"Son zamanlarda Ermənistanın daxili siyasətində yaşanan sosial-iqtisadi problemlərin artmasına paralel olaraq hökumətyönlü mətbuat Dağlıq Qarabağ problemini ön plana çıxarır və bir-biri ilə üst-üstə düşməyən informasiyalar verirlər. Erməni mətbuatı son günlərdə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dağlıq Qarabağa qoşun yeritməyə hazırlaşdığını iddia edir". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.Onun sözlərinə görə, hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, KTMT-nin bu münaqişəyə tərəf olması hüquqən mümkün deyildir və bu sadəcə hər hansı bir dövlətin istəyindən asılı deyil: "Müqavilə şərtlərinə görə, KTMT-yə üzv dövlətlərdən birinə qarşı edilən hücum digər dövlətlərə də qarşı edilmiş hücum olaraq qəbul edilir. Qarabağda hərbi əməliyyatlar başlayarsa, Ermənistan Azərbaycan ilə sərhəd boyunca təxribatlara başlayaraq müharibənin iki ölkə arasında yaşandığını iddia edə bilər. Azərbaycan xüsusilə bu məsələni KTMT üzvlərinin və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Eyni zamanda sadə məntiq də onu göstərir ki, Azərbaycan Rusiya və KTMT-nın məsələyə müdaxilə etməsinə imkan verməməsi üçün Ermənistan ilə sərhəddə hərbi əməliyyatlara başlamaqda maraqlı deyildir. Ermənistan Azərbaycan ilə sərhəd bölgələrinə silahlı müdaxilə edərsə, Azərbaycanın sərhəd boyunca mövqelərini qorumalı, zərurət olmadıqca irəli getməməli, geri isə qətiyyən çəkilməməlidir. Ermənistan ilə sərhəd xəttində vəziyyət barədə isə mütəmadi olaraq beynəlxalq ictimaiyyətə məlumat verməlidir".
H.Cabbarlı bildirib ki, daha əvvəllər də KTMT-nin Qarabağ müharibəsinə müdaxilə edə biləcəyi barədə informasiyalar verilərkən quruma üzv olan dövlətlərin bəziləri buna münasibət bildirmişdir: "Bu məsələ 2011-ci ildə gündəmə gələrkən Qazaxstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutundan Murat Laumulin məsələ ilə əlaqədar verdiyi bəyanatda "Əgər Qarabağda konflikt başlayarsa bu Azərbaycanın Ermənistan hücum etməsi olmayacaqdır. Bu Azərbaycanın daxili məsələsidir. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir." demişdir. Bu bəyanata istinad edərsək, Qazaxstanın KTMT-dən irəli gələn öhdəliyini yerinə yetirməməsi üçün bütün fürsətlərdən istifadə edəcəyini iddia etmək mümkündür. KTMT-yə üzv olan Özbəkistanın da Ermənistanı dəstəkləmə ehtimalı zəifdir. Azərbaycan və Özbəkistan prezidentlərinin şəxsi münasibətləri və iki ölkə arasında inkişaf edən əməkdaşlıq Özbəkistanın daha təmkinli davranmasına səbəb ola bilər. Qazaxstan və Özbəkistan vəziyyətə dərhal müdaxilə etməyəcək".
Mərkəz sədri hesab edir ki, KTMT-yə üzv olan Belorus məsələ ilə əlaqədar fikrini bildirməyib: "Amma son zamanlarda inkişaf edən Azərbaycan-Belorus münasibətləri nəzərə alınarsa, Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlayacağı təqdirdə Belorusun da Qazaxstan və Özbəkstan kimi tərəfsiz qalmağa çalışacağı ehtimalı yüksəkdir. Belə ki, 2010-cu ildə təbii qaz borcunun ödənilməsi üçün Rusiyanın Belorusa təzyiqlərinin artırmasından sonra ciddi problemlərlə qarşılaşan Belorus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək təcili olaraq 200 milyon dollar borc istəmişdi. Azərbaycanın tələb edilən miqdarı təmin edərək eyni gün Belorusa verməsi bu ölkənin ciddi bir probleminin həll edilməsinə və imajının zədələnməməsinə köməklik etmişdir. Qarabağda hərbi əməliyyatlar başlayarsa Azərbaycanı dəstəkləmək ya da ən azından tərəfsiz qalmaq Belorusun vəfa borcudur. Əks təqdirdə Belorus qarşılaşacağı hər hansı bir problemlə bağlı Azərbaycandan daha kömək istəyə bilməyəcəkdir. Buna sadəcə etik olaraq haqqı çatmayacaqdır.O, əlavə edib ki, KTMT-nın lideri olan Rusiya Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi gərəkdiyini bildirsə də, daxilindəki Çeçenistan probleminin həll edilməsi üçün nədənsə hərbi əməliyyatlar təşkil etməyi uyğun görür: "Bəzi rus mütəxəssislər Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlayacağı təqdirdə KTMT-nin problemə müdaxilə edə biləcəyini vurğulasalar da, bəziləri əks görüşləri müdafiə edir. KTMT-nin müdaxilə edə biləcəyini iddia edənlər Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemlərinə olan münasibəti ön plana çıxarsalar da, Dağlıq Qarabağ probleminin yuxarıda adı keçən problemlərlə oxşar tərəflərinin olması ilə bərabər ciddi fərqlər də mövcuddur və bu KTMT-nin Qarabağ probleminə müdaxilə etməsinə hüquqi olaraq imkan vermir".
sia.az