İlham Əliyev: "Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik"
Sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənmişdir.
Ölkədə sahibkarlığın inkişafı istiqamətində atılan önəmli addımlar, sağlam biznes mühitinin daha da əlverişli olması üçün yaradılan real şərait bütün istiqamətlərdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nailiyyətlərə nail olunub.
Sağlam biznes mühiti davamlı iqtisadi inkişafın qarantıdır
Ölkədə sahibkarlığın inkişafı istiqamətində atılan önəmli addımlar, sağlam biznes mühitinin daha da əlverişli olması üçün yaradılan real şərait bütün istiqamətlərdə olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nəticələrin əldə edilməsinə şərait yaratmışdır. Özəl sektorun inkişafilə bağlı dövlət başçısının verdiyi Fərman və sərəncamların hər biri sahibkarlığın genişləndirilməsində mühüm bir addıma çevrilir.
Bu gün Azərbaycanda müxtəlif sahələri əhatə edən dövlət proqramları uğurla həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər öz müsbət həllini tapır. Ölkə Prezidenti İlham Əliyev demişdir: "Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bu, böyük tarixi nailiyyətimizdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox artmışdır. Ölkədə böyük sosial layihələr, sosial proqramlar icra edilir, iqtisadi islahatlar, eyni zamanda, sosial məsələlərin həllində də bizə kömək göstərir".
Ölkəmizin sosial-iqtisadi sahələrdə əldə etdiyi müsbət göstəricilər nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapır. Məsələn, Dünya İqtisadi Forumu 2014-cü il üçün yeni hesabatında Azərbaycan 138 ölkə arasında 77-ci pillədə qərarlaşmışdır.
Əlbəttə, bütün bunlar təsadüfi deyil. Çünki ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir və bu istiqamətdə dövlət dəstəyi tədbirləri davam etdirilir. Bunun nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür.
Ölkə Prezidenti İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixdə imzaladığı "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanı, sahibkarlıq fəaliyyətinin inkişafının Azərbaycan Respublikasında dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bir daha sübut edir. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ücün tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin "ASAN xidmət" mərkəzində həyata keçirilməsi, habelə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi məsələləri də bu Fərmanda öz əksini tapmışdır. Bunula bərabər, 20 oktyabr 2015-ci il tarixdə Milli Məclisin plenar iclasında Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılmış və qəbul edilmişdir. Qəbul olunmuş qanun layihəsində 2015-ci il noyabrın 1-dən hesablanmaq şərtilə 2 il müddətinə yoxlamalarin dayandırılması, bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparılacağı nəzərdə tutulmuşdur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, müstəqillik illərində Azərbaycanda aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmini qat-qat artırmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar investisiyanın cəlb edilməsi heç də adi fakt deyil. Sevindirici haldır ki, ölkəmizə yatırılan sərmayənin həcmi ilbəil artmaqdadır. Təkcə ötən il ölkə iqtisadiyyatına 28 milyard dollar, başqa sözlə, rekord həcmdə sərmayə yatırılmışdır.
Qeyri-neft sektoru müasir sahibkarlığa təkan verən amildir
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdi ki, "Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik".
Doqquz ayda Azərbaycan iqtisadiyyatı, ümumilikdə 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox artmış və ümumi daxili məhsulun təxminən 70 faizini təşkil etmişdir. Azərbaycanda qeyri-neft sektoru yüksək templə inkişaf edir və bu sahədə məhsul istehsalı ildən-ilə artır. Təkcə cari ilin yanvar-iyul aylarında xarici ölkələrə 973,4 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunub ki, bu da kecən ilin yanvar-iyul aylarının səviyyəsini 11,4 faiz üstələyib.
İclasda Cənab Prezident qeyd etdi ki, "Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar. İndi bölgələrdə əsas infrastruktur layihələri demək olar başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz və su xətləri çəkilir. Ona görə biznesin inkişafı üçün bölgələrdə və Bakıda yaxşı imkanlar var. Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün, əminəm ki, çox ciddi addımlar atılacaq".
Bütövlükdə, Azərbaycanın inkişafı naminə ölkəmizdə müasir bazar iqtisadiyyatının tələblərinə cavab verən ədalətli, şəffaf və rəqabət qabiliyyətli biznes mühitinin formalaşdırılması olduqca vacibdir. Ədalətli biznes şəraiti ölkəmizin iqtisadi tərəqqisini daha da sürətləndirər, yeni iş yerlərinin açılmasına, bazara yeni investisiyaların cəlb edə bilməsinə zəmin yaradar. Bütün bunlar isə, son nəticədə bazarlarda qiymətlərin enməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, bir sözlə, Azərbaycanda həyat səviyyəsinin daha da yüksədilməsinə imkan verəcək.
RƏFİQƏ HÜSEYNOVA