PDF Oxu

Siyasət

  • 26

“Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulub”

“Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulub”

İlham Əliyev: "Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir"

Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib. Dövlətimizin başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib: "Hörmətli xanımlar və cənablar, əziz dostlar. İlk növbədə, mən sizi və bütün Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm. Biz bu əziz gündə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyini qeyd edirik. Bu münasibətlə də bütün Azərbaycan alimlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar, nailiyyətlər arzulayıram. Bu 70 ildə Akademiya böyük və uğurlu yol keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər.

Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər. Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Akademiyanın işinə münasibət o qədər də müsbət deyildi. Alimlər yaxşı xatırlayırlar ki, 1992-ci ildə o vaxtkı hakimiyyət hətta Akademiyanın bağlanması ilə bağlı təklif irəli sürmüşdü. Ümumiyyətlə, o vaxtkı rəhbərlik hesab edirdi ki, Azərbaycanda Milli Elmlər Akademiyasına ehtiyac yoxdur. Bu, çox səhv bir yanaşma idi. Xoşbəxtlikdən 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, əlbəttə, bütün bu söhbətlərə son qoyuldu. Ulu Öndərin ictimaiyyətlə ilk görüşü məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında olmuşdu. O vaxtdan bu günə qədər Azərbaycan elminin inkişafına çox böyük diqqət göstərilir. Bu sahə bu gün də prioritet sahələrdən biridir.

Əlbəttə ki, müstəqilliyimizin ilk illərində bizim maliyyə vəziyyətimiz indiki kimi deyildi. Azərbaycan çox ağır dövr yaşayırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi və iqtisadi tənəzzül, əlbəttə, imkan vermirdi ki, Akademiyanın inkişafına lazımi səviyyədə maliyyə vəsaiti ayrılsın. Ancaq o vaxt da imkan daxilində bu məsələlər öz həllini tapırdı."

Prezident İlham Əliyev qeyd edib ki, son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilib: "Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir. Bu gün bu salonda alimlər qarşısında çıxış edərkən ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolu ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm. Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır.

Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır. Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulubdur. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir. Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır. Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha da güclənəcək. Eyni zamanda, bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq.

Ümumiyyətlə, son illər ərzində bizim siyasətimiz ondan ibarət idi ki, neft-qaz amilindən asılılığımızı maksimum dərəcədə aşağı salaq, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olaq, bölgələrdə yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılması məsələlərini həll edək. Hələ 2004-cü ildə birinci regional inkişaf proqramının qəbulu məhz bu məqsədi güdürdü. Şadam ki, bu proqramlar artıq ardıcıllıqla icra edilir və bölgələrin siması dəyişilib. Yeni müəssisələr, sosial obyektlər, infrastruktur layihələri ölkəmizi gücləndirir və neft-qaz amilindən asılılığımızı böyük dərəcədə azaldır. Əgər ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, hazırda neft-qaz sektoru burada təqribən 30 faiz təşkil edir, gələcəkdə bu rəqəm daha da aşağı düşməlidir. Ancaq bununla bərabər, bu gün biz iqtisadiyyatın yeni modeli haqqında düşünürük. Hökumətə, dövlət qurumlarına müvafiq göstərişlər verilmişdir və çox istərdim ki, bizim alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər.

Əminəm ki, bizim iqtisadi inkişaf dinamikamız davam edəcəkdir. Çünki bunun təməlində həm artıq görülmüş işlər, infrastruktur layihələri, gözəl investisiya iqlimi dayanır, eyni zamanda, dünyanın mötəbər iqtisadi qurumları da fəaliyyətimizi yüksək qiymətləndirirlər. Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu hesab edir ki, bu bölgədə - Şərqi Avropada gələcək illərdə ən yüksək iqtisadi templərlə inkişaf edən ölkə Azərbaycan olacaqdır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görüb. Bu, çox böyük nəticədir. İki yüz ölkənin arasında 40-cı yeri tutmaq, bir çox inkişaf etmiş ölkələri qabaqlamaq doğrudan da böyük nailiyyətdir və bunu biz neftin, qazın hesabına əldə etməmişik. Düşünülmüş siyasət, iqtisadi islahatlar bunu mümkün etmişdir. Biz çalışmalıyıq ki, bu yüksək templəri növbəti illərdə də saxlayaq və beləliklə, iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı edək.

Çünki bizim iqtisadi uğurlarımız və iqtisadi müstəqilliyimiz dövlət müstəqilliyimizin əsasıdır. Əgər biz başqa ölkələrdən asılı vəziyyətdə olsaydıq müstəqil siyasət apara bilməzdik. Bizim gücümüz məhz bundadır. Ona görə də biz çalışırıq ki, daxili resurslardan maksimum dərəcədə istifadə edək və heç kimdən asılı olmayaq. Asılı oldunsa, gərək başqasının sifarişlərini yerinə yetirəsən, yaxud da ki, əziyyət çəkəsən. Biz istəmirik ki, heç kimdən asılı olaq. İstəyirik ki, öz yolumuzla gedək, xalqımız daha da yaxşı yaşasın, dövlətimiz daha da güclənsin. Bir daha demək istəyirəm ki, iqtisadi müstəqillik dövlət müstəqilliyinin əsasıdır. Ona görə hesab edirəm ki, alimlər bu yeni vəziyyətlə bağlı öz dəyərli təkliflərini verməlidirlər və verəcəklər."

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda çox müsbət demoqrafik vəziyyət mövcuddur. Bu da son illər ərzində ölkənin inkişafı ilə bağlıdır. Bu gün Azərbaycan əhalisi sürətlə artır, bir neçə ildən sonra 10 milyon səviyyəsinə çatacaq: "Əlbəttə ki, bu, bizim böyük sərvətimizdir. Əhalimiz nə qədər çox olarsa, ölkəmiz də o qədər güclü olacaqdır. Ancaq bu vəziyyət, eyni zamanda bir çox məsələlərin həllini diktə edir. Artan əhali artan iş yerləri deməkdir. Biz son on il ərzində bir milyondan artıq daimi iş yeri açdıq. Ancaq bu proses davam etməlidir. İş yerlərinin açılması üçün həm dövlət investisiyaları, həm də xarici investisiyalar qoyulmalıdır. İndi bizim gəlirlərimiz azalır, bu, təbiidir, neftin qiyməti 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşübdür. Biz gələn ilin dövlət büdcəsində ixtisarlar etmişik, bəzi investisiya layihələrini təxirə salmışıq. Ona görə iş yerlərinin yaradılması gələcəkdə investisiya iqliminin daha da yaxşılaşması ilə bağlı olmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycana daha çox xarici sərmayə cəlb edək. Ümumiyyətlə, hesab edirəm ki, bizim alimlərimiz demoqrafik vəziyyətlə bağlı daha da fəal işləməlidirlər. Burada sosial yük artacaq, yəni, yeni uşaq bağçaları, yeni məktəblər tikilməlidir, yeni sənaye müəssisələri yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi evlər inşa edilməlidir. Bunun üçün torpaq sahələri lazımdır. Biz o torpaq sahələrini haradan əldə edək? Şəhərsalma ilə bağlı yeni çağırışlar üzə çıxır. Nəqliyyatın yükü böyük olacaqdır. Yəni, bütün bunlar reallıqdır. Əgər biz bunlar barədə fikirləşməsək, gün gələcək ki, bu, böyük problemlərə gətirib çıxaracaq. Ona görə biz indidən bütün bu demoqrafik inkişafı əsas götürərək, bütün istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə müəyyən etməliyik."

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük işlər görülüb. Artıq biz özümüzü bütün əsas ərzaq məhsulları ilə demək olar ki, ya 100 faiz, ya 90 faiz təmin edirik. Bu proses davam etdiriləcək. Son illər ərzində taxılçılıqda 20-yə yaxın iri fermer təsərrüfatı yaradılıb: "Bu təsərrüfatlarda bir hektarda məhsuldarlıq 55-60 sentnerdir. Yəni, ümumi məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki orada elmi yanaşma, müasir texnologiyalar tətbiq olunur, onlardan istifadə edilir. Bu nəticələrin qazanılmasında alimlərin çox böyük zəhməti var. Nəzərə alsaq ki, əhalimizin təxminən 50 faizi aqrar bölgələrdə yaşayırlar, gələcəkdə kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm sosial məsələ kimi daim gündəlikdə olacaqdır. Təsadüfi deyil ki, bu il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilmişdir. Bu ilin 9 ayında kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Bu da çox böyük göstəricidir. İndi Azərbaycan dövləti suvarma, meliorasiya işlərinə böyük sərmayə qoyur. İki böyük su anbarı - Taxtakörpü və Şəmkirçay su anbarları tikilib. Bu, tarixi nailiyyətdir. İndi suvarılan torpaqların sahəsi böyük dərəcədə artır və artacaq. Yeni suvarılan və suvarılması yaxşılaşdırılan torpaq sahələri 100 min hektarla ölçüləcək.

Burada mütləq elmi yanaşma olmalıdır. Biz burada xaotik vəziyyətə imkan verə bilmərik. İşlər planlı şəkildə görülməlidir ki, hansı sahələrdə hansı məhsullar yetişdirilsin. O məhsulların yetişdirilməsi üçün dövlət hansı işləri görməlidir? Burada alimlərin sözü əsas olmalıdır. Müvafiq qurumlara - həm İqtisadiyyat və Sənaye Nazirliyinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, görüləcək bütün işlər elmi əsaslar üzərində qurulmalıdır. Xahiş edirəm, Azərbaycan alimləri də, Milli Elmlər Akademiyası da bu işlərə çox fəal qoşulsunlar.

Burada mənim son çıxışımdan ötən illər ərzində Azərbaycanda çox əlamətdar hadisələrdən biri də kosmik sənayenin yaradılması olmuşdur. Birinci telekommunikasiya peyki orbitə çıxarıldı. Ondan sonra Yer səthini müşahidə etmək üçün orbitə peyk buraxıldı. İndi biz üçüncü peykin buraxılması ilə məşğuluq. Doğrudan da ölkədə yeni sənaye istiqaməti, yeni elmi sahə yaradılmışdır. Əlbəttə ki, bu sahədə ilk növbədə beynəlxalq əməkdaşlıq daha da dərinləşməlidir. Çünki bu sahə bizim üçün yenidir. Xarici tərəfdaşlarla mütləq müxtəlif tədbirlər - seminarlar, konfranslar, elmi-praktik tədbirlər keçirilməlidir. Biz kadr potensialının hazırlanması işində daha da fəal olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq yaradılıbdır. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Çünki kadr potensialı güclüdür. Təhsil lazımi səviyyədədir. Savadlılıq təxminən 100 faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır. Elmin inkişafına diqqət və qayğı göstərilir. Bütün bu amillər var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun. Azərbaycanda hərbi sənaye yaradılıbdır. Artıq 10 ildir ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıbdır. Əgər o vaxt bu qərar qəbul edilməsə idi, bu gün biz sənayenin bu sahəsinin inkişafından bəhrələnə bilməzdik. Biz hazırda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edirik.

Ordumuzun tələbatının böyük hissəsini Azərbaycan özü təmin edir. Xüsusilə nəzərə alsaq ki, biz müharibə şəraitindəyik, bu, tarixi nailiyyətdir. Lazım olan texnikanı, silahları bəzi hallarda əldə edə bilmirik. Bəzi hallarda embarqolar var. Onların heç bir əsası yoxdur. Amma bu, başqa məsələdir. Biz bunu bilirdik. Bu gün Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal sayəsində mümkündür. Bilirəm, alimlər burada iştirak edirlər, amma daha da fəal iştirak etməlidirlər. Biz əlbəttə ki, müasir texnologiyalar alırıq. Onları aldıqca biz o texnologiya ilə tanış oluruq. Bizə lazım olan bütün növ silahları gələcəkdə özümüz istehsal edə bilərik. Heç olmasa o nümunələrdən istifadə edə bilərik. Ona görə burada Azərbaycan alimlərinin fəaliyyəti üçün çox geniş bir meydan var. Azərbaycan dövləti də öz tərəfindən çalışacaq ki, alimləri bu işlərə daha da böyük dərəcədə cəlb etsin.

Əlbəttə ki, iqtisadi inkişafımızın ənənəvi neft-qaz sahəsi haqqında da bir neçə kəlmə demək istəyirəm. Alimlər yaxşı bilir ki, Xəzər dənizinin bütün neft-qaz yataqlarını Azərbaycan alimləri kəşf ediblər. Azərbaycanın elmi məktəbi olmasaydı, bu yataqlar kəşf edilməyəcəkdi, yaxud da ki, nə vaxtsa ondan sonra kəşf ediləcəkdi. Bu gün Azərbaycan alimləri ölkədə aparılan neft-qaz əməliyyatlarının uğurla həyata keçirilməsində mühüm rol oynayırlar. Həm xarici tərəfdaşlarla əməkdaşlıqda, həm də Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrdə iştirak edirlər. Əlbəttə, bizim üçün bu sahə də strateji sahədir. Bizim neft-qaz yataqlarımız kifayət qədər böyükdür. Qaz yataqlarımızın ehtiyatları azı 100 il özümüzə və tərəfdaş ölkələrə ixrac etmək üçün kifayət edəcək. Əlbəttə, bizim alimlərimiz də dünyada bu sahədə mövcud olan və yeni yaranan texnologiyalarla tanış olmalıdırlar. Çünki son illər ərzində bu sahədə böyük bir inkişaf müşahidə olunur. Əvvəlki illərdə qaza bilmədiyimiz dərinliklərə indi biz nəinki asanlıqla quyular qazırıq, hətta Bakıda, yerin ən dərin qatında qazma işləri apara biləcək böyük qazma qurğuları inşa edilir. Ona görə bu sahə həm bizim üçün, həm də tərəfdaşlarımız üçün strateji sahədir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır, neft-qaz sektorunda, bəzi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Bir neçə ildən sonra bizim tərəfdaşlarımızın sayı daha da artacaq. Çünki "Cənub" qaz dəhlizinin icrasından sonra 10-a yaxın, gələcəkdə ondan da çox ölkə Azərbaycan qazını əldə etmək üçün imkan qazanacaq. Ona görə ki, bu sahədə də Azərbaycan liderliyi öz üzərinə götürmüşdür. "Cənub" qaz dəhlizinin, TANAP layihəsinin nəinki təşəbbüskarı, aparıcı qüvvəsi də Azərbaycandır. Biz, eyni zamanda, öz maliyyə resurslarımızı da bu sahəyə yönəldirik."

Dövlət başçısı diqqətə çatdırıb ki, əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olub. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik:

"Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır."

Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edib:

-Möhtərəm cənab Prezident.

İcazə verin, ilk növbədə, dərin məzmunlu nitqinizə görə Sizə bütün Azərbaycan alimləri adından təşəkkürümü bildirim. Müəyyən etdiyiniz hədəflər, qaldırdığınız problemlər və qarşıya qoyduğunuz vəzifələr bizim gələcək fəaliyyət proqramımızın əsasını təşkil edəcək. Sözsüz ki, bütün bunları gerçəkləşdirmək üçün bizə mövcud potensialımızla yanaşı, kreativ düşüncəyə malik gənclər, yeni texnologiyalara və innovasiyalara yiyələnməyə qadir insanlar, maddi-texniki bazamızın müasir tələblər səviyyəsinə qaldırılması və bir sıra sosial problemlərimizin həlli gərəkdir. Əminəm ki, Akademiyaya göstərdiyiniz diqqət və qayğı sayəsində bunların hamısı həyata keçiriləcəkdir. Bir daha Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Hörmətli cənab Prezident, hörmətli alimlər, əziz qonaqlar. 9 noyabr - Azərbaycanda gözəl bayram günüdür. Bu, Dövlət Bayrağı günüdür. Onun rəngləri bizi daim müasirləşməyə, milli mənəvi dəyərlərimizi qorumağa və Azərbaycanın müstəqilliyinin keşiyində dayanmağa sövq edir. Akademiyanın ilk üzvlərindən olan Üzeyir bəy Hacıbəylinin bəstələdiyi himn, dövlət gerbimiz kimi, Akademiya da dövlətçiliyimizin əsas rəmzlərindən biridir. Fərəhli haldır ki, Azərbaycan Milli Elmlər Akademiyasının yubileyini biz belə gözəl gündə qeyd edirik. Bunun dərin rəmzi mənası vardır. Çünki Azərbaycan elmi də əslində bayrağımız kimi dövlətçiliyimizin rəmzlərindəndir. Bu mənada Akademiyanın yubileyi bizim üçün ikiqat bayramdır.

Bizim bu yubileyi xüsusi rövnəqləndirən həm də odur ki, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Akademiyanın 70 illiyi münasibətilə alimlərimizin böyük bir qrupunun təltifi haqqında xüsusi sərəncamlar imzalayıb. Bu gün isə cənab Prezident bizim əziz qonağımızdır. İcazə verin, sizin hamınızı elmimizin bayramı münasibətilə təbrik edim. Hər birinizə cansağlığı, uzun ömür və Azərbaycan Respublikasının inkişafı, onun elminin yüksəlişi naminə böyük uğurlar diləyim. Yığıncaqda çıxış edən Nobel mükafatı laureatı, professor Corc Ficerald SMUT Azərbaycan Milli Elmlər Akademiyasının tarixi, elmi fəaliyyəti və alimləri haqqında kifayət qədər məlumatlı olduğunu dedi. Qonaq Azərbaycan alimlərinin fizika və biofizika sahəsində araşdırmalarının, ölkəmizin kosmik sənayeyə yiyələnməsinin dünyanın elmi ictimaiyyətinin diqqət mərkəzində olduğunu vurğulayıb.

Sonra Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış edib:

-Çox hörmətli Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan Milli Elmlər Akademiyasının çox hörmətli prezidenti. Əziz dostlar.

Etiraf edim ki, mən həyəcanlıyam. Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun təmsilçisi kimi, mənim üçün əlamətdar tarixə - Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunan belə ali, təntənəli iclasda iştirak etmək böyük şərəfdir. Bilirsiniz, hava limanından gələndə və son illər daha da gözəlləşən, qədim sivilizasiyanın, müasir və dinamik inkişaf edən dövlətin paytaxtı olan gözəl Bakı şəhərini görəndə həqiqətən də məndə bugünkü əlamətdar hadisə olan Azərbaycan Milli Elmlər Akademiyasının yubileyi ilə ahəngdarlıq təşkil edən hisslər yarandı. İcazə verin, bizim çoxmillətli institutun kollektivinin tapşırığını yerinə yetirim və təbrik məktubunu oxuyum. Nüvə Tədqiqatları İnstitutunun rəhbərliyi və çoxmillətli kollektivi adından Milli Elmlər Akademiyasının 70 illiyi ilə əlaqədar sizi və Azərbaycan Respublikasının bütün ictimaiyyətini təbrik etmək şərəfinə nail olmuşam.

Azərbaycanın Milli Elmlər Akademiyası öz keçmişi və bu günü ilə fəxr edə bilər və etməlidir. Akademiyanın gələcək üçün gözəl perspektivləri var. Dövlətin inkişafını əksər hallarda elmin vəziyyəti, onun nailiyyətləri, həmçinin Elmlər Akademiyası tərəfindən hazırlanan yüksək ixtisaslı mütəxəssislər, gənc alimlər və mühəndislər müəyyən edir.

Qeyd etmək xoşdur ki, Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Heydər oğlu Əliyev ölkədə elmə və elmi qurumlara çox yüksək diqqət və dəstək göstərir. Son illər Azərbaycan Milli Elmlər Akademiyasında elmi infrastrukturun modernləşdirilməsinə və qabaqcıl texnologiyaların tətbiqinə, elmin, təhsilin, istehsalın inteqrasiyasına yönələn iri, vacib dəyişikliklər baş verib. Müasir inkişafın mühüm amilinə çevrilən gənc alimlərə böyük diqqətin yetirildiyini müşahidə etmək çox xoşdur. Azərbaycan Respublikası bizim beynəlxalq hökumətlərarası elmi təşkilatımızın fəaliyyətində tam gücü ilə iştirak edir və onun inkişafına birgə töhfə veririk. Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun laboratoriyalarında həm artıq öz sözünü demiş alimlər, həm də gənc mütəxəssislər çalışırlar. Gənc mütəxəssislər müasir sürətləndirici qurğularda, reaktorlarda, cihazlarda onlar üçün vacib olan təcrübə keçirlər. Bu insanlar artıq uzun müddətdir ki, Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv ölkələrin alimlərinin böyük Volqa çayı sahilində "bizim ümumi evimiz" adlandırdıqları Birləşmiş İnstitut ilə bağlıdırlar. Bir çox azərbaycanlı alimlərin taleləri möhkəm və uzun müddətə bizim Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə bağlıdır. Biz ümid edirik ki, fundamental və tətbiqi tədqiqatlar sahəsində əməkdaşlıq möhkəmlənəcək və dünya elminə, eləcə də Azərbaycan Respublikasının firavanlığına layiqli töhfə verəcək. Müasir Azərbaycanın tərəqqisi naminə təkmilləşmə yolunda Milli Elmlər Akademiyasına uğurlar arzulayırıq. Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər