"Ümumiyyətlə Ermənistan tərəfi daimi olaraq "Xocalı aeroportu"nun istifadəyə verilməsi ilə bağlı məsələni gündəmdə saxlayırlar". Bunu SİA-ya Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Elman Məmmədov deyib.Onun sözlərinə görə, ermənilər tərəfindən növbəti dəfə sərsəm versiyalar irəli sürülür: "Həm Ermənistan rəhbərliyi, həm də Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı, cinayətkar, qondarma qurumun rəhbərliyi tərəfindən təklif irəli sürülür ki, guya Suriyada həyata keçirilən əməliyyatlarda Rusiya hərbi hava qüvvələri "Xocalı aeroportu"ndan istifadə edə bilər və buna görə də o aeroport işə düşməlidir və s. Bu, sadəcə olaraq onların növbəti sərsəm xülyalarıdır. Hətta Rusiya da ondan istifadə etmək istəsə, Azərbaycanın razılığı lazımdır. Çünki ərazi Azərbaycan ərazisidir və sözügedən hava limanı da ölkəmizin ərazisində yerləşir. Azərbaycan birmənalı olaraq bu məsələ ilə bağlı mövqeyini ortaya qoyub. Belə ki, oradan istifadə üçün ölkəmizin rəsmi icazəsi olmalıdır".
sia.az