"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri ərəfəsində erməni tərəfi növbəti təxribatçı addım atdı". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Ermənistan tərəfi Rusiya dövlət nömrə nişanı ilə sürücüsü osetin millətindən olan yük avtomobilini Gürcüstan ərazisindən keçirərək Bağanis Ayrım kəndi ərazisinə gətirib və avtomobil qəsdən elə manevr edib ki, Azərbaycan tərəfi atəş açmaq məcburiyyətində qalıb: "Bu kənd sərhədə çox yaxındır. Avtomobil bilərəkdən sərhəddi pozaraq elə manevr edib ki, hərbçilərimiz atəş açmağa məcbur olublar. Hərbçilərimiz ermənilərə həmin avtomobili tərpətməyə 3 gün imkan verməyiblər. Avtomobilin matoru zədələnmiş, təkəri deşilmişdi. Ermənistan bununla Azərbaycana göstərmək istəyirdi ki, Gürcüstan ərazisindən yol işləyir. Daha vacibi isə, erməni tərəfi Lavrova göstərmək istəyirdi ki, guya Azərbaycan hətta Rusiya dövlət nömrə nişanı ilə, Rusiya vətəndaşının idarə etdiyi avtomobili də Ermənistan - Azərbaycan sərhəddində güllələyir. Lavrov isə buna ciddi reaksiya vermədi və ermənilərin növbəti təxribatı da istədikləri kimi nəticə vermədi".
sia.az