KÖŞƏ YAZISI
Şuralığından əsər-əlamət qalmayan "Milli Şura"nın sədri Cəmil Həsənli gedib Amerikaya. Gedib ki, seçkidən sonra Conlar ona beş-üç manat görüm-baxım etsinlər. Axı seçkilərə qatılmadı, buradakı ağası cəbhəkrat Əli Kərimliyə canla-başla nökərçilik edib boykot oyunbazlığı sərgilədi. Əslində, bu, bilirsiniz nəyə görəydi? Məsələn, 2005-ci ildə Əli Kərimliyə və AXCP-yə bir loppanaq tüpürüb parlamentin işinə qatılan Cəmil Həsənli indi də bu günahını yuduğunu düşünür. İndi olub necə deyərlər, "təmiz oğlan". Əli Kərimli də ictimaiyyət arasında onu "Milli Şura"nın lideri adlandırıb, dalda belinə minir. Deyirəm, qoca vaxtı siyasət yorğalığı edərək özünü rüsvayçılığa mübtəla edən Cəmil, gör nə günə düşmüsən ki, vaxtilə üzünə tüpürdüyün Əli Kərimli dalda belinə minir. Dərd budur ki, belə davam etsə, hətta açıq-açığına belinə minib hoşşa da deyəcək.
Əliboş dönəcək
Beləlkilə, Cəmil Həsənli Amerikada maaş almağa gedib. Adını da qoyub ki, guya hansısa qurumun toplantısına qatılacaq. Ay balam, bunlar millətə gündə yüz yalan döşəyirlər, indi də maaş almaq məsələsini bu cür yalanla ört-basdır edirlər. Guya bunlar, həqiqətən də aydan-arı, sudan da duruymuşlar. Nə danışırsınız, heç Cəmil Həsənli və Əli Kərimli yalan danışar? Heç Cəmil Həsənli və Əli Kərimli öz ciblərini güdər? Heç Cəmil Həsənli və Əli Kərimli xalqdan başqa qeyrisini düşünər? Yoox, əsla yoox! Hətta onların hər biri ayrı-ayrılıqda mələkdirlər, bu dünyanın adamı deyillər...
Ancaq məni düşündürən daha bir məsələ də var. Deyək ki, Cəmil Həsənli Amerikaya seçkiləri boykot etdiyinə görə alacağı pul dalınca deyil, elə hansısa toplantıya və tədbirə qatılmağa görə gedib. Axı Amerikada keçirilən toplantının ona nə dəxli ola bilər? Əslində, bəzi dəxli ola bilər. Məsəlçün, dəxli ola bilər ki, Cəmil Həsənli Amerikada Azərbaycan əleyhinə işləmək üçün yeni əmrlər almağa gedib. Amma oradan əliboş dönəcək. Conlar ona deyəcəklər ki, Cəmil, sən get fəaliyyətini əməli şəkildə yerinə yetir, biz də sənə maaş verməkdə davam edək. Bax, məsələ də bundadır. Məsələ bundadır ki, Cəmil Həsənli Amerikaya maaş həvəsi ilə getsə də, görəcək ki, orada eşşək dağlayırlar. Özü də demokrat eşşəyi. AXI AMERİKA DEMOKRATLARININ RƏSMİ RƏMZİ DƏ ELƏ EŞŞƏKDIR!
RÖVŞƏN