PDF Oxu

Siyasət

  • 37

ATƏT-in seçkilərə münasibəti təəssüf doğurdu

ATƏT-in seçkilərə münasibəti təəssüf doğurdu

Demokratik Təsisatlar və İnsan Haqları Bürosu apardığı müşahidələrin əsasında deyil, maraqlı xarici qüvvələrin tapşırdığı mövqedən çıxış edir

Sürətli iqtisadi inkişaf tempi nümayiş etdirən ölkəmiz son illər bir sıra əhəmiyyətli hadisələrlə dünyanın nəzərini özünə cəlb edə bilmişdir. 2012-ci ildə keçirilmiş "Avroviziya" yarışması, BMT-nin Təhlükəsizlik Şurasına üzvlük, kosmik dövlətlər klubuna daxil olma, 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi və s. kimi əhəmiyyətli məqamlar Azərbaycanın dünya üçün maraqlı bir ölkəyə çevrilməsinə səbəb olmuşdur. Belə bir şəraitdə ölkəmizdə baş verən mühüm hadisələrin beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilməsi, əslində heç də təəccüblü deyil.

Lakin bu diqqət hər dəfə səmimi və obyektiv xarakter daşımır. Ölkəmizin inkişafından məmnun olanlarla yanaşı, bundan narahat olanlar, hürkənlər də az deyil. Bu mənada deyə bilərik ki, beynəlxalq diqqətin artması heç də həmişə ölkə və cəmiyyət üçün xeyirli deyildir. Ancaq artıq oturuşmuş və möhkəm təməllər üzərində qurulmuş dövlətçilik ənənəlinə malik olan ölkəmiz nəinki anti-Azərbaycan qüvvələrinin qarşısında dayanmaq, hətta onları zərərsizləşdirmək qüdrətinə sahibdir.

Məhz 1 noyabr parlament seçkiləri də regionun aparıcı dövləti kimi Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirən hadisələrdən biri oldu.

Qeyd edək ki, seçkilər 500-dən artıq xarici, 63.000-dən artıq yerli müşahidəçi tərəfindən izlənilib. Xarici müşahidəçilər Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat- GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, TürkPA - Türkdilli Ölkələrin Parlament Assambleyası da daxil olmaqla, 40-dan çox beynəlxalq təşkilatı və 27 ölkəni təmsil ediblər.

Onlar uzunmüddətli və qısamüddətli müşahidə missiyaları şəklində fəaliyyət göstərirdilər. Həmin təşkilatlar həm seçkiqabağı prosesdə, həm də səsvermə günü öz müşahidələrini aparmaq imkanına malik idilər və bu imkandan da maksimum istifadə etdilər.

Apardıqları müşahidələrin nəticəsi olaraq seçki prosesini qiymətləndirən əksər xarici müşahidəçi qrupları seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyini, ciddi qanun pozuntularına yol verilmədiyini bəyan etdilər. Həmçinin, xarici müşahidəçilər builki seçkilərin demokratiya yolunda irəliyə doğru atılmış ciddi addım olduğunu da öz hesabatlarında və bəyanatlarında vurğuladılar. Lakin ölkəmizlə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malik olan ATƏT DTİHB öz ənənəvi qərəzli mövqeyindən əl çəkməyərək seçkilərlə bağlı subyektiv və əvvəlcədən planlaşdırılmış mövqe ortaya qoydu. Lakin bir gecə ərzində bütün ölkə üzrə aparılmış seçkilərin nəticələrini belə tez əldə etmək, hesabat hazırlamaq heç cür mümkün deyil.

Görünür, təşkilat apardığı müşahidələrin əsasında deyil, maraqlı xarici qüvvələrin tapşırmış olduğu mövqedən çıxış edərək seçkilərin guya standartlara cavab vermədiyini və prosesdə qanun pozuntularının olduğunu bəyan edir.

Qeyd edək ki, ümumiyyətlə, DTİHB-nin bu cür mövqe tutacağı hələ əvvəlcədən bəlli idi. Çünki seçki kampaniyası dövrünün əvvəlindən təşkilat seçkidən öncə normal bir axarda gedən seçkiqabağı proses barəsində mənfi rəy yaratmağa çalışırdı.

Məhz bütün bunlar bir daha onu deməyə əsas verir ki, ATƏT/DTİHB-nin seçki sonrası verdiyi bəyanatda tutduğu mövqe əvvəlcədən gözlənilən idi. Deməli, təşkilat onun qarşısında qoyulmuş olan konkret vəzifənin icrasilə məşğul olub. Ölkədə keçirilmiş seçkilərin şəffaf və ya qeyri-şəffaf keçirilməsi onun üçün heç də əhəmiyyətli olmayıb. Çünki bir daha qeyd etmək lazımdır ki, ATƏT/DTİHB öz hərəkətlərilə bəzi xarici anti-Azərbaycan qüvvələrin sifarişini yerinə yetirdiyini təsdiqləyir.

Əgər belə olmasaydı, təşkilat seçki prosesinin şəffaflığına, xalqın seçiminə hörmətlə yanaşar və obyektiv mövqedən çıxış edərdi.

Ümumilikdə ATƏT-in verdiyi qərəzli bəyanatlar Azərbaycanı tutduğu doğru yoldan döndərə bilməz. Azərbaycan xalqı öz seçimini edib və ən layiqli namizədlirini seçib. İndən belə, istər ATƏT/DTİHB-nin, istərsə də digər hansısa anti-Azərbaycan qüvvənin havasına oynayan başqa bir təşkilatın bəyanatı xalqın iradəsinə kölgə salmaq qüdrətində deyil.

R.HÜSEYNOVA

Digər xəbərlər