TƏRS BAXIŞ
Mirmahmud Mirəlioğlu Əli Kərimlidən qisas almaqda davam edir
Bu günlərdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun vaxtilə özünə ən yaxın hesab etdiyi müavinlərindən birini və "silahdaşım" adlandırdığı şəxsi - Oqtay Gülalıyevi postundan uzaqlaşdırması növbəti amilləri üzə çıxarmağa başladıb. Belə ki, buna səbəb onun müavininin bilavasitə AXCP sədri Əli Kərimlinin təlimatları ilə idarə olunan "Milli Şura"da fəaliyyətini davam etdirməsidir. Daha dəqiq desək, KXCP sədrinin müavininin tutduğu vəzifədən uzaqlaşdırılmasında birbaşa Əli Kərimli faktorunun olmasıdır.
Mirmahmid Mirəlioğlu Oqtay Gülalıyevin KXCP-də Əli Kərimlinin casusu rolunda çıxış edə biləcəyindən ehtiyatlanıb
Gülalıyevin müavinlikdən qovulması qərarı KXCP-nin Ali Məclisinin toplantısında verilib. Partiyadakı mənbələr də bizimlə söhbətlərində bildiriblər ki, KXCP sədri Mirmahmud Mirəlioğlunun dəfələrlə etdiyi xəbərdarlıqlarına baxmayaraq, onun müavini "Milli Şura" sıralarından çıxmayacağını bildirib.
Baş verənlər həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, "Milli Şura" rəhbərliyi ilə KXCP sədri arasındakı uzunmüddətli qarşıdurmalar sözügedən olayla başa çatıb. Yəni Oqtay Gülalıyevin "Milli Şura"nı idarə edən Əli Kərilmi-Cəmil Həsənli cütlüyünün adamına çevrildiyini görən Mirmahmid Mirəlioğlu sonradan onun KXCP-də casus rolundan çıxış edə biləcəyindən ehtiyatlanıb. KXCP-də isə buna bənzər hadisələr dəfələrlə baş verib. Bu baxımdan, Mirəlioğlu sözügedən addımı ataraq, Oqtay Gülalıyevin onun "silahının hədəfində" olduğunu nümayiş etdirib. Hətta belə demək mümkündürsə, bu gün müavinlikdən qovulan, yəni "vurulan" Gülalıyev yaxın günlərdə partiyanın Ali Məclis üzvlüyündən də çıxarıla bilər.
Sabiq müavin ona veriləcək təlimatları gözləyir
Düzdür, hələlik müavinlikdən çıxarılması ilə bağlı səsli-küylü açıqlamalar verməyən KXCP üzvü, böyük ehtimalla xəyanət etmək istəmədiyi Əli Kərilmidən təlimatlar gözləməkdədir. Həmin təlimatlar verildikdən sonra isə, partiyada çaxnaşmaların baş qaldıracağını gözləmək olar. Ancaq Mirmahmud Mirəlioğlunun da boş dayanmadığını demək olar. Çünki KXCP 2013-cü ildə "Milli Şura"da təmsil olunduğu vaxtlardan başlayaraq, o özünə və partiyasına qarşı AXCP sədri Əli Kərimlinin vaxtaşırı hücumlarının qarşısını alıb. İndi isə "Milli Şura"da olmamasına rəğmən, yenidən ona və təşkilatına qarşı başladılan hücumlara qarşı öz planlarını cızıb. Oqtay Gülalıyevin müavinlikdən çıxarılması da məhz həmin planların tərkib hissəsindən biridir.
Rövşən RƏSULOV