Seçkidən sonra yekun nəticələrlə razı olanlar kimi, narazılar da var. Bu, təbiidir. Çünki hər məğlub tərəf bunu həzm edə bilmir axı. Belə olan halda isə, real nəticələrə kölgə salmaq niyyətilə onu "saxta" və "sifarişli" adlandırırlar.
İnamını itirdiyiniz seçiciləriniz 4-cü dəfəyə "yox" dedi
Daha da dəqiqləşdirək. Bundan öncəki parlament seçkilərində 3 çağırışda millət vəkili seçilmiş İqbal Ağazadə və İlyas İsmayılov hələ heç seçki başlamamış "təşvişə" düşmüşdülər. 15 illik deputatlıq təcrübəsinə malik bu insanlarda sanki bir əminlik var idi "Mənim seçicilərim arasında nüfuzum böyükdür, onsuz da mən seçiləcəm " düşüncəsi bu əminliklərinə vüsət verirdi. Daha düşünmürdülər ki, bundan öncə bir neçə dəfə seçilə bilərsən, səni tanıyanlar çox ola bilər, amma səni tanıyıb səsini verənlərin səsi ola bilmisənmi?! Çətin zamanlarında yanlarında olub problemlərinin həlli üçün səy göstərmisənmi?! Bu iki şəxsin son 5 illik deputatlıq fəaliyyətinə nəzər saldıqda, onların yuxarıda verilən suallar qarşısında "başıaşağı" qaldıqlarının şahidi oluruq.
İqbal Ağazadə-Araz Əlizadə mübarizəsində son sözü MSK dedi
"Ümid" partiyasının sədri İqbal Ağazadə seçki öncəsi namizədliyini verdiyi dairədən əsas rəqibi olan Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə ilə "söz davası"nda idi. Hətta məsələ məhkəməyə qədər gedib çıxmışdı. Araz Əlizadə İqbal Ağazadəni seçicilərinə biganə münasibət göstərməkdə qınayır, hətta İqbal bəyin seçki təbliğatı dövründə qanuna zidd olaraq seçici etimadı qazanması üçün məlum dairə ərazisində "abadlıq" işləri aparmaqda ittiham edirdi. Yəni bu 5 ildə heç nə etmə, seçkiyə az qalmış "fəaliyyətə" başla. Doğru və düzgün qınaq idi. Qarşılıqlı ittihamlar səsləndirən tərəflərin seçkisonrası münasibətləri maraq doğururdu. Seçki bitdi. Hələ rəsmi nəticələr açıqlanmadan, ilkin "exit-poll" məlumatlarına görə qalib gələn Araz Əlizadəyə İqbal Ağazadə tərəfindən "yalançı" "saxtakar" deyə damğalar vurulmağa başladı. O, təkidlə "qalib" olduğunu, bunun üçün əlində xeyrinə sənədlər olduğunu iddia edirdi. Əlbəttə, bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyildi. Son sözü MSK dedi: məğlubiyyəti də həzm etmək lazımdır.
Həmişə son seçim xalqındır
Ədalət partiyasının sədri İlyas İsmayılov da seçkinin "saxtalaşdırılığını" iddia edir. Əvvəla, qeyd edək ki, İlyas İsmayılov 3 çağırış Milli Məclisin deputatı olub və bu müddət ərzində onu seçən vətəndaşların, ümumiyyətlə xalq və dövlət üçün doğru-düzgün konsepsiya ilə çıxış etməyib. Son 5 ildə isə, sadəcə aydan-aya deputat maaşı almaqla kifayətlənirdi. Belə münasibətə qarşılıq olaraq bu seçkilərdə seçiciləri ona güvənib, öz səsini vermədi. Onlar özlərinin problemlərini parlamentdə qaldıra biləcəyinə güvəndikləri insanı dəstəklədilər. Həmişə son seçim xalqındır.
Belə insanı inanıb parlamentə buraxmaq ancaq 1 dəfə ola bilərdi
Pənah Hüseyn də deputatlığa namizəd idi. Belə namizədlikdən heç olmaması daha yaxşı olardı. Seçki günü özünü gülməli vəziyyətə salması yəqin hamının yadındadır. Bu insan məntəqələrə icazəsiz daxil olub, seçki bülletenlərini seçicilərin əlindən zorla alaraq ərazidən qaçmışdır. Pənah bəy haqqında əlavə nəsə danışmağa ehtiyac yoxdur. Çünki artıq hər kəs bu insanın keçmişdəki yarıtmaz fəaliyyəti və hazırkı destruktiv mövqeyilə tanışdır. Belə insanı inanıb parlamentə buraxmaq ancaq 1 dəfə ola bilərdi.
1 noyabr parlament seçkiləri açıq, şəffaf və kifayət qədər demokratik mühitdə baş tutub
Bir neçə dəfə deputat mandatı qazanıb qanunverici orqan kreslosunda əyləşən bəzi deputatların bu dəfə bu mandatdan məhrum olmasının "saktakarlıq" kimi qiymətləndirməsi onların seçicilərinə qarşı hörmətsizliyidir. Necə olur ki, bundan öncə seçiləndə, hər şeyi yüksək səviyyədə tərifləyirsiniz, amma bir dəfə seçilməyəndə, bunu "qeyri-demokratik"lik adlandırırsınız. İstər yerli, istərsə də xarici müşahidəçi rəyləri isə 1 noyabr parlament seçkilərinin beynəlxalq standarlara və yerli qanunvericiliyə cavab verdiyini, azad, şəffaf və demokratik mühitdə baş tutduğunu təsdiq etdi.
Tofiq Rəfailoğlu