İlham Əliyev: "Güclü dövlətin güclü ordusu olmalıdır"
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü qabarıq tərzdə göstərməkdədir. Bu, heç şübhəsiz, şəxsən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısının, tələb və tövsiyələrinin nəticəsidir. Ölkədə ordu quruculuğu işinin prioritet elan olunması nəticəsiz qalmamışdır. Ordu quruculuğu işində aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər bu vacib qurumda zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynamışdır. Hərbi qulluqçuların sosial və məişət şəraitinin daim yaxşılaşdırılması, aylıq vəzifə maaşlarının dəfələrlə artırılması, təhsil, təlim və tibb sahəsində yeni metodların tətbiq olunması gözlənilən yüksək nəticələrə rəvac vermişdir. Son bir neçə il ərzində Silahlı Qüvvələrin hərbi qulluqçularına geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderlərinin paylanması şəxsi heyət arasında ruh yüksəkliyi yaradan amillərdən biridir.
Ali Baş Komandandan hərbi heyətə ruh yüksəkliyi
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olması bir tərəfdən dövlət rəhbərinin ordumuza inam və etimadının ifadəsidirsə, digər tərəfdən də dövlətin bu mühüm və vacib sahəyə xüsusi önəm verməsinin ifadəsidir. Ümumiyyətlə, Ali Baş Komandanın respublikanın müxtəlif bölgələrinə, xüsusilə cəbhə xəttində yerləşən hərbi hissələrə müntəzəm baş çəkməsi, yeni korpusların açılış mərasimlərində şəxsən iştirak etməsi və bir sıra hərbi hissələrə Döyüş Bayrağı təqdim etməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsində, səngərdə vətənin keşiyində dayanan əsgər və zabitlərlə şəxsən maraqlanması, onların hərbi xidmət şəraiti ilə yerindəcə tanış olması, birbaşa səngərdən cihazlar vasitəsilə düşmənin üzbəüzdəki mövqelərini müşahidə etməsi hərbi qulluqçuların xidmətdə uğur qazanması üçün stimul rolunu oynayan faktlardandır. Cənab Ali Baş Komandan xidmətdə fərqlənən hərbi qulluqçulara elə səngərdəcə medallar və qiymətli hədiyyələr təqdim etməklə, əsgər və zabitlərlə birlikdə çay süfrəsi arxasında əyləşməklə və onlarla səmimi söhbət etməklə Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində, əsgər və zabitlərimizdə qələbəyə olan inam hissinin artmasında mühüm rol oynamışdır. Təsadüfi deyil ki, ordu quruculuğu işinə daim böyük diqqət və tələblə yanaşan Ali Baş Komandan belə tədbirlərin birində demişdir: "Ordu quruculuğunda işlər uğurla davam edir. Ordumuz güclənir. Bu sahəyə xüsusi diqqət var. Ümumiyyətlə, cəmiyyətdə bu sahəyə böyük diqqət olmalıdır. İnsanlarımız, gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə edilməli, böyüməlidir. Hər bir vətəndaş çalışmalıdır ki, orduya kömək etsin, orduya öz dəstəyini versin".
Dövlət büdcəsinin artımı hərbi xərclərə də müsbət təsir göstərir
Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda ordu quruculuğu prosesinin uğurlu nailiyyətləri daxili imkanlar hesabına həyata keçirilir. Deyilənlər dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan vəsaitlərdə də öz əksini tapır. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması, təcrübəli zabit heyətinin hazırlanması üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Dəniz, Milli Aviasiya Akademiyalarının və C.Naxçıvanski adına Hərbi Məktəbin ən müasir təlim-tədris vəsaitləri və texnika ilə təmin olunmasını siyahıya əlavə etsək, qələbə üçün mövcud amillərin sayını artırmaq olar.
Əsas odur ki, Prezident İlham Əliyevin həmişə vurğuladığı "Azərbaycanın hərbi büdcəsinin təcavüzkar Ermənistanın illik dövlət büdcəsindən artıq olmalıdır" tələbi həllini tapmışdır. Rusiya ilə Ermənistan arasında hərbi müqavilənin uzadılması barədə razılıq əldə olunmasına baxmayaraq, forpost dövlət kimi tanınan işğalçı dövlətin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisə olunmayacaq dərəcədə dağınıqdır. Ermənistan ordusunda baş verən neqativ hallar, fərarilik, səfalət və işgəncələr gənclərin ölkədən köç etməsinə səbəb olur. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan sözün əsl mənasında bölgədə ən yüksək mövqeyə malik ölkədir: "Əlbəttə ki, bunu şərtləndirən müxtəlif amillər var. O cümlədən, iqtisadi potensial və ordunun güclü olması. Güclü ordu, güclü dövlət deməkdir." Deyildiyi kimi müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.
Bu uğurul nailiyyəti statistak rəqəmlər də təsdiqləyir. Belə ki, müqayisə üçün deyək ki, 2003-cü ildə Azərbaycanda hərbi xərclərə 135 milyon dollar xərclənirdisə, 2007-ci ildə bu məbləğ bir milyard dollara çatıb. Rəsmi məlumata görə, 2016-cı il üçün dövlət büdcəsi layihəsində müdafiə xərcləri 1837,8 mln. manat nəzərdə tutulub. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə müdafiə xərcləri üçün 1760 mln.manat ayrılıb. Yəni gələn ilə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən ilin dövlət büdcəsinin proqnozu ilə müqayisədə 59,3 milyon manat - 3,3 faiz çoxdur.
Ümumiyyətlə isə, Azərbaycanda müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri üçün 2016-cı il dövlət büdcəsi xərclərinin 18,3 faizi həcmində vəsait nəzərdə tutulub.
Bu, onu göstərir ki, Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yeri tutur. Göründüyü kimi, dövlətin əsas məqsədi real əməllə, yenilik və islahatlarla xalqın etimadını qazanmaq və doğrultmaqdır. Yalnız belə bir dövlətin yaşamaq hüququ var. Yalnız belə bir Prezidentin iradəsini ifadə etdiyi xalqın gücünə qüdrətinə güvənməyə haqqı çatır. Elə məhz bu səbəbdən də Ali Baş Komandanın bölgələrə, xüsusilə cəbhə xəttində yerləşən hərbi hissələrə hər səfəri böyük bir təntənəyə, böyük bir irəliləyişə və bayrama çevrilir.
İnanırıq ki, hərbi qulluqçularımız xalqın və dövlətin etimadını qazanmaq yolunda əllərindən gələni bundan sonra da əsirgəməyəcək, qazanacağımız böyük uğurlara yüksək döyüş hazırlığı ilə öz töhfələrini verəcəklər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi hər bir Azərbaycan əsgəri üçün həyat amalıdır.
R.HÜSEYNOVA