Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun mərkəzi Şahbuz şəhərində Bayraq Meydanının tikintisi davam etdirilir. İnşaat işlərini "Dizayn" Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirir.AZƏRTAC xəbər verir ki, Şahbuz şəhərinin girişində inşa olunan Bayraq Meydanının ətrafında ötən müddətdə geniş abadlıq işləri görülüb, səkilər salınıb, piyada keçidləri qoyulub.Ərazi terraslara ayrılıb, milli ornamentlərin əks olunduğu memarlıq elementləri ilə dizayn edilib. Bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 37 metrdir. Hazırda ərazidə genişmiqyaslı torpaq işləri həyata keçirilir, postament qranit daşlarla üzlənir, işıqlandırma sistemlərinin quraşdırılması üçün yeraltı xətlər çəkilir, səkilərə daş düzülür, yaşıllaşdırma işlərinə hazırlıq məqsədilə səliqə-sahman yaradılır.Bayraq Meydanı ərazisində istirahət parkı salınacaq, sakinlərin mənalı istirahəti təşkil ediləcək. Tikinti işlərinin layihə əsasında aparıldığı, inşasına çox sayda işçi qüvvəsi və texnikanın cəlb edildiyi meydanın yaxınlığında ictimai iaşə obyektinin tikilməsi də nəzərdə tutulub.
AZƏRTAC