İlham Əliyev: "Heç bir xarici kəlməyə ehtiyac yoxdur"
Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Ümummilli Liderimiz, uzaqgörən şəxsiyyət Heydər Əliyevin Azərbaycan dilinə uzun illər böyük diqqət və qayğı ilə yanaşdığını xüsusilə vurğulamaq lazımdır. Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi olaraq beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, eləcə də, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli və "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli məlum fərmanlar Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafına böyük təkan oldu.
Müasir Azərbaycan dilini inkişaf etdirən əhəmiyyətli siyasət
Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sədaqətini nümayiş etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri də Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı Sərəncam olub. Ölkə rəhbərinin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" 2004-cü il 14 yanvar, "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" 2007-ci il 30 dekabr tarixli sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirdi. Bu sırada dövlətimizin başçısının "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 2012-ci il 23 may və "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" 2012-ci il 29 may sərəncamları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamları dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə böyük hörmət və ehtiramın bariz nümunəsidir. Dövlət Proqramı 2013-2020-ci illər ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasıdır.
"Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub"
Ölkə Prezidenti İlham Əliyev daima dilimizin cəmiyyətdə rolunun daha da möhkəmlənməsi istiqamətində uğurlu siyasət aparmaqla yanaşı, ana dilimizin qorunmasının vacib olduğunu bildirir. Oktyabr ayının 9-da və AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxış edən Prezident İlham Əliyev bəzi hallarda Azərbaycan dilinə xaricdən müdaxilələr edildiyini və bu müdaxilələrin Azərbaycanda da dəstək qazandığını görəndə çox narahat olduğunu qeyd edib: "Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik".
Dövlət başçısı Azərbaycan dilinin zənginliyini vurğulayaraq ana dilimizin heç bir xarici kəlməyə ehtiyacı olmadığını deyib: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun".
Prezident məmur və deputatlara irad tutdu
Ölkə Prezidenti çıxışı zamanı bəzi məmur və deputatlara da iradını bildirib: "Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq ilk növbədə öz ana dilini bilməlidirlər".
Həmçinin, ölkə Prezidenti son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsini diqqətə çatdırıb və bildirib ki, digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun: "Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır".
Beləliklə də, ölkə Prezidentinin irəli sürdüyü bu tezislərdən də belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan dilinin qorunub, inkişaf etdirilməsində dövlətlə yanaşı, xalq da yaxından iştirak etməlidir. Məhz bunun nəticəsində bizlər öz dilimizi tarixlər boyu qoruyub saxlamağa nail ola biləcəyik.
RƏFİQƏ KAMALQIZI