Balakən rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü qeyd olunub
Dünən Balakən rayon icra hakimiyyəti Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının birgə təşkilatçılığı ilə partiyanın yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə çıxış edən Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Yeni Azərbacan Partiyasının 23 illiyi ilə bağlı tədbir iştirakçılarını təbrik edib və partiyanın keçdiyi yola nəzər salaraq, partiyanın tarixi zərurətdən yarandığını bildirib: "Yeni Azərbaycan Partiyası böyük bir şəxsiyyətin - bütün həyatını Azərbaycan xalqına həsr etmiş çağdaş dövlətimizin banisi Ulu Öndərimiz Heydər Əliyevin ideyaları ilə yaranıb və yarandığı gündən çox böyük və şərəfli yol keçib".
İ.Rzayev onu da vurğulayıb ki, əslində, 1992-ci il noyabrın 21-də Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə belə bir siyasi təşkilatın yaradılması Azərbaycan xalqının sosial sifarişi, cəmiyyətin tələbi idi: "Həmin dövrdə partiyanın yaradılması çox mürəkkəb ictimai-siyasi dövrə təsadüf edirdi. Ölkəni bu vəziyyətdən çıxarmağa qadir olan təcrübəli siyasi xadimə, Ümümmilli Liderə ehtiyac var idi. Bunu nəzərə alan 91 nəfər ziyalı Ümummilli Lider Heydər Əliyevə müraciət ünvanladılar. Həmin müraciət 1992-ci ilin oktyabr ayının 16-da "Səs" qəzetində dərc etdirildi. Bu müraciət xalqın Heydər Əliyevə olan inamının ifadəsi idi. Bundan 8 gün sonra, oktyabrın 24-də Heydər Əliyevin ziyalılara müraciəti dərc olundu. Həmin müraciətdə ölkəni böhrandan xilas etməyin konsepsiyası birmənalı şəkildə öz əksini tapmışdır. Ulu Öndərimiz cavab müraciəti ilə müstəqil Azərbaycan dövlətinin gələcək taleyini müəyyənləşdirdi".
"Partiya yarandıqdan sonra qısa müddət müxalifətdə olub, sonra isə iqtidar partiyasına çevrildi" -deyən rayon rəhbəri vurğulayıb ki, hakimiyyətdə olduğu illərdə YAP xalqımız üçün çox taleyüklü məsələləri həll edib. İ.Rzayev, həmçinin "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının Balakən rayonunda da uğurla davam etdirildiyini bildirib.
Tədbirdə Balakən qəzetinin redaktoru Mürsəl Mikayılov, 1 saylı TPM direktoru Rəhim Tağıyev, YAP Balakən rayon gənclər birliyinin sədri Sarxan Hacıyev və başqaları çıxış edərək, ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlərin əldə olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rol oynadığını bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş partiya üzvlərinə vəsiqələr təqdim olunub.
R.HÜSEYNOVA