə KİV haqqında qanunun hazırlanması bu sahədə daha bir uğurlu addım oldu. Bu Qanunun hazırlanması Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən etmiş oldu.

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasına tam şərait var. Ölkə Prezidentinin "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamları imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev tərəfindən, bütün sahələrdə olduğu kimi, milli mətbuat da diqqətdə saxlanılır və ona həssaslıqla yanaşılır. Bütün bunlar Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyi yüksək qiymətin göstəriciləridir.

Təbii ki, respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Bu gün belə diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalıdır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə əməl etməlidir. Mətbuat işçilərinə göstərilən diqqət jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur. Hər bir mətbuat işçisi istənilən vəziyyətdə məsuliyyət hissini unutmamalıdır.

Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər.

Təbii ki, dövlətin KİV-ə, eləcə də onun nümayəndələrinə ayırdığı diqqət onlar üzərinə daha böyük məsuliyyət və cavabdehlik qoyur. Dövlətçiliyə zərbə vuran hallara qarşı barışmaz mövqeyilə daim ayıq və vicdanlı olmalıdır. Gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında təbii ki, medianın rolu müstəsnadır.

"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da da informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin parametrləri əksini tapır. Bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, ölkənin milli informasiya məkanının və kritik infrastrukturunun, o cümlədən informasiya infrastrukturunun informasiya təhlükəsizliyini təmin edən sistemin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətləri kimi diqqətdə saxlanılır.

Bu günlərdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Sərəncamı KİV-in məsuliyyətini daha da artıracaq.

Prezident İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1399-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Həmin qanunun tətbiqilə bağlı qərara alınıb ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Yalan və şayiələr üzərində öz məlumatlarını quran KİV-lər ciddi cəzalandırılacaqlar. Məlumdur ki, Milli Məclisin oktyabrın 20-də keçirilmiş plenar iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanununa dəyişiklik edilməsi barədə qərar qəbul edilib. Qanunun 44-cü maddəsinə əlavə edilən dəyişiklikdə deyilir ki, kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbilə müraciət etmək hüququna malikdir.

Bütün bunlar həm də təsdiqləyir ki, Azərbaycan dövləti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir. Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini tam mənada həll etməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə zəruri addımlar atılır. Bu gün ölkəmizdə mətbuata, söz azadlığına böyük diqqət və qayğı göstərildiyi zamanda yalan və şayiə qəbuledilməzdir. Azərbaycan Respublikasında kütləvi informasiya azaddır, bu azadlıq şəxsi mənafe və istəklərə xidmət etmir. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər