PDF Oxu

Siyasət

  • 33

Müsavatın iki yerə parçalanması Arif Hacılıya sərf edir

Müsavatın iki yerə parçalanması Arif Hacılıya sərf edir

TƏRS BAXIŞ

Tural Abbaslı və Qubad İbadoğlu amili Müsavat başqanının arzularını necə reallaşdırır?

Müsavat partiyasında rəsmi parçalanma davam edir. Belə ki, əsası ötən ilin sentyabrında, partiyanın qurultayında qoyulan narazılığın sonradan parçalanma ilə əvəzlənəcəyi bəlli idi. Daha sonradan əsasən köhnə müsavatçıların cəmləşdiyi və Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR), onun ardınca isə gənclərin üstünlük təşkil etdiyi təbəqənin Tural Abbaslının "Ağ Blok"unun ətrafında toplaşması ilk baxışdan Müsavatın iki hissəyə bölünməsini sübut edirdi. Lakin Arif Hacılının baş verənlərə etinasız yanaşması, əksinə daha kəskin çıxışlar edərək onları anti-müsavatçılıqda suçlaması, əslində hadisələrin ona sərf etdiyini göstərirdi.

Tural Abbaslı: "Arif Hacılı ilə bundan sonra da problemim olacaq"

Lakin bu arada Arif Hacılıya qarşı ən sərt ittihamlarla yadda qalan Qubad İbadoğludan daha çox Tural Abbaslıdır. O, Müsavat rəhbərliyi tərəfindən növbəti dəfə qınaq obyektinə çevrildiyi zaman, yəni xəyanətkar elan edildiyi vaxt buna qarşı çıxıb və əslində problemin başlıca səbəbkarı kimi məhz Arif Hacılının olduğunu deyib. Sitat: "Əgər, bu şəxslər səhvlərini anlasalar, partiyanı hansı gülünc duruma gətirdiklərini başa düşərək doğru addımlar atsalar, qarşısında səhv etdikləri, ədalətsiz münasibət sərgilədikləri şəxslərdən üzr istəsələr, qarşıdurmamız olmaz. Odur ki, mənim Müsavatla mübarizəm yoxdur. Müsavat adından danışan, lakin müsavatçılıq adına yaraşmayan addımlar atan, siyasət yürüdən şəxslərlə problemim olub və bundan sonra da olacaq".

Xaici dairələr seçkilərə 3-4 gün qalmış Müsavat başqanını satın almağı bacardılar

Göründüyü kimi, Arif Hacılının ittihamları səngimədiyi qədər ona verilən cavablar da sərt və davamlı olur. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, əslində baş verənlər Arif Hacılıya sərf edir. Narazılar üzə çıxdıqca, partiyada ona qarşı əks mövqedə dayananlar bəlli olduqca, onun başqanlıq postu daha da möhkəmlənir. Bu isə sonradan ona xarici təşkilatlarla iş birliyinə gedib əldə etdiyi qazancın daha çox hissəsinə sahib olacağını sübut edir.

Bu arada o da əbəs yerə deyildi ki, daha öncədən parlament seçkilərinə qatılmaq qərarını vermiş Arif Hacılı və onun qruplaşması sonradan həmin qərardan vaz keçərək, seçkilərə qatılmadılar. Yəni burada Azərbaycana qarşı çıxan xarici təşkilatların rol alması ehtimalı böyükdür. Onlar daha öncədən Müsavatın seçkilərə qatılacağını bildiklərinə görə, seçkilərə 3-4 gün qalmış Arif Hacılını satın almağı bacardılar. Bununla da deputat mandatı iddiasında olan Hacılı həmin iddiasının reallaşmayacağını yaxşı bildiyinə görə, dərhal ona maddiyyat təklif edən təşkilatlara tərəf istiqamətləndi. Buna isə satılmaqdan başqa hər hansı digər ad vermək doğru olmazdı.

Görünür, bu amil onu çox şirnikləşdirib və hazırda Tural Abbaslı, ya da Qubad İbadoğu tərəfdarları onu nə qədər çox tənqid etsələr, bu, ona sərf edir. Ən azından, hələ yenicə başqan seçildiyi zaman radikal müxalifət imicini saxlamaq imkanını qazanır. Amma radikalizmin bu ölkədə heç bir uğur əldə edə bilmədiyini, bundan sonra da edə bilməyəcəyini unudur.

Rövşən RƏSULOV

Digər xəbərlər