"Milli Məclisə seçkilərdən əvvəl Prezident seçkiləri, Avroviziya mahnı müsabiqəsi, I Avropa Oyunları zamanı da Azərbaycana qarşı qarayaxma kompaniyası keçirilmişdi. Biz artıq buna öyrəşmişik". Bu sözləri SİA-ya açıqlamasında yenidən millət vəkili seçilmiş Rauf Əliyev deyib. O, Azərbaycanda keçirilən Parlament seçkilərini 66 mindən çox yerli, 500 beynəlxalq müşahidəçinin, Avropa Şurasının və digər beynəxlaq təşkilatların nümayəndələrinin izlədiklərini qeyd edib. Millət vəkili vurğulayıb ki, onların hamısı Azərbaycanda seçkilərin şəffaf və demokratik keçirildiyini bəyan ediblər."ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) müraciət edib ki, Azərbaycana 380-400 müşahidəçi göndərmək istəyir. Azərbaycan tərəfi isə bildirib ki, burada 125 dairə var, 125 nəfər göndərsinlər gəlib seçkiləri müşahidə eləsinlər. Onlar isə heç kimi göndərməməklə qanuna zidd addım atıblar" deyən millət vəkili vurğulayıb ki, bu kimi təşkilatlar Azərbaycana yalnız şər-böhtan atmaqla məşğuldurlar.O qeyd edib ki, bəzi beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycana qərəzli gəldikləri hamıya məlum idi: "Ancaq onlar seçkiləri müşahidə edəndə bütün prosesin qanunlar çərçivəsində aparıldığını, seçkilərin şəffaf və demokratik keçirildiyini gördülər və başqa bir varianta əl atdılar. Seçkilərin yüksək səviyyədə keçirildiyi haqda bəyanatlarından sonra bəzi media qurumlarına Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulması haqqında açıqlama verdilər. Bu gün dünyada milyonlarla insanın haqları pozulur ATƏT DTİHB və digər bu kimi beynəlxalq təşkilatlar hara baxır? Onlar bununla Azərbaycanın inkişafına, dünyada öz mövqeyini möhkəmləndirməsinə kölgə salmaq istəyirlər.Avropa Şurasının nümayəndələri və digər bütün beynəlxalq müşahidəçilər seçkinin şəffaf və demokratik keçirildiyini bəyan ediblər. Bu, böyük uğurdur".Millət vəkili deyib ki, "Freedom House" təşkilatının hesabatı, "Vashinqton Post"da çıxarılan məqalə və digər bu kimi hallar Azərbaycanın düşmənlərinin işləridir."Son illərdə Azərbaycana qarşı mənfi nə isə tapıb yaza bilmirlər. Ancaq guya insan haqqları, demokratiya olmadığını yazırlar. Bəs bu qədər müşahidəçilər hara baxırdılar?! Onlar hər şeyin yüksək səviyyədə olduğunu dedilər. Atılan şər-böhtanlar Azərbaycana təsir etmir. Azərbaycan öz uğurlu yolu ilə davam edir" -deyə, R.Əliyev əlavə edib.
sia.az