PDF Oxu

Siyasət

  • 35

Sammitdə Dağlıq Qarabağ həqiqətləri

Sammitdə Dağlıq Qarabağ həqiqətləri

Ölkə başçısı saamitdə Dağlıq Qarabağ problemini qabartdı

Hər bir müstəqil dövlət özünəməxsus, milli maraqlarına uyğun xarici siyasət yeridir və bu siyasəti yeridərkən mütləq milli maraqlar ön plana çəkilir. Bir dövlətin milli maraqlarına onun ərazi bütövlüyü, suverenliyi, xalqın mənafeyi və milli təhlükəsizlik kimi məsələlər daxildir. Bu baxımdan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin dünyaya inteqrasiyasının və ümumi inkişafının şərtlərini müəyyənləşdirəcək əsas faktor kimi çıxış edir.

Məhz bu səbəbdən rəsmi Bakı bütün səylərini bu problemin danışıqlar yolu ilə həllinə yönəldib. Bununla yanaşı, Azərbaycan gələcəkdə qarşısına çıxa biləcək bütün ehtimalları nəzərə alaraq, digər sahələrin də inkişafı, o cümlədən, ölkənin hərbi qüdrətinin artırılması istiqamətində ciddi işlər görür. Son 11 ildə Azərbaycanın hərbi büdcəsinin təxminən 15 dəfədən çox artırılması bunu sübuta yetirir. Hazırda orduya ayrılan vəsait büdcə xərcləri içərisində birinci yerdədir və 2015-ci ilin dövlət büdcəsi xərclər strukturunda hərbi xərclərə 1 778,5 milyon manat (artım 8,6 faiz) yönəldilibdir. Əlbəttə ki, görülən işlər öz məntiqi nəticəsini verir və bu gün Azərbaycan Ordusu regionun ən güclü və ən yaxşı təchiz olunmuş ordusudur. Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək qüdrətinə və imkanına malikdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan Ordusu tam üstünlüyü əldə edib: "Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir".

"Dünyanın bir nömrəli beynəlxalq təşkilatı tərəfindən qəbul edilmiş qərarlara Ermənistan tərəfindən əməl olunmaması çox ciddi məsələdir"

Bu faktı da xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın xarici siyasətinin ana xətti ondan ibarətdir ki, ölkəmizin üzləşdiyi çətinliklər hərbi siyasətin intensivliyi və hücumçu diplomatiya vasitəsilə aradan qaldırılsın. Məhz Türkiyənin Antalya şəhərində keçirilən "Böyük 20"lərin zirvə toplantısında Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunan Prezident İlham Əliyev Dağlıq Qarabağ problemini qabartdı. Dövlət başçısı Azərbaycanın terrorizmdən əziyyət çəkən ölkələrdən biri kimi Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində ölkəmizdə iki mindən çox Azərbaycan vətəndaşının həlak olduğunu bildirib.

Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakələtlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur. Prezident İlham Əliyev qeyd edib ki, dünyanın bir nömrəli beynəlxalq təşkilatı tərəfindən qəbul edilmiş qərarlara Ermənistan tərəfindən əməl olunmaması çox ciddi məsələdir. Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.

Göründüyü kimi, Azərbaycanın ölçülüb-biçilmiş və milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursu regionda digər ölkələr üçün nümunədir. Təbii ki, 21-22 il ərzində nail olduğu uğurlu siyasət düzgün siyasi kursun nəticəsidir. Balanslı siyasət aparan ölkə rəhbərliyimiz hər sahədə olduğu kimi, bu sahədəki siyasəti ilə də onu nümayiş etdirir ki, xalqın mənafeyi hər zaman nəzərə alınır. Bu gün Azərbaycanın istər daxili olsun, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Ölkəmizin xarici siyasətdə götürdüyü prioritetlər də məhz xalqımızın milli mənafeyinə xidmət edir. Təbii ki, bunlar Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir. Bu danılmaz bir faktdır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənabları bildirmişdir ki, bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, bunun əsasında həll olunmalıdır: "Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil".

Təbii ki, çıxış yolu isə birdir - Azərbaycan torpaqlarını öz xoşluqları ilə boşaltmaq. Əks-təqdirdə Azərbaycan özü bunu etməyə məcbur olacaq. İnanırıq ölkəmizin, dövlət rəhbərliyimizin seçdiyi xarici siyasət kursu Qarabağın erməni işğalından azad olunmasına gətirib çıxaracaq.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər