İşğalçı ölkənin dövlət büdcəsi yox səviyyəsindədir
Hər bir ölkədə ictimaiyyət, idarəçi və intellektual dairələr geridə qalan 2015-ci ildə hansı uğurlar qazanıldığı və bundan sonrakı hədəflərin nələr ola biləcəyi barədə geniş müzakirələr aparırlar. Faktlar belə deməyə əsas verir ki, bu baxımdan Ermənistanda vəziyyət dəhşətli həddə çatmışdır. İl ərzində ölkə miqyasında heç bir uğur, nəzərəçarpacaq irəliləyiş, nailiyyət əldə edilməmiş, 2015-ci ildə ölkə uçurumun kənarınadək sürüklənmiş, sosial-iqtisadi vəziyyət "müstəqillik" tarixində görünməmiş dərəcədə pisləşmiş, kriminal vəziyyət dözülməz həddə çatmışdır.
Ermənistanın dövlət büdcəsinin gəlirləri 2 milyard 583 milyon ABŞ dolları dəyərində proqnozlaşdırılıb
Belə ki, Ermənistan hökumətinin ölkənin 2016-cı il üçün təsdiq etdiyi dövlət büdcəsi ermənilərə xoş günlər vəd etmir. Belə ki, sənəddə dövlət büdcəsinin gəlirləri 1 trilyon 219,5 milyard, xərcləri isə 1 trilyon 411,9 milyard dram müəyyən edilib. Nəzərə alsaq ki, postsovet məkanında ən aşağı dəyərdə olan milli valyuta məhz Ermənistandadır və hazırda 1 ABŞ dolları 472 drama bərabərdir, o zaman gözümüzün qarşısındakı bu rəqəmlər kifayət qədər "əriyir". Başqa sözlə, gələn il üçün Ermənistanın dövlət büdcəsinin gəlirləri 2 milyard 583 milyon ABŞ dolları, xərcləri isə 2 milyard 991 milyon ABŞ dolları dəyərində proqnozlaşdırılıb.
Bu rəqəmlərə istinad edən erməni analitiklər gələn il də ölkədə tənəzzülün davam edəcəyini, əhalinin güzəranının builkindən daha pis olacağını proqnozlaşdırırlar. Eyni zamanda, ölkədə miqrasiya axınının sürətlə davam edəcəyini vurğulayırlar. Belə ki, ölkədəki korrupsiya və rüşvətxorluq, eləcə də işsizlik səviyyəsinin durmadan artması sadə vətəndaşları çətin vəziyyətə salıb. Ölkənin xarici borclarının təqribən 5 milyard ABŞ dollarına yaxınlaşması Ermənistan hökumətini çətin vəziyyətə salıb. İndi nəinki özəl sektorda, hətta dövlət müəssisələrində çalışanlar belə maaşlarını vaxtlı-vaxtında ala bilmirlər. Hər ötən ay Ermənistan xarici borclarının üstünə yenisini əlavə edir. "www.news.am" saytının yazdığına görə, Dünya Bankının (DB) Direktorlar Şurasının oktyabrın 1-də keçirilən iclasında Ermənistana daha 21 milyon dollarlıq kreditin verilməsinə dair qərar qəbul olunub. Həmin vəsait dövlət sektorunda modernləşdirmə islahatlarının aparılmasına sərf olunacaq. Müqaviləyə əsasən, artıq üçüncü tranşda ayrılan həmin kredit hesabına hökumət elektron idarəetməni gücləndirməlidir. Lakin yerli analitiklərin fikrincə, DB-nin bundan əvvəl iki tranşda ayırdığı vəsaitlər hakimiyyəti zəbt etmiş korrupsioner rejim tərəfindən necə havaya sovrulmuşdusa, növbəti kreditin də aqibəti eyni olacaq. Ekspertlərin fikrincə, Serj Sarkisyan rejimi əgər ölkənin gələcəyi, xalqın rifahı haqqında düşünsəydi, uzun illər mənfəətlə işləyən iri dövlət müəssisələrini dəyər-dəyməz qiymətinə xarici səhmdarlara, o cümlədən Rusiya şirkətlərinə satmazdı. Elə son hadisələr bunu bir daha isbatlayır.
Ermənistanda əhalinin 41 faizi yoxsulluq səviyyəsindədir
Düşmən ölkədəki vəziyyəti daha yaxşı anlamaq üçün qeyd etmək yerinə düşərdi ki, rəsmi rəqəmlərə görə, 2015-cü ildə Ermənistan əhalisinin 41 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, bu rəqəmin növbəti il üçün yüksək olacağını proqnazlaşdırır. Ermənistanda sabit gəliri olmayan 280 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Fəqət, bu insanların ailələrində adambaşına düşən gəlir minimal yaşayış təminatı həddindən də aşağı olduğundan, onlar ifrat yoxsul sayıla bilərlər. Həmin rəqəmləri də 41 faizin üzərinə əlavə etsək, onda belə çıxır ki, ölkə əhalisinin demək olar ki, yarısı dilənçi vəziyyətində yaşayır. Bu isə sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgin olduğunu göstərir.
Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda bu faktı təsdiqləməklə yanaşı, korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirir, belə gedərsə, 2016-ci il ərzində sosial partlayışın qaçılmaz olacağını qeyd edirlər. Ölkədən köçün kütləvi hal almasının səbəbi də insanların sosial-iqtisadi çətinliklərdən təngə gəlməsidir. Ermənistanın miqrasiya xidmətinin bildirdiyinə görə, təkcə keçən ilin ilk 7 ayı ərzində bu ölkəni 83 min 760 nəfər tərk edib. "Aykakan Jamanak" qəzeti isə bu rəqəmin ən azı iki dəfə artıq olduğunu bildirir.
Araşdırmalar göstərir ki, 2015-ci ildə bu ölkədəki miqrantların sayı yerli əhalinin sayını ötüb və Ermənistan bu göstəricisinə görə dünyada yeganə ölkədir. 2012-ci ildə dövlət büdcəsinin 16 faizini hərbi xərclərə ayıran ölkə, 2013-cü ilə büdcənin 19 faizini bu sahəyə ayırıb. Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri cəmi 3 milyard 73 milyon dollar (2015-cü il üçün) təşkil edir ki, bu da Azərbaycanın gələnilki hərbi büdcəsindən təxminən 2 milyard dollar azdır. Ermənistanın hərbi xərcləri isə, ümumiyyətlə Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür - cəmi 472 milyon dollar.
Göründüyü kimi, Ermənistanda yaranan vəziyyət, xüsusilə də iyun ayının 19-dan başlanılan aksiyalar və aksiyalarda irəli sürülən tələblər ölkədə ağır olan vəziyyətin daha kriminal hal alacağını aydın göstərir. Erməni mətbuatının məlumatına görə, "Talana yox!" təşəbbüs qrupunun fəalları etiraz aksiyalarını fasiləsiz olaraq davam etdirəcəklərini və elektrik enerji tariflərinin qaldırılması haqqında qanunun dondurulmasını, tariflər məsələsilə bağlı fəallarla danışıqların aparılmasını, aksiya iştirakçıları və jurnalistlərə qarşı zorakılıq edən mülki geyimli polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Qagik Sarukyan: "Sarkisyanı Çauşeskunun aqibəti gözləyir"
Bütün bu faktlar Ermənistan dövlətçiliyinin süquta doğru getdiyini, erməni xalqının isə sosial-iqtisadi problemlərin girdabında olduğunu bir daha sübut edir. Politoloqlar hesab edirlər ki, burada sosial-iqtisadi şərait yalnız Ermənistan ordusunun işğal altındakı Azərbaycan torpaqlarından, eləcə də onun ayrılmaz parçası olan Dağlıq Qarabağdan çıxacağı təqdirdə normallaşa bilər.
Erməni müxalifətinin liderlərindən olan Qagik Sarukyan cinayətkar prezident Serj Sarkisyanın siyasi sonluğunun faciəli olacağını deyib və bildirib ki, quldur Serjə cəzanı erməni xalqının iradəsi müəyyən edəcək: "O, növbəti dəfə bu kürsüdə olmayacaq. Hətta Rusiya istəsə belə diktaturadan cana doymuş erməni xalqı buna imkan verməyəcək. Bəlkə də onun həyatının sonu da Rumıniya diktatoru Çauşeskunun aqibəti kimi oldu. Serjikin və xanımının da axırı bir yerdə olmalıdır. Hər ikisi quldurluğu bir yerdə ediblər".
Bir sözlə, görünən odur ki, Serj Sarkisyanın ölkədə yürütdüyü siyasət erməni xalqına xoş heç nə vəd etmir və Ermənistanı bir dövlət kimi məhvə aparır. Ermənilərin korrupsiyalaşmış belə üsul-idarəyə nə qədər dözə biləcəklərini isə zaman göstərəcək.
A.SƏMƏDOVA