Prezident Cənab İlham Əliyev bütün sahələrdə daha böyük uğurların qazanılmasını təmin etməklə bağlı verdiyi hər bir vədini əməli işi ilə doğruldur
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi yolla addımlayan müstəqil Azərbaycanımız davamlı inkişaf yolu ilə inamla irəliləməkdədir. Belə ki, ölkəmizin iqtisadi imkanlarının artması qlobal layihələrin uğurlu həllinə yol açıb ki, bu da iqtisadi potensialımızın gələcəkdə daha böyük layihələrə imza atacağını şərtləndirir. Söz yox ki, respublikamızda əldə edilmiş bütün nailiyyətlərin təməlində Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə göstərdiyi xidmətlər dayanır. Son illər ərzində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, iqtisadiyyatın davamlı inkişafı təmin edilmişdir. Ölkəmizin uğurları beynəlxalq təşkilatlar, reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Xatırlatmaq yerinə deşərdi ki, xarici sorğu mərkəzlərinin apardıqları hesabatlarda da bu amil özünü kifayət qədər göstərir. Verilən hesabatlara əsasən dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutur və ardıcıl olaraq 6 ildir ki, MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır. Sözsüz ki, bu nailiyyətlərin əldə edilməsində, xüsusilə də ölkə regionlarının inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası da böyük əhəmiyyət kəsb etmişdir. Dövlət proqramları bölgələrin mövcud potensialından səmərəli istifadə etməklə regionların davamlı sosial-iqtisadi inkişafına müasir infrastruktur və sosial xidmətlərlə təminat səviyyəsinin yaxşılaşmasına səbəb olmuşdur.
Dövlət proqramlarının regionların inkişafında, ümumiyyətlə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində böyük rolu mövcuddur
Artıq regionlar Azərbaycanın güclü iqtisadi potensialının yaranmasında çox əhəmiyyətli rol oynayır. Regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində dövlət proqramlarının çox böyük rolunun olduğunu vurğulayan Prezident Cənab İlham Əliyev bölgələrin tərəqqisini, sahibkarlığa verilən dəstəyi, qeyri-neft sektorunun inkişafını, eləcə də ölkəmizin ixrac potensialının yaradılmasını son illərin səciyyəvi əlaməti kimi dəyərləndirmişdir. Dövlət proqramlarının regionların inkişafında, ümumiyyətlə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində böyük rolu olmuşdur.
Bu gün ölkəmizdə aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verib. Respublikamızda uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm tərkib hissələrindən biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişiklikliyinə təkan verən strateji sənəd olmuşdur. Mübaliğəsiz demək olar ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş, aparılmış möhtəşəm quruculuq və abadlıq işləri bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişilərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir. Son on bir ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Son illər ərzində iqtisadiyyat, qeyri-neft sektoru qoyulan investisiyalar, əhalinin gəlirləri ardıcıl qaydada artaraq, dünya indeksində mötəbər yerlərdən birini tutmuşdur. Həmçinin, son 11 ildə regionlarda 60 minə yaxın müəssisə fəaliyyətə başlamış və 1,5 milyondan çox yeni iş yeri yaradılmışdır ki, bunun da 950 mini daimidir. Qazanılan nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, müasir müəssisələrin açılmasına səbəb olmuşdur. Biz bu inkişaf amilində Prezident İlham Əliyevin regionlara səfərlərinin də əhəmiyyətini vurğulamalıyıq. İnfrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edən dövlət başçısı bu ənənənin davam etdiriləcəyini vurğulayıb.
Dövlət başçısı Cənab İlham Əliyevin on bir illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır. Regionların inkişafı ilə bağlı dövlət proqramlarının, fərman və sərəncamların icra vəziyyətini daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti mütəmadi surətdə bölgələrə səfərlər edərək görülən işlərlə əyani tanış olmuş, lazımi tapşırıq və tövsiyələrini vermişdir. Eyni zamanda, bu səfərlər zamanı müxtəlif təyinatlı obyektlərin istifadəyə verilməsi xoş ənənəyə çevrilmişdir.
Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir.
Əhəmiyyətli məqamlardan biri də Prezident İlham Əliyev Cənablarının ölkədə korrupsiya və rüşvətxorluğa qarşı apardığı qətiyyətli mübarizəsidir
Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan ölkə Prezidenti Cənab İlham Əliyev iqtisadi sahədə daha böyük uğurların qazanılmasını təmin etməklə bağlı verdiyi hər bir vədini əməli işi ilə doğruldur. Dövlət başçısının elmi təməl üzərində yürütdüyü sosial-iqtisadi siyasət vətəndaşlarda ölkədəki mövcud siyasi kursu inam və rəğbəti daha da artırır.
Bu arada daha bir əhəmiyyətli məqamlardan biri də Prezident İlham Əliyev Cənablarının ölkədə korrupsiya və rüşvətxorluğa qarşı apardığı qətiyyətli mübarizəsidir. Belə ki, aparılan güclü siyasətin nəticəsində təkcə son müddət ərzində onlarla neqativ amillər ifşa edilmiş, cinayətkar şəbəkələrin əməlləri üzə çıxmışdır. Bu isə bir daha belə deməyə əsas yaradır ki, Azərbaycanda heç kim qanunları poza bilməz. Yəni vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş bu dövlətin, bu ölkənin ali qanununa hörmət erməli, sui-istifadə hallarına yol verməməlidir.
Xüsusilə, dövlətin etibar etdiyi adamların vəzifələrindən istifadə edərək, səlahiyyətlərini aşmaları ilk növbədə dövlətçiliyimizə vurulan zərbə, qəsd addımı kimi qiymətləndirilməlidir. Xalqımızın canı-qanı bahasına əldə edilmiş dövlətçilik ənənəmizə qarşı neqativ əməllər törədənlər isə mütləq qanun qarşısında öz layiqli cavablarını alacaqlar. Cənab Prezidentimizin də vurğuladığı kimi, rüşvət, korrupsiya adlı bəlaların qarşısını almaqda bizlər dövlətimizin yanında olmalı, bu mübarizədə mütəşəkkilliklə iştirak etməliyik. Aparılan uğurlu, qətiyyətli dövlət siyasətinin də ali məqsədi məhz xalqının daha firavan yaşamasına hesablanır ki, bunun üçün mövcud olan xalq-dövlət vəhdətinin özünəməxsus yeri vardır. Bu gün xalq öz dövlətinin, Prezidentinin ətrafında sıx biləşib və belə də olacaq.
Bəzi Qərb siyasi dairələrinin müstəqil Azərbaycanda olan siyasi- iqtisadi maraqları reallaşmadıqca, onlar daha da azğınlaşaraq, qərəzli bəyanatlar yayır, guya biziə "demokratiya dərsi" keçməyə çalışırlar
Bu gün qeyd olunan fikirlərlə yanaşı, daha bir məsələ bizi istəməyən xarici qüvvələrin apardıqları uğursuz siyasətləridir. Bəzi Qərb siyasi dairələrinin müstəqil Azərbaycanda olan siyasi-iqtisadi maraqları reallaşmadıqca, onlar daha da azğınlaşaraq, qərəzli bəyanatlar yayır, guya bizə "demokratiya dərsi" keçməyə çalışırlar. Ancaq reallıq budur ki, onların özlərinin Azərbayca demokratiyasından çox şey öyrənməli olduqları məqamlar var. Bu gün Avropanın bəzi ölkələrinə baxdığımız zaman, onların liderlərinin apardıqları yanlış xarici siyasətlərinin fəsadlarını görməkdəyik. Terrorçuluq, qanlı hadisələr artıq həmin ölkələrə ayaq açaraq yeriməkdədir. Əlbəttə ki, bizim dövlətimiz də beynəlxalq terrorla mübarizədə ön sıralarda dayanır. Çünki bizim xalqımız artıq 27 ilə yaxındır ki, Ermənistanın işğalçılıq siyasəti ilə qarşı-qarşıya qalıb. Təəssüf ki, BMT-nin çıxardığı 4 qətnaməylə yanaşı, digər mötəbər qurumların da qəbul etdiyi qərarlara göz yumulur, əksinə, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı ikili standartlara yol verilir. Yaxşı olardı ki, "xristian klubu" ölkələri bu gerçəkliyi görsünlər və dərk etsinlər. Ermənistanın təcavbüzkar, separatçı və işğalçı siyasətini ifşa etsinlər. Əks halda, Azərbaycan dövləti də öz hüquqlarından istifadə etməklə, işğal altındakı ərazilərini erməni terrorçularından azad edəcək. Ölkə başçımızın da vurğuladığı kimi, bizim güclü ordumuz var və bu ordu Qarabağı hər an azad etməyə qadirdir. Azərbaycan dövlətinin gücü və qüdrəti bütün bu fikirlərin danılmaz isbatıdır.
NƏRİMAN ƏLİYEV,
millət vəkili