PDF Oxu

Siyasət

  • 43

"Yeni Azərbaycan Partiyası-23"

"Yeni Azərbaycan Partiyası-23"

Bu mövzuda Azərbaycan Universiteti və "SƏS" Media Qrupunun birgə təşkilatçılığı ilə tədbir keçirilib

Dünən Azərbaycan Universiteti və "SƏS" Media Qrupunun birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev və universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu özündə əks etdirən qısametrajlı filmin nümayişi ilə davam etdirilib.

Çıxış edən Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibətilə partiyanın yaranmasında rolu olan, o cümlədən Azərbaycan xalqını təbrik edib. F.Əhmədov qeyd edib ki, ötən əsrin 90-cı illərində Azərbaycan dövləti yenidən dağılmaq təhlükəsi ilə üz-üzə idi: " Belə bir ağır dövrdə 1992-ci ilin oktyabrında xalqımızın 91 nəfər oğul və qızları Azərbaycanın son ümid yeri olan Dahi Şəxsiyyət Heydər Əliyevə müraciət edərək, ölkəmizi fəlakətlərdən qurtara biləcək bir siyasi qüvvəyə ehtiyac olduğunu bildirmişdilər. Hər zaman xalqının ağır günlərində onların yanında olan Ulu Öndər oğul və qızlarımızın səsinə səs verərək xalqın çağırışna cavab verdi və beləliklə, Azərbaycan tarixinin yeni mərhələsi başladı. Atılan təməlli siyasət addımilə Azərbaycanın müasir inkişaf strategiyasının əsası təşkil olundu. Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət Azərbaycanın günü-gündən güclənməsinə, xalqın rifah halının yaxşılaşdırılmasına zəmin yaradır".

Fərid Əhmədov, həmçinin, onu da vurğulayıb ki, Azərbaycan gəncliyi öz potensialilə Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşərək, əldə edilən nailiyyətlərə öz töfhəsini verir: "Əbəs yerə deyil ki, ictimai rəydə uğur formulu kimi müəyyənləşdirilmiş hakim partiyanın müasir idarəetmə prinsiplərində gənclərə xüsusi yer verilir. Əlbəttə ki, gənclərimiz də öz bilik və bacarıqlarilə onlara göstərilən bu etimadı kifayət qədər doğruldurlar".

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov öz çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixini təhlil edərək bir sıra aspektlərə toxunaraq, bildirib ki, 550 nəfərlə təsis konfransı keçirən Yeni Azərbaycan Partiyası bu gün 650 mindən çox insanı öz ətrafında birləşdirir: "Bu uğurların əsasında Dahi Lider Heydər Əliyev zəkası, Heydər Əliyev fenomeni dayanır. Ulu Öndərin siyasətinin əsas amalı xalq, dövlətçilik amili üzərində qurulduğuna görə həmin siyasətin partiya xətti ilə davam etdirilməsi ilə də öz müsbət nəticələrini verməkdədir. Bu siyasətin müsbət nəticələri olaraq bu gün Azərbaycan dünyaya yeni bir tərəqqi modeli təqdim edir. Müsair dünya inkişafına modernləşdirilmiş impulslar verən bu model artıq Azərbaycanın inkişafı faktoru kimi qəbul edilməkdədir".

Asif Əsgərov onu da bildirib ki, Yeni Azərbaycan Partiyasının zəfər yürüşlərindən biri də təşkilatın bütün seçkilərdən qalib çıxmasıdır: "Ötən 23 ildə YAP ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanaraq, xalqın partiyası olduğunu sübut edib. Çünki xalq hakim partiyaya etmad göstərir. Partiya da, öz növbəsində bu etimadı hər zaman doğruldur. Bütün bunlar ölkədə xalq-iqtidar birliyinin təşəkkül tapması fonunda sübuta yetirilməkdədir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin istiqamətləndirdiyi məqsədyönlü siyasət Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılmasına, şaxələndirilməsinə təkan verir. Azərbaycan iqtisadiyyatının, o cümlədən də digər sahələrin inkişafı nəticəsində ölkəmiz dünyanın mərkəzinə çevrilib. Keçirilən beynəlxalq miqyaslı forumlardan, idman və mədəniyyət sferasını əhatə edən tədbirlərdən sonra ölkəmizə təşrif buyurmuş xarici qonaqların dilindən xoş sözlər hər birimizdə qürur, fərəh hissi oyadır. Azərbaycan xalqı öz Prezidenti ilə fəxr edir və hakim partiyanın apardığı siyasi xətti dəstəkləyir".

Daha sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu gənc yaşlarından Yeni Azərbaycan Partiyasınn üzvü olduğunu qeyd edərək bildirib ki, bu illər ərzində partiya onu yetişdirərək, öz namizədi kimi xalqa təqdim etdi: "Bu gün sizlərin qarşısında artıq fərqli bir statsusda çıxış edirəm. Bu isə Yeni Azərbaycan Partiyasının sosial ədalətindən, siyasi varisliyindən irəli gəlir. Sizlərdən hər biriniz gələcəyin millət vəkilləri, gələcəyin nazirlərisiniz, ölkənin sahiblərisiniz. Bunun üçün də siz, ilk növbədə yaxşı biliyə, təhsilə yiyələnməlisiniz. 1990-cı illərin əvvələrində Azərbaycan böyük sosial-siyasi kataklizmlərlə üzləşmişdi. Azərbaycanda təkcə siyasi sictem, iqtisadi sistem çökməmişdi, paralel olaraq Azərbaycanda dəyərlər çökmüşdü. Bu dəyərlərin başında isə siyasi və ideoloji dəyərlər gəlirdi. Məhz belə bir boşluq, belə bir ictimai-siyasi vakkum içərisindən Yeni Azərbaycan Partiyası xalqımızın içərisindən doğaraq yarandı və Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olmağı bacardı. YAP-dan danışarkən, buna ilk növbədə, cəmiyyətə yeni dəyərlər və yeni sistemlər təqdim edən bir siyasi təşkilatlanma kimi baxmalıyıq. Çünki hər bir cəmiyyəti irəli götürəcək amil siyasəti əxlaqdır, siyasi mədəniyyətdir, siyasi birlikdir və sair. Jan-Jak Russo mədəniyyətdən danışanda milli mədəniyyət anlayışına etiraz edir. O deyir ki, mədəniyyət siyasətdir. Siyasətin tarixi xalqın tarixi qədər qədimdir. Siyasət öncədən məqsədyönlü şəkildə hansısa məqsədə çatmaq üçün müəyyənləşdirilmiş fəaliyyət növüdür. Əgər Russonun məntiqi ilə yanaşsaq görərik ki, doğrudan da, siyasət insan tarixi ilə bərabər inkişaf edib bu vəziyyətə çatıb. Belə olan halda siyasət və siyasi dəyərlər, ideologiya və ideoloji dəyərlər çökəndə, cəmiyyətdə daxili mikrostruktur dağılır. Xalqın siyasi təşkilatlanması üçün ideoloji əsas olmadığı üçün xalq parçalanır. Bu mərhələdə Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə ideoloji boşluğu doldurdu, təşkilatlanmanı təmin etdi. Yeni Azərbaycan Partiyası yaranmasaydı, xalqımız siyasi baxımından təşkilatlanmasaydı, dövlətimiz olmayacaqdı".

Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının siyasi tarixə yenilik gətirdiyini qeyd edərək bildirib: "Bu vaxta qədər elə bir siyasi partiya yoxdur ki, yarandığı zamandan cəmi altı ay sonra siyasi hakimiyyətə gələ bilsin, onu uzun müddət qoruyub saxlaya bilsin. Bunun üçün biz Ulu Öndərə borcluyuq. Ulu Öndər partiya haqqında söyləmişdi ki, "Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının tarixinə, mənəviyyatına və qlobal dəyərlərə söykənən bir partiyadır". Əslində, bu formula azərbaycançılıq ideologiyasının kökündə durur. Bu formula müasir Azərbaycanın, gəncliyimizin inkişaf formulası, ideoloji formulası olmalıdır. Biz fəxrlə bu gün partiyamızın yaranmasının 23 illiyini qeyd edirik. Bu ümummilli bayram münasibətilə hər birinizi təbrik edirəm".

YAP Gənclər Birliyinin sədri, YAP Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasəti ilə xalqın partiyası imicini qazanan Yeni Azərbaycan Partiyası özündə böyük bir mənanı, nəhəngliyi birləşdirir: "Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından, hətta varlığı belə şübhə altında qalan, bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqa Lider lazım idi. Məhz belə bir zamanda xalqın üzünü Ulu Öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. 1991-1992-ci illərdəki siyasi-ictimai proseslərdə yer alan AXC-Müsavat cütlüyü YAP-ın yaranmasına əngəllər törətsə də, onlara qarşı qətiyyət nümayiş etdirilərək YAP-ın Naxçıvanda təsis konfransı keçirildi. Beləliklə, Azərbaycanın uğurlu gələcəyi artıq heç kimdə şübhə doğurmadı. Hər bir siyasi qurumun fəaliyyətini qiymətləndirmək üçün o təşkilatın həyata keçirdiyi işlərə nəzər yetirmək kifayət edər. Bu gün sıralarında 650 mindən çox insanı birləşdirən YAP hətta müxalifətdə olduğu dönəmdə belə əsl demokratik mübarizənin nə olduğunu hər kəsə göstərmiş oldu. Yəni YAP sübut etdi ki, boş-boş şüarlar səsləndirməklə siyasi məqsədlərə nail olmaq mümkün deyil. Sivil və dağıdıcılıq prinsipindən uzaq müxalifətçilik edən YAP qısa zaman kəsiyində iqtidar partiyasına çevrildi. Bu da, ilk növbədə radikalizmin demokratiya qarşısında aciz olduğunu göstərən əsas meyarlardan biri kimi qiymətləndirilməlidir".

Seymur Orucov onu da qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası 23-cü ildönümünü böyük qürur hissi ilə qeyd edir: "Bunu partiyanın şəhər və rayon təşkilatlarında böyük əhval-ruhiyyə ilə keçirilən tədbirlər, partiya üzvlərinin yüksək fəallığı, ən əsası keçilən yolun böyük fəxr hissi ilə təhlil olunaraq, perspektivlər barədə düşüncələrin bölüşməsi də təsdiqləyir".

Son olaraq çıxış edən "SƏS" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev qeyd edib ki, yarandığı dövrdən başlayaraq, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur: "Sirr deyil ki, YAP Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Belə ki, partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Bu gün ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP, həmçinin, geniş beynəlxalq əlaqələrə malikdir. Azərbaycan gənclərinin partiya sıralarına axını isə bu siyasi təşkilatın perspektivdə daha böyük nailiyyətlər qazanacağına əminliyi artırır".

YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsaslarının mövcud olduğunu da vurğulayan Bəhruz Quliyev eyni zamanda bildirib ki, məhz bu yanaşmanın doğruluğunu isbat edən başlıca göstəricilər qismində partiyanın müxtəlif zaman kəsimlərində keçirdiyi qurultayların nəticələri və bütün ümummilli seçkilərdə əldə etdiyi parlaq qələbələrdir: "YAP-ın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu da seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. Ümumiyyətlə, indiki zamanımıza qədər keçirilən bütün seçkilər buna sübutdur". Media Qrupunun rəhbəri daha bir amilə də toxunaraq bildirib ki, ötən dövrdə YAP sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış edib: "Xatırlatmaq yerinə düşərdi ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin-referendumun keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul etdi. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi".

Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət barədə də fikirlərini bildirərək deyib ki, Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda, ölkə ictimaiyyətində dövlət başçımıza olan yüksək rəğbətin heç də təsadüfi olmadığı bir daha aydın görünür: "Prezident İlham Əliyevin Liderliyi dövründə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Təxminən, son on il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu Öndər Heydər Əliyevin yoludur. Ümummilli Liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu Öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı Ümummilli Liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan Cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin Liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Cənab İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Beləliklə, bütün bu sadalananlar onu göstərir ki, Yeni Azərbaycan Partiyası dünya miqyaslı siyasətçi, xarizmatik Lider İlham Əliyevin timsalında və xalqın ali iradəsinin əsasında növbəti möhtəşəm qələbələrə doğru irəliləyir".

Tədbir mövzu ətrafında maraqlı diskussiyalarla başa çatıb.

İntizarə Məmmədova

Digər xəbərlər