Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində "Ümummilli lider Heydər Əliyev və Azərbaycan bayrağı" adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda muzeyin direktoru Ramil Orucəliyev "Naxçıvanda ucaldılan Dövlət Bayrağı" mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, XX əsrin 90-cı illərində respublikada demokratik proseslərin önündə gedən Naxçıvan doğma Azərbaycanımızın gələcəkdə müstəqil, azad bir dövlət kimi yaşaması üçün öz qəti iradəsini göstərərək müstəqillik tariximizdə əvəzsiz rol oynayıb. Dövlət müstəqilliyimizin bərpasına məhz 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. Xüsusi idarəçilik və təşkilatçılıq qabiliyyətinə, böyük dövlətçilik təcrübəsinə malik olan, dünya siyasətçiləri içərisində öz dəst-xətti ilə seçilən ümummilli lider Heydər Əliyevin 22 iyul 1990-cı ildə Naxçıvana tarixi qayıdışı xalq tərəfindən böyük sevinclə qarşılanmışdı. 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə onun Azərbaycan və Naxçıvan Ali Sovetinə xalq deputatı seçilməsi xalqın Heydər Əliyev dühasına olan inamının təzahürü idi.
Qeyd olunub ki, 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 12-ci çağırış birinci sessiyasında Ümummilli Liderimizin rəhbərliyi ilə Azərbaycan milli dövlətçiliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul olunub. Həmin sessiyaya sədrlik edən ulu öndər Heydər Əliyev deyirdi: "... Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının Dövlət rəmzləri haqqında qərar qəbul etsin..."
Vurğulanıb ki, bu qərarın qəbulundan sonra üçrəngli bayraq zala gətirilib, beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilən ay-ulduzlu üçrəngli bayrağını gələcək müstəqil Azərbaycanın Dövlət Bayrağına çevirib.
Ramil Orucəliyev bildirib ki, Dövlət Bayrağının rəsmi olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul olunmasını və bu günün dövlətçilik tariximizdəki əhəmiyyətini nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2014-cü il noyabrın 17-də "Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin "Naxçıvan Muxtar Respublikasının Dövlət bayraqları" və Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimovun "Bayrağımız qürur mənbəyimizdir" mövzularında çıxışları olub.
Sonda tədbir iştirakçıları "Əsrə bərabər üç il" filminə baxıb, Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.
sia.az