PDF Oxu

Siyasət

  • 25

Bayraq qürur mənbəyimiz, dövlət rəmzimiz, milli kimliyimizdir

Bayraq qürur mənbəyimiz, dövlət rəmzimiz, milli kimliyimizdir

Suraxanı rayonunda Dövlət Bayrağı Günü münasibəti ilə silsilə tədbirlər keçirilib

Suraxanı rayonu Heydər Əliyev Parkındakı Bayraq Meydanında Suraxanı rayon icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət ediblər.

Suraxanı rayonu Heydər Əliyev Parkındakı Bayraq Meydanında keçirilən tədbir Dövlət Himninin oxunması ilə başlanıb. Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, bayraq qürur yerimiz, dövlət rəmzimiz, milli kimliyimizdir: "Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilmiş, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib".

İ.Abbasov xüsusi vurğulayıb ki, Ulu Öndərin milli mənafemizə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısı 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Qanun, 2007-ci il noyabrın 17-də "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" Sərəncam imzalamış, 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla isə Azərbaycanın üçrəngli bayrağının 1918-ci ildə ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixini əbədiləşdirərək "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi təsis etmişdir. 2010-cu il sentyabrın 1-də ölkə Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə Bakı şəhərində açılışı olan və dünyaya səs salan Dövlət Bayrağı Meydanı isə bayrağımıza, dövlətçilik tariximizə olan ehtiramın təntənəsi olmuşdur.

Bu gün ölkəmizin şəhər və rayonlarda bayraq meydanlarında dövlət bayrağının təntənəli dalğalandığını görmək mümkündür. Belə yerlərdən biri də Suraxanı rayonunda Heydər Əliyev Parkında yerləşən Bayraq Meydanıdır.

Rayon rəhbəri çıxışını Cənab İlham Əliyevin sözləri ilə yekunlaşdırıb; "Bizim bayrağımız bizim müstəqilliyimizin rəmzidir, bizim bayrağımız bizim qürur mənbəyimizdir, bizim canımızdır, bizim ürəyimizdir. Azərbaycan bayrağı Dağlıq Qarabağda, Şuşada və bu gün hələ də işğal altında qalan başqa torpaqlarımızda dalğalanacaq. Eşq olsun Azərbaycan bayrağına, eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"

Tədbirdə Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva çıxış ediblər. Sonra YAP Suraxanı rayon gənclər təşkilatının hazırladığı ədəbi-bədii kompozisiya göstərilib. Gənclərin təşəbbüsü ilə "Hər evə bir bayraq" aksiyasına start verilib.

Qeyd edək ki, Suraxanı rayon icra hakimiyyətinin başçısı İ.Abbasov, RİH-in əməkdaşları, RİHB yanında şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri Dövlət Bayrağı meydanında olublar. Qonaqlara bildirilib ki, 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə Bakı şəhərində açılışı olan və dünyaya səs salan, möhtəşəmliyi ilə fərqlənən Dövlət Bayrağı Meydanı paytaxtımızın simvoluna çevrilib.

Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərinə, ideoloji sütunlara söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini göstərir.

ZÜMRÜD

Digər xəbərlər