TEZİS ƏSASINDA
Xalqın və dövlətin maraqlarını təmin etmək, onları baş verəcək təhlükələrdən qorumaq ilk növbədə ölkə rəhbərliyinin bir nömrəli marağı, əsas priopitet istiqamətidir
Məlum olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyi (MTN) daxilində formalaşmış cinayətkar qrupların məlum ifşasından sonra bir daha bəlli oldu ki, Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxan istənilən dairələr gec, ya tez qanun qarşısında cavab verməli olacaqlar. Belə ki, törədilən bu tipli cinayətlər yalnız dövlətin deyil, eyni zamanda xalqın maraqlarına qarşı yönəldilir. Məhz MTN daxilində fəaliyyət göstərmiş cinayətkar şəbəkə də öz daxilinə müxtəlif dövlət instansiyalarından yüksək rütbəli, imtiyazlara malik olan insanları cəlb etmiş, cinayət əməllərini, necə deyərlər, geniş arealda davam etdirməyi planlaşdırmışdı. Məhz dövlətimizin keşiyində dayanan müvafiq qurumlarımızın, eyni zamanda hüquq-mühafizə orqanlarımızın ayıq-sayıqlığı nəticəsində cinayətkar şəbəkənin iş üzü açılaraq ifşa edilməkdədir.
Əli Abbasov qorxaq və zəif xarakteri ilə rəhbəri olduğu nazirliyin MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb
Belə ki, aparılmış davamlı araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini (RYTN) də cəlb etmişdir. Vacib məqamlardan biri də budur ki, həmin cinayət prosesində adıçəkilən dövlət qurumunun rəhbəri, nazir Əli Abbasov da iştirak edib. Məsələyə daha dəqiq yanaşsaq vurğulaya bilərik ki, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov öz xəyanətkar fəaliyyəti ilə ilk növbədə Azərbaycan Prezidentinin etimadını doğrultmaması ilə yanaşı, qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb.
Halbuki Prezident İlham Əliyev, ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun cinayətkarlıq orbitinə düşmüş RYTN rəhbərliyi tam əks-fəaliyyətlə məşğul olublar. Söz yox ki, bu amilin özü aşkar şəkildə Əli Abbasov xəyanətinin bariz göstəricisidir. Əlində olan imtiyazlarını xalq üçün deyil, xalqa və dövlətçiliyə qarşı işlədiməsinə şərait yaradan RYTN rəhbəri əlbəttə ki, törətdiyi bu əməllərinə görə qanun qarşısında cavab verməli olacaqdır.
Qanunsuz əməllərin nəticəsi olaraq vətəndaşlara və bilavasitə dövlət büdcəsində külli miqdarda ziyan dəyib
Beləliklə, sözügedən məsələ ilə bağlı aparılan ilkin araşdırmalardan da belə nəticəyə gəlinib ki, əslində RYTN-in rəhbəri başda olmaqla, bu dövlət qurumunun digər əməkdaşları MTN-də formalaşmış cinayətkar şəbəkənin daxili strukturunda özünəməxsus şəkildə rol oynayıblar. İlk olaraq nazirlikdə rüşvətxorluq, korrupsiya və dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyətin geniş vüsət alması bəlli olub. Nəticədə, qeyd edildiyi kimi, mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN "generalları" da yaxından iştirak etmiş, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyata keçirilmişdir. Bütün bunların sonunda isə vətəndaşlara və bilavasitə dövlət büdcəsində külli miqdarda ziyan dəymişdir.
Artıq bu məsələlərlə bağlı Respublikanın Baş Prokurorluğu tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunazidd əməllərdə iştirak etmiş şəxslər barədə qəti imkan tədbirləri həyata keçirilir və gələcəkdə də keçiriləcəkdir.
Xüsusilə, vurğulamaq yerinə düşərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev korrupsiya, rüşvətxorlu və digər bu kimi neqativ halların aradan qaldırılması üçün böyük siyasi iradə nümayiş etdirir. Təbii ki, Azərbaycan xalqı da ölkə başçısının qətiyyətli siyasətini və sarsılmaz iradəsini alqışlayır, Onun ətrafında daha sıx birləşərək atılan qəti addımlları dəsrtəkləyir. O cümlədən, dövlətimizin bu kimi xəyanətkar, cinayətkar ünsürlərdən təmizlənməsini haqqın və ədalətin qələbəsi kimi qiymətləndirir.
Azərbaycan qanunlarını pozan istənilən şəxsi Eldar Mahmudovun, Əli Abbasovun və onların şəriklərinin aqibəti gözləyir
Azərbaycan xalqı dərk edir və inanır ki, bundan sonra da Azərbaycan qanunlarına sayğısızlıq nümayiş etdirən hər kəsin aqibəti məhz Eldar Mahmudov, Əli Abbasov və onların qanunsuz əməllərinə şərik olanların aqibətindən fərqlənməyəcək. Bütün bunlar həm də belə qənaətə gəlməyə kifayət qədər əsas verir ki, Azərbaycan vətəndaşlarının qanuni haqlarını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarlığa və biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq. Çünki xalqın və dövlətin maraqlarını təmin etmək, onları baş verəcək təhlükələrdən qorumaq ilk növbədə ölkə rəhbərliyinin bir nömrəli marağı və əsas priopitet istiqamətidir.
Rövşən NURƏDDİNOĞLU