PDF Oxu

Siyasət

  • 32

MÖHKƏM TƏMƏLLƏRƏ SÖYKƏNƏN XALQIN PARTİYASI

MÖHKƏM TƏMƏLLƏRƏ SÖYKƏNƏN XALQIN PARTİYASI

Yeni Azərbaycan Partiyasının yaranmasından 23 il keçir

Bu, tarixi faktdır ki, ölkəmizdə Yeni Azərbaycan Partiyasının yaradılması mühüm ictimai-siyasi hadisə kimi tarixə düşdü. YAP-ın yaranma zərurəti həm də ağır vəziyyətdə yaşayan xalqın sosial sifarişi kimi şərəfli tariximizə yazıldı.

Azərbaycanın müqəddəratında önəmli rol oynayan siyasi təşkilat

YAP-ın yarandığı dövr ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlara (BMT və s.) üzv qəbul edilməsi, Azərbaycanın müstəqil dövlət kimi tanınması prosesi ilə üst-üstə düşürdü. 1992-ci ilin noyabr ayının 21-də Azərbaycanın ayrılmaz guşəsi olan Naxçıvanda partiyanın tarixi təsis konfransı keçirildi. Amma digər fakt ondan ibarətdir ki, hələ təsis konfransına altı ay qalmış - gələcəkdə Azərbaycanın müqəddəratında önəmli rol oynayacaq siyasi təşkilatın yaranması istiqamətində ciddi hazırlıq işləri aparılırdı. Azərbaycan xalqının tanınmış ziyalıları, siyasi-ictimai xadimləri o zamanlar Naxçıvanın Ali Sovetinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevə Azərbaycanda gedən ictimai-siyasi proseslərdən kənarda qalmamaq üçün davamlı müraciətlər edirdi. Həmçinin, Azərbaycanın çətin vəziyyətində xalqa köməyinin lazım və Onun siyasətə qarışmasının mütləq zəruri olduğunu əsaslandıraraq, Naxçıvana üz tutanların sayı günü-gündən artırdı. Bu baxımdan, onu da vurğulamaq mümkündür ki, Yeni Azərbaycan Partiyasının yaranması hələ, 1992-ci ilin ilk aylarından başlamışdı. Yəni YAP təsis edilən günədək bu istiqamətdə ardıcıl, müvafiq və təməlli işlər görülürdü. Bütün bu önəmli hadisələr Azərbaycan dövlətinin tarix salnaməsinə qızıl hərflərlə yazılmış müqəddəs amalın-dövlətçiliyin tərəqqisi istiqamətində atılan nəhəng addımların ilk qədəmləri idi...

Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrildi

Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilib və həqiqətən də, Yeni Azərbaycan Partiyasının yaranması yenicə müstəqillik qazanmış Azərbaycanın həyatında tarixi ictimai-siyasi prosesə çevrildi. Belə ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanda mövcud olan digər sistemlərlə yanaşı, siyasi sistem də yenidən təşəkkül tapmağa başladı və bu siyasi təşkilat Azərbaycana yeni nəfəs, yeni baxış, eləcə də, dövlətimizin siyasi fəaliyyət tarixinə siyasi mübarizə aparmanın sivil ənənələrini, normalarını gətirdi. Maraqlı məqamlardan biri də o idi ki, Ümummilli Lider Heydər Əliyev heç bir zaman insanları, vətəndaşları o zamankı yarıtmaz iqtidara qarşı dağıdıcılıq ruhunda çıxmağa çağırmırdı. O öz müdrikliyi hər bir vətəndaşı mövcud hakimiyyət ətrafında birləşməyə və problemlərin öhdəsindən birgə gəlməyə səsləyirdi. Ulu Öndər, eyni zamanda, o dövrkü iqtidarın çatışmayan cəhətlərini, nöqsanlarını konstruktiv şəkildə tənqid edirdi, düzgün yolu göstərirdi, milli birliyin yaradılması və vətəndaş qarşıdurmasından qaçmanın yollarından, daxili siyasətin qurulmasından, insanların potensialından dövlət quruculuğunda istifadənin metodlarından, Dağlıq Qarabağ probleminin həlli vasitələrindən, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən bəhs edirdi.

Azərbaycan xalqının inandığı və etibar etdiyi partiya

Bu gün YAP Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının güclü və davamlı dəstəyinə malik olan möhtəşəm siyasi təşkilatdır. Azərbaycan xalqının böyük əksəriyyətinin YAP-a böyük dəstək verməsi bu siyasi təşkilatın davamlı qələbəsini təmin edir. Yəni YAP-ın möhtəşəm, ardıcıl, uğurlu qələbələrinin davamiyyətinin əsasında ümummilli dəstək, ümumxalq etimad əks olunur.

Ümummilli Lider Heydər Əliyev 1992-ci ildə "Səs" qəzeti vasitəsilə ziyalıların müraciətinə verdiyi cavabında müstəqil Azərbaycan dövlətinin siyasətinin 5 əsas prinsipini açıqlamışdı. Azərbaycan dövlətini qurmaq, daxili və xarici siyasəti formalaşdırmaq və xalqın etimadını qazanmaq üçün həyata keçirilməsi vacib olan prinsiplərdən biri də Azərbaycan gəncliyini sağlam, vətənpərvər, intellektual və kreativ yetişməsini təmin etmək, onların potensialını reallaşdıraraq, dövlətimizin inkişafına yönləndirməkdən ibarət idi. Bu gün əminliklə deyə bilərik ki, uğurlu gənclər siyasəti hələ Ulu Öndər Heydər Əliyevin partiya quruculuğu dövründə daim diqqət mərkəzində olub. O, hər zaman vurğulayırdı: "Bir dövlətin gənci öz ölkəsinin, millətinin gələcəyinə inanmırsa, onun gələcəyi uğrunda mübarizəyə qoşulmursa, proseslərə biganə yanaşırsa, proseslərin ağırlığını öz çiyinlərinə götürmürsə, o zaman, o millətin, dövlətin gələcəyi olmaz".

Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev həm dövlət quruculuğunda, həm də partiya quruculuğunda möhtəşəm uğurlara imza atmaqdadır. Bütün məqamlarda Azərbaycan xalqı əmindir ki, ölkənin inkişaf tendensiyası, onun davamlı uğurları bundan sonra da yüksək tribunalardan, beynəlxalq nüfuzlu siyasi dairələrdən alqışlanacaq. Çünki Yeni Azərbaycan Partiyasının təməli möhkəm və sarsılmazdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər