"Azərbaycan olmasaydı, bu gün Gürcüstanın müstəqilliyi əldən getmişdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Qabil Hüseynli deyib. O, Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstan səfərini şərh edib.Politoloq bildirib ki, Gürcüstan son vaxtlar məntiqə sığmayan addımlar atır: "Gürcüstan "Qazprom"la qaz müqaviləsi ətrafında müzakirələr aparır, digər tərəfdən Sarkisyan Gürcüstana səfər edir, Bidzina İvanişvili ilə görüşür və İran qazının Ermənistan ərazisindən Gürcüstana nəql edilməsi haqda danışıqlar aparır. Daha sonra isə danışıqlar əsnasında Ermənistanı Rusiya ilə bağlayan və Gürcüstandan keçən dəmir yolu xəttinin işə salınması məsələsi gündəmə gətirilir. Bütövlükdə bunların hamısı Azərbaycan əleyhinə olan məsələlərdir".O vurğulayıb ki, Azərbaycan Gürcüstana ən çətin vaxtlarda, Rusiyanın Gürcüstana hücum etdiyi bir zamanda kömək edərək ona ən aşağı qiymətdə qaz satıb və elektrik enerjisi ilə təmin edib: "Azərbaycan Gürcüstanı lazım olan miqdarda qazla təmin edir. Bakı-Ceyhan və Bakı-Ərzurum xətlərindən alınan tranzit gəlirləri Gürcüstanın büdcəsinin təxminən 40 faizini təşkil edir. Bu böyük bir məbləğdir. Bu yaxşılıqların əvəzində isə Gürcüstanın xəyanətkar mövqeyə əl atması Azərbaycan üçün gözlənilməz hadisədir və baş verən hadisələr bir sözlə ürəkbulandırıcıdır".Qabil Hüseyni qeyd edib ki, Ermənistan ərazisindən qaz çəkmək çox baha başa gələr: "Gürcüstan birdən-birə öz strateji maraqlarından keçərək ermənilərin və rusların hiyləsi ilə müxtəlif yollara əl atıb. Vaxtilə Saakaşvili demişdi ki, əgər Azərbaycan olmasaydı, bu gün Gürcüstanın müstəqilliyi əldən getmişdi, Gürcüstan öz müstəqilliyinə görə Azərbaycana borcludur. Bu Saakaşvilinin səsləndirdiyi fikirlərdir.Hazırda Gürcüstan Qərb və Rusiya ilə ikili siyasət yeridir. Gürcüstan bu rəftarı ilə özünü ciddi tələyə salır. Buna görə də yaxın bir zamanda Gürcüstanda hakimiyyət dəyişikliyi də ola bilər. Hazırda bu ölkənin apardığı siyasət həm bölgə üçün, həm də gürcü xalqı üçün problem yaradır".
sia.az