"Rusiya prezidenti Vladimir Putinin Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanı "Puşkin" medalı ilə təltif etməsi iki ölkə arasında olan uğurlu əlaqələrdən xəbər verir. Eyni zamanda bu onu göstərir ki, Azərbaycan hər zaman Rusiyanın yanındadır". Bunu SİA-ya Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili deyib.Onun sözlərinə görə, burada digər məqam da mədəni əlaqələrin yüksək səviyyədə olmasından qaynaqlanır: "Leyla Əliyeva Azərbaycan mədəniyyətini Rusiyada təbliğ etdiyi qədər də rus mədəniyyətini, incəsənətini Azərbaycanda təbliğ edir. Bu, olduqca vacib məqamdır. Hesab edirəm ki, bu mükafat ölkələrimiz arasında olan xoş münasibəti daha da yaxşılaşdıracaq. Bu mükafat eyni zamanda Rusiyada yaşayan bütün azərbaycanlı gənclərə verilən qiymətdir. Biz də öz növbəmizdə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa borcluyuq".T.Allahverdili əlavə edib ki, bu mükafat iki dərin tarixi kökə malik olan Rus və Azərbaycan xalqları arasında sülh, dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın bundan sonra daha da möhkəmləndirilməsində böyük rol oynayacaq: "Rusiyadakı Azərbaycan gəncliyinin Rusiya dövləti tərəfindən qiymətləndirilməsi bizlər üçün çox ciddi bir stimul oldu və ümidvaram ki, gələcəkdə fəaliyyətimizin daha da genişlənməsinə və yüksək səviyyədə inkişafına təkan verəcək".
sia.az