Vahid rəy: Azərbaycanda keçirilən 1 noyabr seçkiləri beynəlxalq standartlara cavab verib, eyni zamanda kifayət qədər azad və şəffaf demokratik mühitdə baş tutub
Azərbaycanda keçirilmiş parlament seçkilərinə beynəlxalq aləm tərəfindən böyük maraq oldu. Bunu çoxlu sayda xarici müşahidə missiyalarının seçki prosesini izləməsi təsdiq edir. Bir çox dünya ölkələrindən, yüksək nüfuza sahib beynəlxalq təşkilatlardan müşahidə və monitorinq qruplarının bu seçkidə iştirakilə Azərbaycan şəffaf və demokratik seçki mühitinin necə olmasını dünyaya bir daha əyani şəkildə sübut etmiş oldu. Hansı ki seçkini izləmiş dövlətlər arasında ABŞ, İsrail, Rusiya, Latviya, Çexiya kimi dərin seçki təcrübəsinə sahib ölkələr, AŞPA, GUAM, MDB, İCAPP, İƏT, TÜRKPA, QDİƏT kimi dünya arenasında öz sözü olan beynəlxalq və regional təşkilatlar var idi. Onların seçki prosesini yüksək qiymətləndirən bəyənatı Azərbaycan üçün böyük uğur sayıla bilər. Vahid rəy isə belə oldu: Azərbaycanda keçirilən 1 noyabr seçkiləri beynəlxalq standartlara cavab verib, eyni zamanda kifayət qədər azad və şəffaf demokratik mühitdə baş tutub.
ATƏT DTİHB Azərbaycana qarşı aparılan çirkin kampaniyada alətə çevrilib
Dəvət olunmasına baxmayaraq, Azərbaycandakı seçkiləri müşahidəçi statusunda izləməkdən imtina edən ATƏT-in Demokratiya və İnsan Haqları Bürosu bəyənatında seçkiləri qeyri-demokratik adlandırıb. Əvvəla, hər hansı proseslə bağlı fikir yürütmək, baş verənləri olduğu kimi görmək üçün orada iştirakçı olmaq mütləqdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə Azərbaycanda keçirilən parlament seçkilərində heç müşahidəçi statusunda da iştirak etməyib, seçkiyə hazırlığı, namizədlərin qeydiyyatını, səsvermənin gedişini, səslərin sayılmasını və digər mərhələləri müşahidə etməyib. Belə olan halda onların bu seçkilərdən danışmağa haqları yoxdur. İkincisi, bütün müşahidə missiyalarının keçirilən seçkiləri yüksək qiymətləndirməsi, amma ATƏT DTİHB-in iştirak etmədiyi halda tamam mənfi rəydə olması bir daha bu qurumun Azərbaycana qarşı qərəzini aydın şəkildə göstərmiş oldu. Bu isə həmin təşkilatın Azərbaycana qarşı aparılan çirkin kampaniyada alətə çevrilməsinin göstəricisidir.
1 noyabr parlament seçkiləri dünyaya nümunə oldu
27 ölkədən 40 beynəlxalq təşkilatın 500-dən çox müşahidəçisi Bakı və digər şəhərlərdə səsvermə prosesini canlı izlədi. Beynəlxalq müşahidəçilərin seçki sonunda səsləndirdikləri bəyənatlar ondan ibarət idi ki, Azərbaycandakı seçkilər tam azad və şəffaf şəkildə beynəlxalq standartlara və ölkənin seçki qanunvericiliyinə uyğun formada keçirilib. MSK tərəfindən seçkinin yüksək səviyyədə təşkili xüsusi vurğulandı. Seçki prosesinin şəffaflığına töhfə verən addımlardan biri də məntəqələrin 20%-ində veb-kameraların quraşdırılması idi. Bir çox xarici təşkilatlar bu seçkiləri Azərbaycanın demokratik inkişafı yolunda böyük uğuru kimi dəyərləndirdi.
Tofiq Rəfailoğlu