PDF Oxu

Siyasət

  • 80

Mütərəqqi Azərbaycan gəncliyi Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinin təminatçısıdır

Mütərəqqi Azərbaycan gəncliyi Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinin təminatçısıdır

Artıq kifayət qədər bəllidir ki, Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə ən böyük nüfuza sahib olan partiyalardan biridir. Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu YAP xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, YAP Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Söz yox ki, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Belə ki, həyat da çoxdan sübuta yetirib ki, Heydər Əliyev dühasının zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. YAP bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib və etməkdədir. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb. Son 11 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir güşəsindən görünür. Bu həqiqətin əsasını Cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Əbəs yerə deyil ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi siyasi təşkilatın sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilatdır. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

Seçkilərdən-seçkilərə yeni qələbələrə doğru!

Kifayət qədər sübuta yetirilib ki, YAP-ın böyük seçki təcrübəsi var. Heç də təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr təşkilatımızın cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir. Məlum olduğu kimi, noyabrın 1-də keçirilən parlament seçkilərində YAP-ın namizədləri növbəti dəfə böyük üstünlük qazandılar. Bu, bir daha sübut etdi ki, partiyamız seçkilərdən-seçkilərə yalnız qələbələrə, zəfərlərə doğru inamla addımlamaqdadır. Ölkəmizin ali qanunverucu orqanında partiya təmsilçilərimizin üstünlük təşkil etməsi isə Azərbaycanın mütərəqqi inkişafında öz sözünü deyəcəkdir.

Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu. Hörmətli Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur. Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, parlament seçkilərində YAP-ın namizədlərinin böyük üstünlüklə qələbə qazanmasının əsasında bu amillər dayanır.

YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib

YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu Öndərin rəhbərlik etdiyi və Onun ideyalarına sadiq qalan YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Heydər Əliyev ideyalarına söykənən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Ulu Öndərimiz gənclərin cəmiyyətin fəal və aparıcı qüvvəsinə çevrilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə aktiv cəlb olunması yönündə əməli addımlar atdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan verdi. Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm sosial-maddi problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi. Zaman keçdikcə, YAP-ın gənclərə olan diqqət və qayğısı artdı, gənc nəslə yönələn fəaliyyəti genişləndi. 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması isə partiyanın tarixinə əlamətdar hadisə kimi daxil oldu. Bununla Azərbaycan gənclərinin məşğuliyyət və problemləri partiyanın birbaşa diqqət mərkəzinə çevrildi.

Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Təsadüfi deyil ki, məhz həmin vaxt Ulu Öndərin Sərəncamı ilə 2 fevral tarixi Gənclər Günü kimi Azərbaycan tarixinə düşdü.

Bu gün Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır, habelə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir.

Bu gün YAP-ın Gənclər Birliyi uğurlu fəaliyyət göstərir ki, birlik öz fəaliyyəti ilə istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. 2007-ci ildən başlayaraq həyata keçirilən "Yay məktəbləri" layihəsi çərçivəsində təşkil olunan seminar-konfranslar layihədə iştirak edən yüzlərlə gəncin bilik səviyyəsinin yüksəldilməsinə, liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur.

Bütün bunların fonunda gənclər birliklərinin hesabat-seçki konfranslarının keçirilməsi gənclərin fəaliyyətinin təhlil edilməsi baxımından əhəmiyyətlidir. Bu gün gənclər layiqli vətəndaşlar kimi yetişirlər və bu da gələcəyə nikbinliklə baxmağa tam əsas verir.

Ötən dövrdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və gənclər birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, o cümlədən, regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial-rifahı halının daha da yaxşılaşdırılması, xarici siyasət sahəsində reallaşan tədbirlər və qazanılmış uğurların xalqa çatdırılması məqsədi ilə bir sıra tədbirlər keçirilib. Rayon təşkilatına əhali tərəfindən edilmiş müraciətlərin əksəriyyətində ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasət dəstəklənib və ölkədə aparılan böyük quruculuq işləri bəyənilib. Son illərdə Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq Bakı şəhəri və eləcə də respublikamizin regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Səbail rayonunda da yüksək səviyyədə gözə çarpmaqdadır. Rayonumuzun xüsusilə iqtisadi vəziyyətinin təhlili məhsul istehsalının həcminin artdığını, xidmət sahələrinin fəaliyyətinin genişləndiyini, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əmək haqlarının yüksəldiyini göstərir. Rayonumuzda tikinti-quraşdırma işlərinə qoyulan böyük investitsiyalar hesabına bir sıra yeni sosial-inzibati binalar, ticarət mərkəzləri, küçə və prospektləri birləşdirən körpu, tunel və ötürücü yol qovşaqları, yeraltı və yerüstü keçidlər inşa olunub. Bir sözlə, bütün sahələr üzrə işlər uğurla davam etdirilir. Bütün bunlar isə bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, YAP bütün dövrlərin avanqard siyasi təşikilatı olaraq, xalqımızn, dövlətimizin inkişaf və tərəqqisində öz töhfələrini verməkdə davam edəcək.

RƏŞAD FƏRƏCOV,

YAP Səbail rayon təşkilatının gənclər birliyinin sədri

Digər xəbərlər