Ümummilli liderimiz Heydər Əliyev bugünkü qüdrətli Azərbaycan Respublikasının qurucusu və memarıdır. O, ölkəmizin uzun müddətə hesablanmış gələcək inkişaf perspektivlərini müəyyənləşdirib. Təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi və siyasi strategiya bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda "Müstəqil Azərbaycanın qurucusu" mövzusunda keçirilən tədbirdə səsləndirilib.Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatında keçirilən tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açaraq, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın gələcəyi, inkişafı üçün gördüyü misilsiz işlərdən danışıb.YAP Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, Dəmirçi kənd tam orta məktəbi ilk partiya təşkilatının sədri Həbib Ələkbərov, rayon Statistika İdarəsi ilk partiya təşkilatının sədri Ramiz Rəsulov və Kürçülü kənd tam orta məktəbi ilk partiya təşkilatının sədri Zülfiyyə Məmmədova tədbirdə çıxış ediblər.Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldiyi vaxt respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyyətində idi. Dahi rəhbər yaxşı bilirdi ki, müstəqil yaşamaq üçün, birinci növbədə, ölkə iqtisadi asılılıqdan qurtulmalı, hər cəhətdən özünü təmin etmək imkanı olmalıdır. Buna görə də 1969-cu ildən başlayaraq iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər mühüm sahələrdə qısa müddətdə misilsiz işlər görüldü. Respublikamızda hərəkətə gətirilən potensial Naxçıvan Muxtar Respublikasının, o cümlədən Şərur rayonunun da hərtərəfli inkişafına böyük təkan verdi. Geniş üzüm plantasiyaları və meyvə bağları salındı, istehsal olunan məhsulun ilkin emalı üçün 6 şərab zavodu, o vaxtadək keçmiş SSRİ-də analoqu olmayan konserv zavodu, yağ-pendir zavodu tikildi, dəmir-beton konstruksiyaları zavodu, qum-çınqıl emalı müəssisəsi, asfalt zavodu işə salındı. Ümumilikdə, 10 il ərzində rayonda irili-xırdalı 20-dən artıq istehsal müəssisəsi yaradıldı.Bildirilib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə gəldikdən sonra gündən-günə tərəqqi edən Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu inkişaf sosial-iqtisadi və mədəni həyatın bütün sahələrini əhatə edir. Bu gün böyük qürur hissi keçiririk ki, Ulu Öndərin Naxçıvanın dünəni, bu günü və daha xoşbəxt gələcəyi naminə müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır.Tədbirdə vurğulanıb ki, son 20 ildə aparılan ardıcıl və uğurlu siyasət nəticəsində muxtar respublika sosial-iqtisadi sahədə böyük uğurlar qazanıb. Artıq xarici bazarlardan asılılıq minimuma endirilib. İşsizliyin aradan qaldırılması, məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində hər il minlərlə yeni iş yerləri yaradılır. Yaşayış məntəqələrinə fasiləsiz elektrik enerjisi və qaz verilir. Yol-nəqliyyat kompleksi yenilənir, ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına təmin edilir, ümumtəhsil məktəblərinin şəbəkəsi yeni istifadəyə verilən obyektlər hesabına ildən-ilə genişlənir. Sevindirici nəticələrdən biri də odur ki, əhalinin artımında və məskunlaşmasında da hər il yüksək rəqəmlər qeydə alınır.
AZƏRTAC