PDF Oxu

Siyasət

  • 26

Üçrəngli bayrağımız milli qürurumuzdur

Üçrəngli bayrağımız milli qürurumuzdur

İlham Əliyev: "Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır"

Azərbaycanın varlığının, mövcudluğunun, müstəqilliyinin rəmzləri onun özünütəsdiq simvoludur. Xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ifadəsi olan rəmzlərlə hər bir Azərbaycan vətəndaşı qürurlanır. Yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət Azərbaycan bayrağı da dövlət rəmzlərindən biri kimi qəbul edilib. 9 Noyabr tarixində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncamı ilə Dövlət Bayrağı Günü ölkəmizdə qeyd olunur. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulmasilə üçrəngli bayrağımızın yüksəklikdə dalğalanmasına sədd qoyulsa da, bu, xalqın təfəkküründə dərin iz salmışdır. Hər kəs bu böyük amalla Azərbaycan bayrağının vətən torpağında dalğalanması arzusu ilə yaşamışdı. İllər uzunu müstəqilliyə doğru gələn yolda Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qaldırılıb.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunub, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilib. Ulu Öndər Heydər Əliyev deyirdi:"Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

Azərbaycan Respublikasının dövlət bayrağının rəngləri dövlətimizlə bağlı çox məqamları özündə ehtiva edir. Göy rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyasilə bağlıdır. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə islam sivilizasiyasına, islam dininə mənsubluğun göstəricisidir. Demək, bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixinindən danışır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev dövlət rəmzlərinə böyük diqqət göstərir. Belə ki, Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilib. Bu qanunla Dövlət Bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər müəyyən edilmişdir.

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən, Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət Bayrağı Meydanı salınıb. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metr olan Dövlət Bayraq Meydanı Ginnes Dünya Rekordları Təşkilatı tərəfindən 2010-cu il mayın 29-da dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bütün bunlarla yanaşı, Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Paytaxt Bakı şəhərilə yanaşı, ölkəmizin bir çox bölgələrində də yaradılan bayraq meydanları da dövlət atributlarımıza ölkə başçısının olan sevgi və hörmətinin göstəricisidir.

Müasir dövrümüzdə Dövlət Bayrağımız dünya ölkələrində dalğalanır. Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Mötəbər mərasimlərdə, yarışlarda Azərbaycan Bayrağının dalğalanması hər kəsə qürur verir. "Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir", - deyən Cənab İlham Əliyev bu gün Azərbaycanın hər bir yerində dalğalanan Dövlət Bayrağının Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra işğal altında olan torpaqlarda qaldırılacağına əminliyini bildirib:"Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

NƏZAKƏT

Digər xəbərlər