PDF Oxu

Siyasət

  • 44

Azərbaycanda elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur

Azərbaycanda elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur

İlham Əliyev: "Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır"

Elmin inkişafı ölkənin tərəqqisində mühüm rol oynayan amillərdəndir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət etsək görərik ki, həmin dövlətlərin uğurlarının təməlində elmi-texniki tərəqqi dayanır. Elmin inkişafı dövlət quruculuğu prosesinin mühüm təminatı hesab olunduğundan və bu prinsip üzərində ənənələrə istinad edən dövlətlər nail olduqları tərəqqiyə görə dünya arenasında layiqli yer qazanırlar. Milli intibahı təmin edən ən başlıca vasitə olan elm cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində vacib rol oynadığından ölkəmizdə elmi tərəqqiyə xüsusi diqqət yetirilir. Müstəqil Azərbaycan qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət olaraq elmin inkişafı və bu sahəsində mövcud olan bəzi problemlərin aradan qaldırılması istiqamətində ardıcıl işlər həyata keçirir.

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin elmi intibaha yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan elmi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Azərbaycanda elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur, bundan səmərəli istifadə olunur. Respublikada fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflər, ixtiralar iqtisadiyyatın bütün sahələrində tətbiq olunur.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində, başqa sahələrdə olduğu kimi, akademik elmdə də nailiyyətlər və uğurlar əldə edilmişdir. Möhtərəm Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar sırasında "2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya" və 2012-ci ilin dekabr ayında xüsusi Fərmanla təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası mühüm yer tutur. Bu sənədlər qloballaşma dövrünün və informasiya cəmiyyətinin qarşımızda yeni hədəflər qoyduğu dövrdə yeni çağırışlara cavab verməyə səfərbər edir.

Qeyd edək ki, elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsasında Azərbaycan elminin respublikanın iqtisadi inkişafında rolunun artırılması, yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi, mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli və s. məsələlər dayanır.

Təbii ki, respublikamızda aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, istiqamətləndirilməsi və bütövlükdə, elmi-texniki siyasəti elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirir. Azərbaycanda elmin gələcək inkişafı, elmi fəaliyyətin əlaqələndirilməsi və tənzimlənməsi burada çalışan, ümumilikdə alimlərin ümdə vəzifəsi kimi qarşıya qoyulub. Müasir dövrümüzdə AMEA institutlarında onlarla müxtəlif universitetlərin kafedralarının filialları fəaliyyət göstərir. Akademiyanın çoxsaylı üzvləri və yüzlərlə alimi təhsil prosesində yaxından iştirak edirlər. Akademiyanın tarixində ilk dəfə olaraq magistratura təsis olunub və doqquz ixtisas üzrə magistrantların qəbulu keçirilib. İnstitutlar ali məktəblərlə sıx əməkdaşlığı - akademik fəaliyyətin strateji xəttini təşkil edir.

Son illər ərzində akademiyanın maddi-texniki bazası möhkəmlənib, institutları təmir olunub, elmi kitabxana kompleksi yaradılıb. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə görülən işlər sırasındadır. Azərbaycan Milli Elmlər Akademiyası elmin dünya standartlarına uyğunlaşdırılmasına, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin edilməsinə, eləcə də, ölkənin elmi kadr potensialının inkişaf etdirilməsinə bu və ya digər işlərin həyata keçirilməsinə öz töhfələrini verir. Azərbaycan Prezidentinin müəyyən etdiyi hədəflər, qaldırdığı məsələ və problemlər, irəli sürdüyü vəzifələr alimlərin gələcək fəaliyyət proqramının əsasını təşkil edir.

"...dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan son illər ərzində neft-qaz amilindən asılılığı azaltmağa çalışır və buna nail olur"

Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev akademiyanın bu illər ərzində uğurlu yol keçdiyini, bu gün də ölkənin inkişafında fəal rol oynadığını, alimlərin öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfələr verdiklərini, onların elmi fəaliyyəti sayəsində müxtəlif sahələrdə ən müasir texnologiyaların tətbiq edildiyini bildirib:"Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır". Ölkə başçısı həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyaların olduğunu və onların Azərbaycana gətirilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Ölkənin tərəqqisində alimlərin rolundan danışan Prezident İlham Əliyev yeni təhlükələr və təhdidlərin mövcud olduğu dünyada hər bir ölkənin öz daxili resurslarına arxalanmasının vacibliyini qeyd edərək bildirib ki, dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan son illər ərzində neft-qaz amilindən asılılığı azaltmağa çalışır və buna nail olur. Bu gün dünyada yeni bir dövr yaşandığını bildirən Cənab İlham Əliyev həm bölgədə, həm dünyada inkişafın müsbət istiqamətdə getmədiyini, yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yarandığını bildirib:" Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır".

Ölkəmizin müstəqil siyasət apardığını və həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərdiyini bildirərək, bu gün alovlanan bölgədə Azərbaycanın sabitlik adası, sülh, əmin-amanlıq məkanı olduğunu da qeyd edib:"Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha da güclənəcək".

"BU GÜN AZƏRBAYCAN ƏHALİSİ SÜRƏTLƏ ARTIR, BİR NEÇƏ İLDƏN SONRA 10 MİLYON SƏVİYYƏSİNƏ ÇATACAQDIR"

Prezident İlham Əliyev dünyadakı yeni vəziyyətlə əlaqədar alimləri öz dəyərli təkliflərini verməyi vurğulayıb. Dövlət başçısı demoqrafik inkişafı əsas götürülərək alimlərin indidən yeni strategiya üzərində işləmələrinin zəruriliyini qeyd edərək, onları qeyri-neft sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi ilə bağlı fəal olmağa çağırıb:"Azərbaycanda çox müsbət demoqrafik vəziyyət mövcuddur. Bu da son illər ərzində ölkənin inkişafı ilə bağlıdır. Çünki əgər biz demoqrafiyanın statistikasına nəzər yetirsək, görərik ki, ölkəmiz üçün ən ağır illərdə demoqrafik vəziyyət çox mənfi idi. Ancaq ölkə iqtisadiyyatı inkişaf etməyə başlayandan, sabitlik tam bərqərar olandan sonra demoqrafik vəziyyət yaxşılaşdı. Bu gün Azərbaycan əhalisi sürətlə artır, bir neçə ildən sonra 10 milyon səviyyəsinə çatacaqdır. Əlbəttə ki, bu, bizim böyük sərvətimizdir. Əhalimiz nə qədər çox olarsa, ölkəmiz də o qədər güclü olacaqdır". Mövcud vəziyyət bir çox məsələlərin həllini zəruri edir. Prezident İlham Əliyevin dediyi kimi, artan əhali artan iş yerləri deməkdir:"Biz son on il ərzində bir milyondan artıq daimi iş yeri açdıq. Ancaq bu proses davam etməlidir. İş yerlərinin açılması üçün həm dövlət investisiyaları, həm də xarici investisiyalar qoyulmalıdır... Ümumiyyətlə, hesab edirəm ki, bizim alimlərimiz demoqrafik vəziyyətlə bağlı daha da fəal işləməlidirlər. Burada sosial yük artacaq, yəni yeni uşaq bağçaları, yeni məktəblər tikilməlidir, yeni sənaye müəssisələri yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi evlər inşa edilməlidir".

Əlbəttə, bu uğurlar, inkişaf və qarşıya qoyulan hədəflər alimlərin qarşısına mühüm vəzifələr qoymuş olur. Cənab İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə, Azərbaycan elmi inkişaf etməli və ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir. Bütün bu və digər amillər, qarşıya qoyulan hədəflər, qaldırılan problemlər alimlərin gələcək fəaliyyət proqramının əsasını təşkil edir. Cənab İlham Əliyev çıxışında alimlərin qarşısında duran vəzifələrin kifayət qədər olduğun bildirib və qeyd edib ki, mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin: "Yəni elmi araşdırmalar, sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir". Sözsüz ki, bütün bunları gerçəkləşdirmək üçün yeni texnologiyalara və innovasiyalara yiyələnmiş alimlər, kreativ biliklərə malik gənclər ordusu var.

Azərbaycan alimlərinə, elmə, eləcə də AMEA-ya ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğı sayəsində qarşıya qoyulan məsələlər öz həllini tapacaq və müasir çağırışlara cavab veriləcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər