Sabunçu rayonunda YAP-ın yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib
Dünən YAP Sabunçu rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Qərargahın akt zalında keçirilən tədbirdə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan YAP 23-cü ildönümünü qeyd edir: "Lakin tarixə nəzər salarkən, bu 23 ilin heç də asan keçmədiyini müşahidə etmiş oluruq. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bununla da Azərbaycan inkişaf yoluna qədəm qoydu. Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda partiyamızın da özünəməxsus rolu və payı var. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib".
A.Vəliyev partiyanın gəncliyin inkişafı üçün uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdıraraq YAP-ın sıralarında gənclərin kifayət qədər yüksək təmsil olunduqlarını vurğulayıb. Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını və bu siysətin YAP Sədri, ölkə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva partiyanın yaranma tarixi və Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə danışıb. M.Abasquliyeva vurğulayıb ki, YAP-ın yaranmasından 23 il ötsə də, bu müddət ərzində partiyamız çox zəngin yol keçib. Rayon təşkilatının sədri ötən 23 il ərzində ölkəmizdə baş verən yüksəliş və yeniləşmədə, uğurlu layihələrin həyata keçirilməsində aparıcı, vahid, qüdrətli, mütəşəkkil siyasi qüvvə kimi iştirak etdiyini, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yeganə iqtidar partiyası olduğunu əməli və səmərəli fəaliyyəti ilə sübuta yetirdiyini bildirib: "Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin yorulmaz və məqsədyönümlü fəaliyyəti sayəsində son 11 ildə partiyanın ölkənin ictimai-siyasi həyatında nüfuzu daha da artmış, cəmiyyət içərisində onun rolu yüksəlmiş, avanqard dəstəyə çevrilmişdir. Yeni Azərbaycan Partiyasının avanqard dəstələrindən olan YAP Sabunçu rayon təşkilatı da partiyanın məqsəd və maraqlarını əldə rəhbər tutaraq partiyanın daha da çiçəklənməsi naminə məqədyönlü işlər görmüşdür. Hazırda YAP Sabunçu rayon təşkilatının 94474 partiya üzvlərindən 5177 nəfəri qadınlar, 3569 nəfərini gənclər təşkil edir. Partiyaya qəbul olunanların keyfiyyət tərkibinə diqqət artırılmış, son dövrlərdə qəbul olunan yeni üzvlər arasında gənclər və qadınlar çoxluq təşkil edir. Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı yarandığı dövrdən bəri keçirilən bütün seçkilərdə yüksək fəallıq nümayiş etdirirlər. Xüsusilə vurğulamaq istərdim ki, ölkə Prezidenti İlham Əliyev təkcə 2015-ci ildə 6 dəfə rayonumuzda olub. Dövlət başçımızın misilsiz və tükənməz qayğısı sayəsində qısa müddətdə rayonumuzda onilliklərə bərabər görülən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri görülmüşdür.
Tədbirdə digər çıxış edənlər partiyanın 23 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı, partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə nail olunduğunu bildirdilər.
Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri, YAP-ın yaranmasının 23 illiyi münasibəti ilə bir qrup YAP Sabunçu rayon təşkilatı fəalına isə xatirə hədiyyəsi və fərmanlar təqdim olunub.
R.HÜSEYNOVA