Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin məqsədəuyğun və uzaqgörən siyasi, iqtisadi və sosial xətti əsasında möhkəm və sarsılmaz təməllər üzərində qurulub. Hələ dövlətimiz müstəqilliyin ilk illərində üzləşdiyi hərtərəfli böhran vəziyyətindən güclü Lider və Ona güvənən xalqın sarsılmaz birliyi ilə xilas oldu.
Tarix sübut edir ki, güclünün düşməni dostundan çoxdur. Bu düşmənlər istər daxildən, istərsə də xaricdən həmin gücü sarsıtmağa çalışırlar. Azərbaycan dövləti bu iki düşmən cəbhə ilə bu gün də mübarizə aparmaqdadır. Özlərini "xalqın halına yanan" kimi göstərən müxalifətdə olan bir qrup şəxs" və onların "yarıtmaz və utopik ideyalarına" manqurtcasına bağlanan kiçik bir toplum" bu gün hər vasitə ilə dünyaya sübut etməyə çalışırlar ki, guya Azərbaycanda insan hüquq və azadlıqları pozulur, azad və şəffaf seçkilər keçirilmir və s. Təəssüflər olsun ki, bununla onlar dövlətimizin uğurlarını gözü götürməyən xarici destruktiv qüvvələrin yolunu açmış olurlar. Həmin qüvvələr isə müxtəlif qətnamələr qəbul etməklə, bəyənatlar verməklə və hətta seçkiləri boykota çağırmaqla dövlətimizə təsir göstərməyə çalışırlar. Amma başa düşmürlər ki, onların əlaltılarının daxildə nə nüfuzu, nə də ki, sosial bazası vardır. Ən əsası isə onlar anlamalıdırlar ki, xalqa xidmət edən siyasi yol heç zaman uçuruma aparmaz...
Müxalifətin başında duran rəhbər şəxslər tarix sınağından üzüqara çıxmış insanlardır. Ölkəmizin ən çətin dövrlərində acınacaqlı vəziyyətdə olan xalqımız son ümid yeri kimi Ümummilli Liderimiz Heydər Əliyevə pənah apardı. O böyük şəxsiyyətin ölkəyə qayıdışı, sözün hər mənasında, Azərbaycanın qurtuluşu oldu. Bəs indi hər vəchlə kiçik qığılcımı belə tonqala çevirməyə çalışaraq, hakimiyyətə gəlmək istəyən müxalifət liderləri o zaman harada idi?..
Qədirbilən xalqımız ağı qaradan, yaxşını pisdən ayırmağı çox yaxşı bilir və bu vətən xainlərinə imkan verməyəcək ki, bir daha hakimiyyət başına gələrək dövlətimizi uçuruma, xalqımızı isə səfalətə sürükləsinlər. İnsanın əsl xisləti onun çətinliyə düşdüyü zamanlarda üzə çıxır. İsa Qəmbərin və Əli Kərimlinin simasında isə xalqımız xəyanətkarları yaxşı tanıyır...
Bu gün Azərbaycan dövləti Ulu Öndər yolunun layiqli davamçısı olan Cənab Prezidentimiz İlham Əliyevlə öz "qızıl dövrünü" yaşayır. Xalqın dəstəyinə arxalanan güclü Liderin rəhbərliyi ilə uğurlarımız davamlı olsun, Azərbaycan!
Tofiq Rəfailoğlu