Prezident İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gəlib. Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib. Dövlətimizin başçısı abidənin önünə əklil qoyub. Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını da ziyarət edib. Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoyub. Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 5-də Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili qarşılayıb. Gürcüstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Giorgi Marqvelaşviliyə təqdim olundu. Sonra prezidentlər xarici ölkələrin Tbilisidə akkreditə olunan səfirləri ilə görüşdülər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Noyabrın 5-də Tbilisidə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili:
- Zati-aliləri cənab Prezident. Hörmətli nümayəndə heyətinin üzvləri.
İcazə verin, Sizin Gürcüstana səfərinizi ürəkdən alqışlayım. Deməliyəm ki, çoxdandır bu səfərin intizarında idim. Bizim mehriban qonşuluğumuz, əməkdaşlığımız və həyata keçirdiyimiz ortaq strateji layihələrimiz nümunəvidir. Ancaq cənab Prezident, mən əminəm ki, Sizin Gürcüstana bu rəsmi səfəriniz əməkdaşlığımızı daha da dərinləşdirəcək və əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək.
Çox sağ olun, hörmətli cənab Prezident. Göstərilən qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Əminəm ki, səfərimin nəticələri iki ölkə arasındakı əlaqələrin inkişafına çox müsbət təsir göstərəcək. Bizim üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Çox istəyirik ki, ikitərəfli əlaqələr daha da sürətlə inkişaf etsin və bütün sahələri əhatə etsin. Gündəlikdə duran məsələlər çoxdur. Hər məsələ ilə bağlı konkret proqramlar var və icra mexanizmləri də mövcuddur. İndi biz bu məsələləri geniş tərkibdə məmnuniyyətlə müzakirə edəcəyik. Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparıldı.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıblar. Noyabrın 5-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi nahar verilib.